Bu, Azərbaycan Respublikasının Konstitusiyasinin 59-cu maddəsində öz əksini tapıb
Sahibkarlıq fəaliyyətinin hüquqi anlayışı respublikamızda ilk dəfə “Sahibkarlıq fəaliyyəti haqqında” 1992-ci il 15 dekabr tarixli qanunun 1-ci maddəsində verilib. Bu Qanun Azərbaycan Respublikasında sahibkarlığın prinsiplərini, sahibkarlıq fəaliyyəti subyektlərinin hüquqlarını və vəzifələrini, onun dövlət tərəfindən müdafiə və təqdir olunmasının forma və üsullarını, sahibkarların dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar ilə qarşılıqlı münasibətlərini müəyyənləşdirir.
Qanun mülkiyyətin bütün formalarının bərabərliyi prinsipinin həyata keçirilməsi, müstəqil olaraq fəaliyyət sahələri seçilməsi və iqtisadi qərarlar qəbul edilməsi əsasında iqtisadi təşəbbüsün və işgüzarlığın geniş təzahür etməsi üçün şərait yaradılmasına yönəldilib. Qanuna əsasən, sahibkarlıq fəaliyyəti (sahibkarlıq) fiziki şəxslərin, onların birliklərinin, habelə hüquqi şəxslərin mənfəət və ya şəxsi gəlir əldə edilməsi məqsədilə özlərinin cavabdehliyi və əmlak məsuliyyəti ilə həyata keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 13-cü maddəsində sahibkarlıq fəaliyyətinə təxminən eyni məzmunda, bir qədər fərqli formada anlayış verilərək göstərilib ki, Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
Sahibkarlıq fəaliyyəti iqtisadi fəaliyyətinin bir növüdür. Sahibkarlıq fəaliyyətinin bu ilkin və ən mühüm səciyyəvi keyfiyyət xüsusiyyətini əks etdirən həmin əlaməti Azərbaycan Respublikasının Konstitusiyasinin 59-cu maddəsində öz əksini tapıb. Bu maddədə bildirilib ki, hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir.
Sahibkarlıq fəaliyyəti həm də hüquqi və fiziki şəxsin müstəqil sürətdə həyata keçirdiyi fəaliyyətdir. Təsadüfi deyildir ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunda Azərbaycan Respublikasında sahibkarlığın prinsipləri, sahibkarlıq fəaliyyəti subyektlərinin hüquqları və vəzifələri, onun dövlət tərəfindən müdafiə və təqdir olunmasının forma və üsulları, sahibkarların dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar ilə qarşılıqlı münasibətləri müəyyənləşib. Qanun mülkiyyətin bütün formalarının bərabərliyi prinsipinin həyata keçirilməsi, müstəqil olaraq fəaliyyət sahələri seçilməsi və iqtisadi qərarlar qəbul edilməsi əsasında iqtisadi təşəbbüsün və işgüzarlığın geniş təzahür etməsi üçün şərait yaradılmasına yönəldilib. Bu qanunda sahibkarlığın subyektləri və formaları tənzimlənib. Qanunum 3-cü maddəsində bildirilib ki, sahibkarlıqla Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna edilməklə fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikasının hər bir vətəndaşı; mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər, hər bir xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs; xarici hüquqi şəxslər məşğul ola bilər. Daha sonra bildirilir ki, sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərin həllini və ya bu fəaliyyətə nəzarəti həyata keçirən dövlət orqanlarının və qurumların vəzifəli şəxslərinə və mütəxəssislərinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qadağandır.
Sahibkarlıq fəaliyyətinin və mülkiyyətçi ilə münasibətlərin xarakterindən asılı olaraq sahibkarlıq fəaliyyəti ilə həm mülkiyyətçinin özü, həm də onun müəyyən etdiyi səlahiyyətlər daxilində təsərrüfatın başçısı hüququ əsasında mülkiyyətçinin əmlakını idarə edən subyekt məşğul ola bilər. Müəssisəni idarə edən subyektin və əmlakın mülkiyyətçisinin münasibətləri tərəflərin qarşılıqlı öhdəliklərini, hüquqlarını və məsuliyyətlərini müəyyən edən müqavilə (bağlaşma) ilə tənzimlənir. Müəssisənin mülkiyyətçisi müəssisəni idarə edən şəxslə müqavilə bağlandıqdan sonra müqavilədə, müəssisənin nizamnaməsində və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna edilməklə müəssisənin fəaliyyətinə qarışa bilməz. Qanunun 4-cü maddəsində isə qeyd olunub ki, Azərbaycan Respublikasında sahibkarlığın qanun çərçivəsində həyata keçirilən bütün formalarına icazə verilir. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq sahibkarlığın bütün formaları bərabər hüquqludur. Fərdi və şərikli şəkildə həyata keçirilən sahibkarlıq qanunvericilikdə nəzərdə tutulmuş formalarda təşkil edilə bilər.
Mülki qanunvericiliyin demək olar ki, bütün prinsipləri sahibkarlıq fəaliyyətinin müstəqilliyinin təmininə yönəlib. Belə ki, mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, müqavilələr azadlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi, mülki hüquqların məhkəmə müdafiəsi prinsiplərinin hər biri bu və ya digər formada hüquqi və fiziki şəxslərin sahibkarlıq fəaliyyətini müstəqil surətdə həyata keçirilməsini təmin edir, mülki dövriyyədə sahibkarlıq fəaliyyətinin dəstəklənməsinin hüquqi tənzimlənmə mexanizmini müəyyənləşdirir və sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaradır. Sahibkarlar öz fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikası qanunvericiliyinə əməl etməklə, istənilən müəssisələr yaratmaq, onların idarəetmə orqanlarında vəzifə tutmaq və bu orqanların işində iştirak etmək, dövlət və digər mülkiyyət formalarına əsaslanan müəssisələrin əmlakının, başqa əmlakı və əmlak hüquqlarını tamamilə və ya qismən əldə etmək, başqa müəssisələrin fəaliyyətində öz sərəncamında olan əmlakla iştirak etmək, tərəflərin razılığı ilə başqa fiziki və hüquqi şəxslərin əmlakından və intellektual mülkiyyət obyektlərindən istifadə etmək, işçiləri işə qəbul etmək və işdən azad etmək, işçilərin əməyinin ödənilməsinin forma və sistemini, onların əmlakının məbləğini və gəlirinin digər növlərini müəyyənləşdirmək, təsərrüfat-maliyyə fəaliyyətini müstəqil həyata keçirmək, məhsul göndərənləri və istehsal olunan məhsulun (işlərin, xidmətlərin) istehlakçılarını seçmək, dövlət ehtiyacları üçün müqavilə əsasında iş görmək və məhsul göndərmək, öz məhsulları (işləri, xidmətləri) üçün qiymətlər (tariflər) müəyyənləşdirmək,pul vəsaitinin saxlanılması, hesablaşma, kredit və kassa əməliyyatlarının bütün növlərinin həyata keçirilməsi üçün banklarda hesablar açmaq, sahibkarlıq fəaliyyətindən əldə edilən mənfəətdən (gəlirdən) vergilər və digər icbari ödənişlərdən sonra onun qalan hissəsindən sərbəst istifadə etmək kimi hüquqlara malikdir. Sahibkarlığ subyeqtlərinin fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsi ilə yanaşı bir sıra digər tədbrlər də həyata geçirildi. Azərbaycan Respublikası Prezidentinin 30 aprel 2001-ci il tarixli Frəmanı da bu istiqamətdə atılan addım idi. Bu Fərmanla İqtisadi İnkişaf Nazirliyi yaradıldı. Onun yaradılması sahibkarlığın inkişafına dövlət köməyi və onun dövlət tənzimlənməsi tədbirlərinin vahid qurumda birləşdirilməsinin və idarə edilməsinin əsasını qoymuş və sahibkarlığın inkişafını ümumi iqtisadi inkişafın tərkib hissəsinə çevirdi. Bu illər ərzində sahibkarlığın inkişafına əlverişli şəraitin yaradılması məqsədilə Azərbaycan Respublikasında sahibkarlığın hüquqi bazası dünya təcrübəsinə uyğun olaraq təkmilləşdirildi. 2002-ci ildə sahibkarlığın inkişafı sahəsində ümummilli lider Heydər Əliyevin yerli və xarici iş adamları ilə aprel-may aylarında keçirdiyi görüşləri də diqqəti çəkdi. Bu görüşlərdə sahibkarlığın inkişaf yolları araşdırıldı, inkişafa mane olan əngəllərin aradan qaldırılması üçün konkret tədbirlər müəyyənləşdirildi.
Qəbul edilmiş sənədlər və onların icrası ilə bağlı həyata keçirilmiş tədbirləri məhz bu strategiyanın ardıcıl şəkildə reallaşdırılmasının növbəti mərhələsi kimi səciyyələndirildi. Heydər Əliyev sahibkarlığın inkişafı üçün atılmış bu tədbirlərlə kifayətlənmədi. Azərbaycan Respublikasının Prezidentinin 17 avqust 2002-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)» bu istiqamətdə həyata keçirilməli olan dövlət tədbirlərinin sistemliliyinin təmin edilməsində mühüm rol oynayaraq ölkədə sahibkarlığın inkişafına böyük təkan verdi.
(ardı var)