Əqli mülkiyyət və müəlliflik hüquqlarının qorunmasına dövlət önəm verir

18:12 - 21 İyun 2018 - KİVDF

Qeyri-maddi mülkiyyətləri qorumaqla dövlət insan inkişafına və bununla da bütövlükdə cəmiyyətin inkişafına müvəffəq olur

Dövlətin önəm verdiyi hüquqlardan biri də əqli mülkiyyət hüququdur. Qeyri-maddi mülkiyyətləri qorumaqla dövlət insan inkişafına və bununla da bütövlükdə cəmiyyətin inkişafına müvəffəq olur. Bu səbəbdən də elmi-texniki tərəqqi əqli mülkiyyət hüquqlarının qorunmasına yeni yanaşma tələb edir. Bunu nəzərə alaraq, dövlət müstəqilliyi bərpa edildikdən sonra ölkəmizdə əqli mülkiyyət və müəlliflik hüquqlarının qorunması istiqamətində ardıcıl tədbirlər görülüb. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul edilmiş, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında vətəndaşların əqli mülkiyyət hüququ təsbit edilib. Azərbaycanda bu sahədə vahid dövlət siyasətini həyata keçirən Müəllif Hüquqları Agentliyi yaradılıb, ölkəmiz Dünya Əqli Mülkiyyət Təşkilatının üzvü seçilib, bir sıra konvensiyalar ratifikasiya edilib və mühüm qanunvericilik aktları qəbul olunub. Bu istiqamətdə atılan addımlardan biri də dövlət başçısının “Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesi ilə əlaqədar qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılması üzrə “Tədbirlər Planı”nın təsdiq edilməsi barədə” Sərəncamıdır.  Bu sərəncamın üstəsna əhəmiyyəti olub. Sənəddə bildirilir ki, Azərbaycan Respublikası iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi və dünya iqtisadiyyatına inteqrasiyası baxımından Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması mühüm əhəmiyyət kəsb edir.

Ümumdünya Ticarət Təşkilatının üzv dövlətləri ilə ikitərəfli və çoxtərəfli danışıqlara başlamış Azərbaycan Respublikası Ümumdünya Ticarət Təşkilatına üzvolma prosesinin ən əsas mərhələsinə daxil olub. “Tədbirlər Planı”nda nəzərdə tutulmuş qrafikə uyğun olaraq, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanuna ÜƏMT-nin “Müəlliflik hüququna dair” və “İfalara və fonoqramlara dair” müqavilələrinin (bu müqavilələr ÜƏMT-nin İnternet müqavilələri kimi tanınır), həmçinin Avropa İttifaqının müvafiq direktivlərinin tələbləri nəzərə alınmaqla müvafiq dəyişikliklər edilib.  Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 1583 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesi ilə əlaqədar qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılması üzrə Tədbirlər Planı»nın 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır «Malın mənşə ölkəsinin təyin edilməsi Qaydası» təsdiq edilib.«Malın mənşə ölkəsinin təyin edilməsi Qaydasının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 noyabr tarixli 202 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 11, maddə 823) qüvvədən düşmüş hesab edilib.

Yuxarıda qeyd olunan dəyişikliklər rəqəmsal hüquqların qorunması, İnternet şəbəkəsində mültimedia məhsullarının istifadəsi və idarə edilməsi ilə əlaqədar ortaya çıxan problemləri aradan qaldırıb. 

Bundan başqa, müəllif-hüquq qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə tam uyğunlaşdırılması məqsədi ilə “Azərbaycan Respublikası qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması üzrə Tədbirlər Planı” təsdiq edilib. Bununla yanaşı, 2012-ci ildə “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılıqla mübarizə haqqında” Qanun qəbul edildi. Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndinə uyğun olaraq əqli mülkiyyət hüquqlarının müdafiəsinin təmin edilməsi, əqli mülkiyyət hüquqları sahiblərinin maraqlarının qorunması və bu sahədə hüquqpozmaların, o cümlədən müvafiq əqli mülkiyyət obyektlərinin nüsxələrinin qeyri-qanuni istehsalı və yayılmasının qarşısının alınması ilə bağlı yaranan münasibətləri tənzimləyir. O mülkiyyət hüquqlarının təminatı, hüquq sahiblərinin hüquq və maraqlarının qorunması və hüquq pozuntularının, o cümlədən müvafiq əqli mülkiyyət obyektlərinin nüsxələrinin qeyri-qanuni istehsalı və yayılmasının qarşısının alınması ilə bağlı yaranan münasibətlərin tənzimlənməsində müstəsna əhəmiyyət daşıyır. Qanunun 2-ci maddəsində bildirilir ki, bu Qanunla müəyyən edilən tədbirlər əqli mülkiyyətə hüquq sahiblərinin hüquqlarının təminatına və mənafelərinin qorunmasına yönəldilir və əqli mülkiyyət hüquqlarının pozulduğu hallarda müvafiq qanunvericilikdə nəzərdə tutulan qaydada tətbiq edilir.. Əqli mülkiyyət hüquqları sahəsində bu Qanunda nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikasının Konstitusiyası, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Patent haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Məlumat toplularının hüquqi qorunması haqqında”, “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında”, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının qanunları, digər normativ hüquqi aktlar və Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənir. Eyni zamanda qanun əqli mülkiyyət hüquqları sahəsində Azərbaycan Respublikasının digər qanunlarında nəzərdə tutulan hüquqların təminatına, istisnalara və məhdudiyyətlərə dair müddəaları inkar etmir. Qanun onun qüvvəyə mindiyi vaxt əqli mülkiyyət qanunvericiliyinə uyğun olaraq qorunma müddəti bitməmiş müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqları obyektlərinə, həmçinin dövlət varidatı elan edilmiş əsərlərə şamil edilir.

Bundan başqa, 2015-ci ildə “Reklam haqqında” Qanun qəbulu da əqli mülkiyyət hüququnun qorunmasında mühüm rol oynayır. Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 26-cı bəndlərinə uyğun olaraq, reklamın sifarişi, istehsalı (hazırlanması) və yayımlanması sahəsində münasibətlərin, onlara nəzarətin və tənzimləmənin, həmçinin reklam sahəsində özünütənzimləmənin hüquqi əsaslarını müəyyən edir. Azərbaycan Respublikasının ərazisində reklam fəaliyyətinin subyektləri arasında reklamın sifarişi, istehsalı, yayımı, istehlakı ilə bağlı yaranan münasibətlərə tətbiq edilir.

Bu Qanun siyasi reklama, istehlakçılara çatdırılması “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan, habelə malın qabı üzərində onun istehsalçısı, idxalçısı yaxud ixracatçısı, malın adı, növü, tərkibi və istifadə qaydaları, istehsal tarixi və yararlılıq müddəti, saxlanma şərtləri barədə məlumatlara, hüquqi və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlarına, əmtəənin bazarda satılması məqsədi daşımayan və sosial reklam olmayan redaksiya-nəşr, sorğu-informasiya və analitik materiallarına, dövlət orqanlarının, bələdiyyələrin reklam xarakteri daşımayan və sosial reklam olmayan məlumatlarına, reklam xarakterli məlumatlar yerləşdirilməyən lövhələrə və göstəricilərə, elm, ədəbiyyat, incəsənət əsərlərinə şamil olunmur.

Qeyd edək ki, Azərbaycan Respublikasının reklam haqqında qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, reklamı bu Qanuna uyğun tənzimləyən normativ hüquqi aktlardan, o cümlədən Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının qanunlarından və bu Qanundan ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Qanunda göstərilənlərdən fərqli qaydalar nəzərdə tutulduqda, həmin müqavilələrdə təsbit olunan qaydalar tətbiq edilir.


(davamı var)

Xəbər xətti