“Birinci sinifdə hərfləri səhv, yaxud əyri yazanda oturub ağlayırdım...”

18:21 - 8 İyun 2018 - Müsahibə

Akif Aşırlı: “Qardaşım dünyasını dəyişəndən sonra şeir yazmıram”

“Azərbaycan gəncləri” qəzetində şeirlərinin çıxmasını çox istəyirmiş. Hər dəfə şeir yazıb göndərsə də, məktubla cavab gəlirmiş ki, “Sizin şeirləriniz bədii cəhətdən zəif olduğu üçün dərc olunmur”. Dəfələrlə bu hal təkrar olunub. Hər dəfə özünə söz verirmiş ki, daha yazmayacaq, amma yenə də ürəyi dayanmayıb yazırmış. Nə qədər yazsa da, şeirini heç vaxt o qəzetdə çap etməyiblər.
Bu həftəki “Keçmişimdə” rubrikamızın qonağı “Şərq” qəzetinin baş redaktoru və təsisçisi Akif Aşırlıdır. A.Aşırlı ilə onun uşaqlıq və gənclik illərindən danışdıq...

“Kənd uşaqları ilə “fəhlə dəstəsi” yaratmışdıq”

Uşaqlıq illərini Qazaxın Daşsalahlı kəndində yaşayan Akif Aşırlı bildirdi ki, 1969-cu ildə dünyaya göz açıb, beş uşaqlı ailənin dördüncü övladı olub. Deyir ki, atası və anası zəhmətkeş insanlar olub:
“Atam bənna idi, yay aylarında öz briqadası ilə tikinti işlərini həyata keçirirdi. Qazaxda və Borçalıda da bir çox evləri atam tikib. İndi o evlərin qarşısından keçəndə atamın əsərlərinə baxıram. Anam isə sadə evdar qadın olub. Normal kənd həyatı yaşamışam. Adi kənd uşaqları necə olursa, mən də elə olmuşam. Məhlədə uşaqlarla futbol, qaçdı-tutdu, gizlənpaç oynamışıq. Kənd uşaqları ilə “fəhlə dəstəsi” yaratmışdıq. Həyətlərimizdə olan işləri dəstə formasında görürdük. Biz qarğıdalı əkmişdik, onun diblərini təmizləyirdik, yumşaldırdıq. Sonra dəstə halında keçib o biri qonşunun işlərini görürdük. Belə-belə davam edirdik...”.

“Birinci sinifdə hərfləri səhv, yaxud əyri yazanda oturub ağlayırdım...” 

A.Aşırlı deyir ki, təhsil almasında atasının və nənəsinin  böyük rolu olub: “Ailəmizdəki beş uşağın hamısı təhsil alıb. Dördüncü sinfə kimi yaxşı oxumamışam, çox çətinlik çəkmişəm. Yadıma gəlir, birinci sinifdə hərfləri səhv, yaxud əyri yazanda oturub ağlayırdım, onun dərdini çəkirdim ki, mən niyə düzgün yaza bilmirəm... Amma dördüncü sinifdən sonra məktəbdə ən yaxşı oxuyan uşaqlardan biri olmuşam. Attestat qiymətlərimin hamısı “5” olub, yalnız rus dilindən “4” veriblər. Atam və nənəm uşaqlıqdan həkim olmağımı istəyirdilər. Amma qismət elə gətirdi ki, jurnalistikaya gəldim. Bu gün də jurnalistikadayam. Hesab edirəm ki, bu sənətdə özümü tapmışam. Bəlkə də, yaxşı həkim ola bilməzdim, amma jurnalistika tam mənə uyğun bir peşədir”.

“Nənəmin əlləri möcüzə idi”  

Uşaqlıq illərindən ən çox nənəsini xatırladığını deyən müsahibimiz bildirdi ki, öz evlərindən daha çox nənəsinin yanında qalırmış: “Nənəmin mənim həyatımda əvəzsiz rolu olub. Nəinki tək mənim, eyni zamanda bütün nəvələrinin formalaşmasında böyük rolu olub. Qohumların, qonşuların hamısı nənəmlə məsləhət edər, ondan kömək istəyərdi. 102 il ömür yaşadı, çox müdrik insan idi. Babam Böyük Vətən müharibəsi illərindən itkin düşüb, nənəm atamla əmimi tək böyüdüb. Çox güclü qadın olub. Biz hamımız ondan çox şey öyrənmişik. Türkəçarə vasitəsilə insanları müalicə edirdi. İndi ona ara həkimi deyirlər, amma elə deyildi. Bir nəfərin qolunu həkim səhv sarıdığı üçün qolu əyri bitmişdi. Nənəm gözümüzün qarşısında o sümükləri qırıb yenidən düzəltdi ”.

“Hərbi xidməti repressiya olunanlarla eyni yerdə keçirmişəm”

Məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşən müsahibimiz hərbi xidmətinin ilk altı ayını Komi Muxtar Respublikasında keçirdiyini deyir: “Kominin paytaxtı Sıktıvkarda olduq, ora meşəlik idi. Bizim qəzet kağızları da oradan gəlir. Sonra öyrəndim ki, repressiya olunanları da bura sürgün  edirmişlər. Deməli, hərbi xidməti repressiya olunanlarla eyni yerdə keçirmişik. Orada demək olar ki, insan yox idi, yalnız dəmir yolu keçirdi. İşimiz isə ancaq ağac qırmaq idi. Şalbanları yükləyirdik, aparırdılar. Orada altı ay gecə, altı ay isə gündüz olurdu. Axşam saat 9 olanda həyətə çıxırdın ki, hava yenə də işıqlıdır, qaranlıq düşmürdü. Altı aydan sonra hərbi hissəni ordan köçürdülər, bizi Moskva ətrafına apardılar. Burdakı vəziyyət oradakından yaxşı idi, şəhər həyatı idi, insanları görürdük, danışırdıq, təmasda olurduq”.

“Çox yaxşı bozartma bişirirəm”

A.Aşırlı bildirdi ki, hərbi xidmətdən qayıdandan sonra Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul olub:
“Universitetə təzə qəbul olan vaxtı Binədə qardaşımın evində qalırdım. Sonra gördüm ki, yol uzaqdır, gəlib getmək çətin olur. Ona görə indiki Yeni Yasamalda kirayə ev tapıb, orda qalmağa başladım. Otaqda ən yaxşı yeməkləri mən bişirirdim. Əslində 

əvvəllər yemək işlərini bacarmırdım, amma tələbəlik öyrətdi. İndinin özündə də həftə sonları boş olanda, yaxud kollektivlə harasa istirahətə gedəndə yeməyi özüm bişirirəm. Yaxşı kabab çəkirəm. Bundan əlavə çox yaxşı bozartma bişirirəm, qəşəng toyuq qızardıram. Demək olar ki, dolma və kotletdən başqa bütün yeməkləri bişirə bilirəm. Hazırladığım yeməyi yeyənlər deyir ki, əlinin duzu var, dadlı olur. Tələbəlik mənə dadlı yemək bişirməyi də öyrətdi”.

“Tələbəliyimiz şəhidlərin tabutlarını qarşılamaqla keçib”

Tələbələrin müəllimlərlə mübahisə edib, onların arqumentlərini heçə endirməyə çalışdığı bir dövrdə təhsil aldığını deyən A.Aşırlı vurğuladı ki, tarix fakültəsində oxuya-oxuya jurnalistika sahəsində də özünü sınayıb: “Müzakirələrə qatılanda “qeyri-ixtisas sahibləri jurnalistikaya gəlib, tarixçinin jurnalistikada nə işi var?” və s. kimi fikirlər səsləndirirdilər. Amma əslində humanitar fənlər bir-birinə çox bağlıdır. Mən də bütün bu deyilənləri aradan qaldırmaq üçün ikinci təhsil kimi jurnalistikanı oxudum. Elmi işim də tarix və jurnalistikanı özündə birləşdirən bir mövzu - “Cümhuriyyət dövrü mətbuatında Qafqaz İslam ordusu” oldu.
O vaxt xalqın əzmi böyük idi, gənclər döyüşmək istəyirdi. Tələbəliyimiz çox çətin və şərəfli bir dövrə düşdü. Biz həmin dövrdə şərəfli bir tarixin iştirakçıları olduğumuzun fərqində deyildik. Azərbaycan yenicə müstəqilliyə qədəm qoyduğu vaxtlar idi. İctimai və siyasi proseslər indikindən qat-qat qaynar idi. Milli azadlıq hərəkatı mərhələsi idi, müharibənin gətirdiyi faciələr idi. Şəhidlər Xiyabanının qarşısına hər gün tabutlarda şəhid gətirilirdi. Onları görmək çox çətin və ağrılı idi. Bizim tələbəliyimiz hər gün o şəhidlərin tabutlarını qarşılamaqla keçib”.

 “Ailə həyatı qurmağımız da çətin dövrə təsadüf edib”

Müsahibimiz qeyd etdi ki, 1995-ci ildə öz yaxın qohumu – dayısı qızı ilə ailə həyatı qurub: “Qohum olmasına baxmayaraq  aramızda müəyyən bir sevgi var idi, əsasən də mənim tərəfimdən. Səkkizinci sinifdə oxuyanda artıq müəyyən etmişdim ki, ailə quracağım insan məhz odur. Evdəkilərə məsləhət etdik və ailələrimizin razılığı ilə ailə həyatı qurduq. Ailə həyatı qurmağımız da çətin dövrə təsadüf edib. Hazırda üç uşağımız var”.

İlk şeirini analara həsr edib

Uşaq vaxtından şeirlər yazmağa həvəsli olan müsahibimiz həmin şeirləri hələ də öz dəftərində saxlayır. Deyir ki, ilk şeirini analara həsr edib: “İlk şeirim “Qalibiyyət bayrağı” qəzetində çıxan “Analar” şeiri idi. “Elə ki, övladla doldu dörd yanı, Yeməmiş süfrədən doyan analar” – belə misraları var idi. Məktəb və kənd həyatı ilə bağlı yazılarım, şeirlərim var idi. Rayon qəzetinə göndərirdim, çap edirdilər. Yazılarımdan birini nənəmin 105 yaşlı anasına həsr etmişdim. Məktəbimizdə ədəbiyyat dərnəyi çox güclü idi, maraqlı abu-havası var idi. Ədəbiyyat müəllimim rəhmətlik Nüsrət Kəsəmənlinin qrup yoldaşı Zəkayət müəllimə idi. Deyilənə görə, Nüsrət Kəsəmənli ilə aralarında bir sevgi də yaşanıb. Amma bunun nə dərəcədə həqiqət olduğunu deyə bilmərəm. Çox gözəl ədəbiyyat müəlliməsi idi, bizi həvəsləndirirdi, şeirlərimizi ona oxuyurduq, istiqamət verirdi”.

“Şeirimi heç vaxt o qəzetdə çap etmədilər”

“Pioner” jurnalında çıxan yazılarına görə bir neçə dəfə qonarar alan A.Aşırlı deyir ki, qonararı da çox vaxt vermirlərmiş:
“Miqdarı 1-3 manat aralığında olurdu. Bəzən 50 qəpik də verirdilər. “Azərbaycan gəncləri” qəzetində şeirlərimin çıxmasını həmişə çox istəmişəm. Hər dəfə şeir yazıb göndərirdim, məktubla cavab gəlirdi ki, “Sizin şeirləriniz bədii cəhətdən zəif olduğu üçün dərc olunmur”. Dəfələrlə bu hal təkrar olundu. Hər dəfə deyirdim ki, yox, daha yazmayacam, amma yenə də yazırdım. Şeirimi heç vaxt o qəzetdə çap etmədilər. Hərbi xidmətdən qayıdandan sonra qəzetdə işə başladım. Həmin vaxt “Azərbaycan gəncləri” qəzetinin məktublar şöbəsinin müdiri Xüdayət Həsənlini görəndə dedim ki, siz mənə çox böyük əziyyət vermisiniz, ruh düşkünlüyünə salmısınız. Səbəbini deyəndə isə güldü... O dövrə aid arxivimdə şeirlərim, yazılarım var, ancaq çap eləmirəm. 90-cı ilə qədər yazmışam, ondan bəri şeir yazmıram. Qardaşım 26 yaşında dünyasını dəyişəndən sonra şeir yazmıram”.

“İsmayıl Şıxlıdan müsahibə götürmüşəm”

A.Aşırlı qeyd etdi ki, dahi şəxsiyyətlərlə təması, onlarla görüşməyi, müsahibə götürməyi onun üçün qürurverici bir iş olub: “Vaxtilə İsmayıl Şıxlıdan müsahibə götürmüşəm. Ziya Bünyadovu, Əbülfəz Elçibəyi yaxından görmüşəm, sual vermişəm, onları müşahidə etmişəm. Bunlar bizim üçün çox önəmli hadisələr idi. Həmkarlarımla xarici ölkələrdə səfərlərdə olmuşuq, maraqlı günlərimiz keçib”. 


Könül Əhmədova


Xəbər xətti