İqtisadiyyat naziri, Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Ottinger ilə görüşüb.
Nazir Şahin Mustafayev Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın uğurla davam etdiyini, Azərbaycan Respublikası Prezidentinin son 10 ildə Avropa İttifaqına 7 səfəri olduğunu, Avropa İttifaqının bir sıra qurumlarının rəhbər şəxslərinin ölkəmizə səfər etdiyini vurğulayıb. Azərbaycan və Avropa İttifaqı arasında Tərəfdaşlıq və Əməkdaşlıq, Viza və Readmissiya haqqında sazişlər, Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı, Şərq Tərəfdaşlığı Təşəbbüsü kimi sənədlər imzalanıb. Qarşılıqlı səfərlər, keçirilən görüşlər və imzalanmış sənədlər əlaqələrin inkişafı baxımından əhəmiyyətlidir.
İqtisadiyyat naziri vurğulayıb ki, Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. 2017-ci ildə Avropa İttifaqının Azərbaycanın xarici ticarətindəki payı 42%, 2018-ci ilin 4 ayında 42% təşkil edib. 2012-2017-ci illərdə Avropa İttifaqı Azərbaycana 15,3 mlrd. dollar investisiya yatırıb ki, bu da Azərbaycan iqtisadiyyatına yatırılmış investisiyaların 38,2%-ni təşkil edir. Azərbaycanda 1500-dən çox Avropa İttifaqı ölkələrinin şirkəti fəaliyyət göstərir. Avropa İttifaqının 9 üzv ölkəsi ilə Strateji Tərəfdaşlıq Bəyannaməsi, 24 üzv ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması, 17 üzv ölkəsi ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişləri imzalanıb. Azərbaycan və Avropa İttifaqı arasında 3 biznes forum keçirilib, bir neçə gündən sonra 4-cü biznes forum keçiriləcək.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır, ölkəmiz Bakı-Tbilisi-Ceyhan layihəsi üzrə Avropa İttifaqı ilə əməkdaşlıq edir. Cənub Qaz Dəhlizinin açılışını vurğulayan Şahin Mustafayev layihənin enerji sahəsində əməkdaşlığın gözəl nümunəsi olduğunu qeyd edib. Qısa müddət ərzində TANAP layihəsi də istifadəyə veriləcək. TAP layihəsi üzrə isə işlər davam edir.
Azərbaycan Avropa İttifaqı ilə Tvinninq, TAİEX, Büdcəyə Dəstək alətləri çərçivəsində də əməkdaşlıq edir və bu alətlər çərçivəsində indiyədək Azərbaycana 595 mln. avro məbləğində dəstək göstərilib. Tvinninq aləti üzrə 34 layihə müvəffəqiyyətlə başa çatıb, 10 layihənin icrası davam edir, 1 layihə isə hazırlanır.
Nazir Şahin Mustafayev qeyd edib ki, qeyri-neft sektorunun inkişafı Azərbaycan iqtisadiyyatının prioritet istiqamətlərindəndir və bu sahədə bir sıra islahatlar aparılıb, müsbət nəticələr əldə edilib. Belə ki, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın dəstəklənməsi, ixrac və investisiyaların təşviqi, lisenziyalaşdırma sisteminin sadələşdirilməsi istiqamətində çoxsaylı tədbirlər görülüb, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb. Nəqliyyat-tranzit sahəsində də xeyli işlər həyata keçirilib, Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilib. Viza rejimi sadələşdirilib, ölkəyə gələn turistlərin sayı artıb. Avropa İttifaqının dəstək proqramının əhəmiyyətini qeyd edən nazir Şahin Mustafayev Aİ ilə əlaqələrin genişləndirilməsi istiqamətlərinə dair fikirlərini bildirib.
Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Ottinger Aİ-Azərbaycan əlaqələrinin qarşılıqlı etimada əsaslandığını, Azərbaycanın əldə etdiyi nəticələrin təqdirəlayiq olduğunu qeyd edib, aparılan islahatların uğurlu və davamlı olacağına əminliyini vurğulayıb. Enerji sahəsinin Aİ-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərindən olduğunu qeyd edən Günter Ottinger bu baxımdan TANAP və TAP layihələrinin önəmini diqqətə çatdırıb. Azərbaycanda külək, günəş və bioenerji istehsalı üçün də yaxşı potensial var. İnvestorların Azərbaycana böyük marağının olduğunu deyən Günter Ottinger bir neçə gün sonra Bakıda keçiriləcək Azərbaycan-Aİ biznes forumunun işgüzar dairələr arasında əməkdaşlığın inkişafında əhəmiyyətli olacağını, Aİ-nin əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini qeyd edib.