Rəna Əliyeva: “Məqsədim dünya üzrə tanınmış beyin cərrahı olmaqdır”
Əsədov Vasif: “Hələ doqquzuncu sinifdə oxuyarkən məni ilin şagirdi seçmişdilər”
Bayramova Əsra: “Hazırlığa getməmişəm, məni məktəb müəllimlərim hazırlayıb”
Bu il I və IV ixtisas qrupları üzrə üç nəfər ən yüksək nəticə göstərərək, 700 bal toplayıb. Həmin qəhrəmanlar Əliyeva Rəna, Əsədov Vasif və Bayramova Əsradır. Bizdə onların hər üçü ilə söhbətləşdik. Məktəbdə necə oxumalarından, boş vaxtlarını necə dəyərləndirmələrindən, sınaqlarda göstərdikləri nəticələrindən söhbət açdıq. Bir sözlə bu uğuru necə əldə etmələrindən danışdıq. Bəs , onlar bu nəticəyə necə nail olublar?
“Üç nöqtə”yə danışan Əliyeva Rəna Məmmədağa qızı bildirdi ki, fizika, riyaziyyat və informatika təmayüllü liseydə təhsil alır: “Ailədə dörd nəfərik - anam, atam, bacım və mən. Ailəmizin kiçik uşağıyam. Məktəbdə oxuduğum müddətdə hər zaman dərslərimə məsuliyyətlə yanaşmışam. Qiymətlərim həmişə “5” olub. Bununla yanaşı, riyaziyyat olimpiadalarında da iştirak etmişəm. Bütün fənlərə maraq göstərmişəm, aralarında fərq qoymamışam, yəni hamısını yaxşı oxumuşam. Amma riyaziyyat və fizika fənlərinə xüsusi bir bağlılığım, həvəsim olub. Onuncu sinifdən etibarən “Hədəf” kursunda əlavə təhsil almağa başladım. Əvvəlcədən məktəbdə dərslərimi yaxşı oxuduğum üçün təməlim yaxşı idi. Müəllimlərim hər zaman mənim çox çalışdığımı qeyd edirdilər. Həmçinin məndən qəbul imtahanında yüksək nəticə gözləyirdilər və buna inanırdılar. Mən də onların inamını yanıltmadım və yüksək nəticəni göstərdim. Hazırlaşdığım vaxtlarda müəllimlərin evə verdiyi tapşırıqlardan əlavə öyrəndiyimiz keçmiş mövzuları təkrarlamaq və bədii ədəbiyyat oxumaq üçün özümə boş vaxt tapmağa çalışırdım. Sınaqlarda nəticəm 600 baldan aşağı düşməyib. Ən çox topladığım bal isə 695 olub. İlk dəfə bu xəbəri öyrənəndə yanımda ailəm var idi və bundan sonra ilk olaraq sevincimi müəllimlərimə zəng edərək onlarla bölüşdüm - həm məktəb, həm də kurs müəllimlərimlə…”
Rəna deyir ki, Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini seçib: “Məqsədim dünya üzrə tanınmış beyin cərrahı olmaqdır. Mənim fikrimcə, 700 bal toplamaq üçün əzm, iradə, həvəs, istək lazımdır. Və insan gərək ixtisas seçimində sevdiyi işi qarşısına məqsəd qoysun. Bu yolda irəliləmək, nailiyyət qazanmaq üçün əlindən gələni etsin. Bu uğuru əldə etmək həm müəllimlərimin, həm də öz əməyim sayəsində mümkün oldu. Abituriyentlərə də məsləhətim odur ki, yorulmadan, bezmədən, müvəffəqiyyətsizlikdən sonra həvəsdən düşmədən çalışsınlar. Bütün bunları etsələr, əminəm ki, istədiklərinə nail olacaqlar”.
Əsədov Vasif 2000-ci il sentyabr ayının 28-də İsmayıllıda anadan olub. Atası Rusiyada işləyir, anası isə evdar qadındır: “Ailədə iki uşağıq, yaşca məndən kiçik qardaşım var. Orta məktəbdə super oxumuşam, bütün siniflərdə dərs əlaçı olmuşam. Müəllimlərim məndən yüksək nəticə gözləyirdi. Təsadüfi deyil ki, hələ doqquzuncu sinifdə oxuyarkən məni ilin şagirdi seçmişdilər. Bütün fənləri yaxşı oxumuşam, lakin fizika və riyaziyyata marağım daha çox olub. 10-cu və 11-ci siniflərdə hazırlığa getmişəm, yəni iki il müddətində hazırlaşmışam. Bu il getdiyim sınaqlarda 650-dən aşağı nəticə göstərməmişəm. Müəllimlərim də, ailəm də bu nəticəni məndən gözləyirdilər. Qəbul imtahanından sonra nəticəmi ilk dəfə “Space” kanalında yoxladım və öyrəndim. Həmin vaxt yanımda anam və nənəm var idi. Hamımız çox sevindik. İlk olaraq ingilis dili müəlliməm – Gülşən müəlliməyə zəng vurub xəbəri verdim. Daha sonra isə digər müəllimlərimə və sinif yoldaşlarıma zəng etdim. Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması fakültəsini seçdim”.
Vasif deyir ki, hazırlaşan zamanlarda çox az boş vaxtı qalırmış, ona görə də, vaxtını səmərəli dəyərləndirməyə çalışırmış: “İngilis dili lüğətindən sözlər öyrənirdim, arada gəzintiyə də çıxırdım. İngilis dilini öyrənməyə həvəsim çoxdur, maraqlıdır. Yüksək nəticə göstərmək və istəyinə nail olmaq üçün istirahətə az vaxt sərf etmək, daha çox test tapşırıqları ilə işləmək, televiziya və telefondan mümkün qədər uzaq durmaq lazımdır. Eyni zamanda sinif yoldaşları ilə sağlam rəqabət aparmaq da yüksək nəticə göstərməyə təsir edir”.
Bayramova Əsra 2001-ci il avqustun 24-də Sumqayıt şəhərində doğulub: “Ailədə 5 nəfərik, atam anam, bacım və qardaşım. Orta məktəbdə dərslərimi həmişə yaxşı oxumuşam. Bütün fənləri yaxşı oxusam da, ən çox fizikaya həvəsim olub. Müəllimlərim bu nəticəni göstərəcəyimə inanırdılar. Hazırlığa getməmişəm, məni məktəb müəllimlərim hazırlayıb. Boş vaxtım demək olar ki, olmurdu. Vaxtım olduğu zamanlarda isə ya televizora baxırdım, ya da yatırdım. Sınaqlarda 650 baldan yuxarı toplayırdım, amma 700 bal yığdığım olmamışdı. İlk dəfə nəticəmi atam öyrəndi, hamımız çox sevindik. Bakı Ali Neft məktəbini seçmişəm, ixtisası isə hələ dəqiqləşdirməmişik. Mənim fikrimcə, yüksək nəticə göstərmək üçün insan qarşısına məqsəd qoymalı və bu məqsədə nail olmaq üçün məsuliyyətlə çalışmalıdır”.
Əsranın anasının da fikirlərini öyrəndik, bir ana olaraq onun sevincinin həddi-hüdudu yox idi: “Mən qızımdan bu nəticəni gözləyirdim. Çünki birinci sinifdən on birinci sinfə kimi əlaçı oxuyub. Həmişə çox məsuliyyətli olub. Təkcə beş fənni deyil, bütün fənləri yaxşı oxuyurdu, dərsə hər zaman hazırlıqlı gedirdi. Bu günə qədər 4 qiyməti almayıb, çünki “4” qiyməti almağı özünə sığışdırmırdı. Qızım qarşısına məqsəd qoymuşdu ki, 700 bal toplasın, bunun üçün də var gücü ilə çalışırdı. Qismətində var imiş, şükür Allaha həmin balı topladı, əziyyəti yerdə qalmadı. Ağıllı uşaqdır, heç vaxt telefon işlətməyib, fikri ancaq dərsində olub. Bir neçə dəfə mobil telefon təklif etsək də, qəbul etməyib. Deyirdi ki, telefon mənim fikrimi yayındırar. Musiqi ilə də məşğul olurdu, arada idmana da gedirdi”.
Könül Əhmədova