Əqli mülkiyyət hüququ əsas hüquq və azadlıqlardan sayılır
Azərbaycan Respublikası hüquqi dövlət quruculuğu istiqamətində önəmli addımlar atıb. Dövlətin önəm verdiyi hüquqlardan biri də əqli mülkiyyət hüququdur. Əqli mülkiyyət hüququ əsas hüquq və azadlıqlardan sayılır. Qeyri-maddi mülkiyyətləri qorumaqla dövlət insan inkişafına və bununla da bütövlükdə cəmiyyətin inkişafına müvəffəq olur. Bu mülkiyyət qanunvericilik aktları ilə müəyyən edilmiş hallarda və qaydada vətəndaşın, yaxud hüquqi şəxsin intellektual yaradıcılığın nəticələrinə, yaxud ona bərabər tutulan məhsulların, yerinə yetirilən iş və xidmət növlərinə (firma adı, əmtəə nişanı, xidməti nişan və s.) müstəsna hüquqdur. Müəlliflik hüququnun obyekti olan əsərlərə, ifalara, fonoqramlara, yayım təşkilatlarının verilişlərinə, inteqral sxem topologiyalarına, məlumat toplularına, folklor nümunələrinə (ənənəvi mədəni nümunələrə), ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, əmtəə nişanlarına, coğrafi göstəricilərə hüquqlardam ibarətdir.
Qeyd etmək lazımdır ki, ölkəmizdə əqli mülkiyyət sahəsinin inkişafına və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə dövlət tərəfindən xüsusi diqqət yetirilib. 1993-cü ilin ikinci yarısından başlayaraq, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə Azərbaycanda milli müəllif-hüquq institutunun yaradılmasına başlanıb, 1995-ci ildə qəbul edilmiş ölkə Konstitusiyasında ilk dəfə olaraq müəlliflik hüququ, əlaqəli hüquqlar və digər əqli mülkiyyət hüquqları təsbit olunub, Konstitusiyanın 30-cu maddəsində bildirilir ki, hər kəsin əqli mülkiyyət hüququ var.. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur.
Azərbaycanda onun sovet dövrü də daxil olmaqla ilk dəfə olaraq «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Qanun (1996) qəbul edilib. Sonradan qanunda dəyişikiliklər edilib. Bu Qanun Azərbaycan Respublikası ərazisində elm, ədəbiyyat və incəsənət əsərlərinin (müəlliflik hüququ), habelə ifaların, fonoqramların, efir və ya kabel yayımı təşkilatlarının verilişlərinin (əlaqəli hüquqlar) yaradılması və istifadəsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. Bu qanunun 2-ci maddəsində bildirilir ki, müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu qanundan, digər müvafiq normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə müəyyən edilmiş qaydalar bu Qanunla müəyyən edilmiş qaydalardan fərqli olduqda beynəlxalq müqavilənin qaydaları tətbiq edilir.
Bu Qanunun müddəaları aşağıdakılara şamil edilir: Azərbaycan Respublikasının vətəndaşı olan və ya Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olan fiziki şəxsin, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi üzrəhüquqi şəxsin müəlliflik hüququna və ya əlaqəli hüquqlara malik olduğu elm, ədəbiyyat və incəsənət əsərləri, ifalar və fonoqramlar, Azərbaycan Respublikası ərazisində ilk dəfə dərc edilmiş (buraxılmış) elm, ədəbiyyat və incəsənət əsərləri və ya fonoqramlar. Əsər və fonoqram Azərbaycan Respublikasının hüdudlarından kənarda ilk dəfə dərc edildikdən (buraxıldıqdan) sonra 30 gün keçənədək Azərbaycan Respublikası ərazisində dərc edildikdə Azərbaycan Respublikasında da ilk dəfə dərc edilmiş (buraxılmış) sayılır, Azərbaycan Respublikası ərazisində ilk dəfə edilmiş ifalar, yaxud bu maddənin 2-ci hissəsinin müddəalarına uyğun surətdə qorunan fonoqrama yazılmış ifalar, yaxud fonoqrama yazılmamış, lakin yayım təşkilatının bu maddənin 4-cü hissəsinə uyğun surətdə qorunan verilişinə daxil edilmiş ifalar, Azərbaycan Respublikasının qanunvericiliyi üzrə hüquqi şəxs sayılan və verilişlərini Azərbaycan Respublikası ərazisində yerləşən ötürücülərin köməyi ilə həyata keçirən yayım təşkilatlarının verilişləri, Azərbaycan Respublikası ərazisində olan memarlıq əsərləri, Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrə uyğun olaraq qorunan digər elm, ədəbiyyat və incəsənət əsərləri, ifalar, fonoqramlar və yayım təşkilatlarının verilişləri.
Bundan başqa, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq elə əsərlərə və əlaqəli hüquqlar obyektlərinə qorunma tətbiq edilir ki, mənşə ölkəsində həmin obyektlər üçün müəyyən edilmiş qorunma müddətləri bitməmiş olsun.
Azərbaycan Respublikasının ərazisində müəlliflik hüququ və əlaqəli hüquqların qüvvədə olma müddəti mənşə ölkəsində müəyyən edilmiş qorunma müddətlərindən çox ola bilməz.
Bu qanunun müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq və ya qarşılıqlı prinsiplər əsasında Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də şamil edilir.
Milli müəllif-hüquq institutunun inkişafı və təkmilləşdirilməsi sonrakı illər də davam etdirilib, əqli mülkiyyət hüquqlarının qorunmasına aid bir sıra yeni qanunvericilik aktları qəbul edilib. 2002-ci ildə qəbul edilmiş «İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında» Qanun MDB məkanında, 2003-cü ildə qəbul edilmiş «Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında» Qanun isə Şərqi Avropa və Asiyada ilk qanunlar olub. Buraya 2004-cü ildə qəbul edilmiş «Məlumat toplularının hüquqi qorunması haqqında» Qanunu da əlavə etsək, görərik ki, Azərbaycan hazırda MDB ölkələri arasında ən zəngin qanunvericilik bazasına malikdir. Bu Qanun formasından asılı olmayaraq məlumat toplularının yaradılması və istifadəsi ilə bağlı yaranan hüquqi münasibətləri tənzimləyir. Qanunun 3-cü maddəsində qorunma predmetləri öz əksini tapıb. Bu Qanuna əsasən, məlumatların seçilməsinə və düzülməsinə görə yaradıcılıq fəaliyyətinin nəticəsi olan məlumat topluları müəlliflik hüququ ilə qorunur və bu hüquq ʺMüəlliflik hüququ və əlaqəli hüquqlar haqqındaʺ Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tətbiq edilir.
Məlumat toplusunun müəlliflik hüququ ilə qorunması onun əsaslandığı və ya ona daxil olan materialların müəlliflik hüququnun obyekti olub‐olmamasından asılı deyildir. Qanunda bilıdirilir ki, müəlliflik hüququ ilə qorunma təyinatından və dəyərindən asılı olmayaraq, obyektiv formada olan açıqlanmış və açıqlanmamış məlumat toplularına şamil edilir. . Məlumat toplusunun müəlliflik hüququ ilə qorunması bu toplunun, onun hər hansı elementinin əsasının, o cümlədən interfeys və alqoritmin təşkilinin ideya və prinsiplərinə, həmçinin proqramlaşdırma dillərinə şamil edilmir. 3.5. Məlumat toplusunun müəlliflik hüququ ilə qorunması onun məzmununa aid edilmir, materialların seçilməsinə və düzülməsinə görə toplunun quruluşu qorunur və məzmuna aid elementlər qorunduğu halda onlarla birgə tətbiq olunur. Digər tərəfdən məlumat toplusuna müəlliflik hüququ onun maddi daşıyıcısına olan mülkiyyət hüququ ilə bağlı deyil və maddi daşıyıcıya olan hüquqların başqasına verilməsi bu topluya olan hər hansı hüquqların verilməsinə səbəb olmur. Məlumat toplusuna müəlliflik hüququ digər şəxslərin həmin materialları müstəqil surətdə seçmə və düzmə yolu ilə yeni toplu yaratmasına mane olmur.
Yuxarıda qeyd edilən qanunlar əqli mülkiyyət hüququnun qorunmasında önəmli rol oynayıb. Bununla belə, əqli mülkiyyət sahəsindəki müasir inkişaf tendensiyaları nəzərə alınmaqla Azərbaycanın əqli mülkiyyət qanunvericiliyi daim inkişaf edir və təkmilləşdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin səyləri və dəstəyi nəticəsində ölkəmizdə zəngin qanunvericilik və normativ-hüquqi baza, çevik milli idarəetmə institutu və geniş beynəlxalq mübadilə və əməkdaşlıq sistemi yaradılmışdır. Bu sahədə islahatlar və yeniliklər davam etdirilir.
(davamı var)