İordaniya, BƏƏ və Livandan olan jurnalistlər Mətbuat Şurasında olublar

13:39 - 28 İyun 2018 - MEDİA

Bu gün İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Livandan olan jurnalistlər – İordaniyanın Petra İnformasiya Agentliyinin redaktoru Xalid Əl Şaqul, BƏƏ-nin Dubay telekanalının müxbiri Sidqi Məhəmməd Abduləziz, Livanın “Sedar Nyus” İnformasiya portalının baş redaktoru Mişel Əl Zbaidi və portalın baş redaktor müavini  Aoun Laurent Yusef Azərbaycan Mətbuat Şurasında olublar. 

Mətbuat Şurasından Ucnoqta.az-a verilən məlumata görə, qonaqları salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyətinin xüsusiyyətlərindən, beynəlxalq əlaqələrindən söz açıb. O bildirib ki, son illər ərəb ölkələrindən Azərbaycana axın güclənib. Bu, Azərbaycanın turuzm potensialına olan maraqdan irəli gəlir. “Əlbəttə, bu bizim üçün önəmlidir və media da öz təbliğatı ilə turist səfərlərinin artmasına müstəsna töhfə verə bilər. Ancaq düşünürəm ki, daha önəmli cəhət Azərbaycan jurnalistlərinin ərəb dünyasının tanınmış media qurumlarının təmsilçiləri ilə sıx təmaslarının yaranması və inkişaf etdirilməsidir. Bu baxımdan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində gerçəkləşdirilən təşəbbüslər daha faydalıdır. İnanıram ki, görüləcək işlər Azərbaycan həqiqətlərinin ərəb dünyasında mütəşəkkil qaydada işıqlandırılmasına təkan verəcək”, - deyə Ə.Amaşov vurğulayıb.

Qeyd edək ki, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Livandan olan jurnalistlərin Azərbaycana səfəri İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının təşəbbüsü ilə gerçəkləşdirilir. Assosiasiyanın sədri Fazil Abbasov qonaqların ölkəmizə səfər proqramı barədə məlumat verib, keçirdikləri görüşlərin səmərəli məqamlarından söz açıb. 

Birgə əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə bildirilib ki, bunun üçün İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası kimi vacib platforma mövcuddur. Bu platforma çərçivəsində azərbaycanlı jurnalistlərin də Yaxın Şərq ölkələrinə səfərlərini təşkil etmək, onların bu məkandakı nüfuzlu media qurumlarının iş prinsipləri barədə yaxından tanışlığını reallaşdırmaq mümkündür. Görüşdə mövcud istiqamətdəki konkret məqamlar nəzərdən keçirilib. 


Xəbər xətti