Eyyub Hüseynov: “Müəllimə dedim ki, sənin başının çölü ağarıb, amma hələ içi kaldır”
“Dərs zamanı komandirin qızının başına xətkeşlə necə vurdumsa, qan töküldü”
“Kasıb uşaqlar idik, təqaüd də az idi, evdən də az pul göndərirdilər, dolanmaq lazım idi. Qiyabiçilərə kurs işi yazıb yaxşı pul qazanırdıq. Eyni zamanda evdə uşaq hazırlayırdım. İctimai işlərdə yataqxanada qalan uşaqlar daha aktiv idi. Otaq işlərini növbə ilə görürdük. Bəzən otaq yoldaşlarımızdan biri qab yumaq növbəsi gələndə özünü xəstəliyə vurardı. O yeməyi yeyib qurtarandan sonra yatağa uzanıb yorğanı başına çəkirdi ki, xəstələnmişəm. Biz elə bilirdik ki, həqiqətən də xəstələnib. Amma bir neçə dəfə bu hal təkrarlandıqdan sonra onun kələyini başa düşdük və qabları ona yuduzdurduq”.
Bu həftəki “Keçmişimdə” rubrikamızın qonağı daima istehlakçıların hüququnu müdafiə edən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovdur. Eyyub müəllimlə olan maraqlı müsahibəni sizlərə təqdim edirik.
“7 yaşıma kimi ana südü əmmişəm”
Eyyub Hüseynov Məşədi Mahmud oğlu Sabirabad rayonunun Muğan kəndində doğulub, əsilləri isə Şuşadandır: “Sovet hökumətinin ilk illərində bizim camaat qış otlaqlarına sürülərini gətirirmiş. Sovet hökuməti camaatın var-dövlətinin bir hissəsini əlindən aldığı üçün insanlar Şuşaya qayıtmayıb, elə orada da qalıblar. Ona görə də, əslim Şuşadan olsa da özümü Sabirabadlı hiss edirəm. Sabirabadda məktəbə getmişəm, indiki Nəsimi kəndində orta məktəbi bitirmişəm. 7 yaşına kimi ana südü əmmişəm. Birinci sinifdə oxuyanda böyük tənəffüsdə qaçıb gəlirdim evə, süd əmib gedirdim. Məni ana südündən çox böyük çətinliklə ayırdılar (Gülür). Ona görə də, 71 yaşıma qədər bir dəfə də olsun bülleten götürməmişəm, işdən qalmamışam. Üstümə heç vaxt təcili tibbi yardım çağırılmayıb”.
“Arzu edirdim ki, kaş bu məktəbdə oxuyardım”
Məktəbi bitirdikdən sonra indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olan müsahibimiz deyir ki, riyaziyyat fakültəsinə qəbul olmaq onun elə uşaqlıqdan arzusu imiş: “Uşaq vaxtından riyaziyyata həvəsim olub. Sovet vaxtında Sabirabadda yeganə adam olmuşam ki, olimpiada yarışlarında iştirak edirdim, Bakıya gəlirdim. Düzdür, I yeri tutmasam da, II-III yeri tuturdum. Çünki Bakı məktəblərinin şagirdləri güclü idi, xüsusilə də 23 nömrəli məktəb. Həmişə gəlib o məktəbə baxırdım, arzu edirdim ki, kaş mən də bu məktəbdə oxuyardım. Taleh elə gətirdi ki, hazırda evim 23 nömrəli məktəbin yanındadır və uşağım da orda oxudu”.
“Müəllimə dedim ki, sənin başının çölü ağarıb, amma hələ içi kaldır”
Eyyub müəllim universiteti bitirdikdən sonra, əlaçı olduğu üçün elmi şura onu universitetdə saxlamaq üçün qərar qəbul edib. Lakin bu baş tutmadı: “ İmtahan vaxtı komissiyanın üzvünə riyaziyyatdan bir mövzunun düzgünlüyünü nə qədər sübut etsəm də, mənə “3” qiyməti yazdı. Sən demə, mənim institutda qalmaq məsələmin üstündən xətt çəkmək üçün tapşırıq alıbmış. Komissiyanın digər üzvləri dillənmədi, hər kəs buz ürək nümayiş etdirdi. Qardaşxan adlı həmin müəllimə dedim ki, sənin başının çölü ağarıb, amma hələ içi kaldır. Beləliklə, həmin adam mənim şəhər taleyimin üstündən xətt çəkdi. Sonralar başa düşdüm ki, mənim yerimə başqa tapşırılmış adamı gətirmək istəyirlər. Orada da müəyyən yerlibazlıq əlaməti olmuşdu. İlk dəfə yerlibazlığı onda gördüm. Sinif nümayəndəsi olaraq heç vaxt qrupumda rüşvət olmayıb, bunun qətiyyən əleyhinə idim”.
“8 il ərzində 23 riyaziyyat müəllimi yetişdirdim”
Öz kəndlərinə təyinat götürən müsahibimiz deyir ki, kəndləri kasıb kənd olub: “Bakıdan 120 km uzaq olsa da, hələ bu gün də suyu, qazı yoxdur. O vaxtı 360 ev var idi, orda cəmi bir nəfər qiyabi təhsil alırdı. Təhsil alan yox idi, biz orada böyük bir pedaqoji iş qurduq. Riyaziyyat müəllimi işləməyə başladım. 8 il ərzində 23 riyaziyyat müəllimi və çoxsaylı mühəndislər və s. yetişdirdim. Lakin sovet rejiminin çox əcaib tərəfləri var idi. Gərək məktəb uşaqları müsbət qiymətləndirilib attestat veriləydi. Başqa müəllimlərdən fərqli olaraq yayda istirahətə getmirdim, bütün yayı məşğul olur, onları payız imtahanına saxlayırdım”.
“Dərs zamanı komandirin qızının başına xətkeşlə necə vurdumsa, qan töküldü”
Eyyub müəllimgilin vaxtında kənd müəllimlərini əsgərliyə aparmırmışlar, amma o öz xahişi ilə bir il hərbi xidmətdə olub: “Hərbi xidməti Almaniyanın Drezden şəhərində keçirdim. Riyaziyyatçı olduğumu bilib, sovet ittifaqının orada yerləşən məktəbinə riyaziyyat müəllimi təyin etdilər. Amma dedilər ki, pulsuz işləyəcəksən. Kənd mənşəli adamam, kənddə uşaqlarla kobud davranmışam. Dərs zamanı komandirin qızının başına xətkeşlə necə vurdumsa, qan töküldü. Məni xüsusi rejimli yerə göndərmək istədilər, komandirlə çox çətinliklə dil tapdım. Dedilər ki, bu qız Moskva Dövlət Universitetinin riyaziyyat fakültəsinə girmək istəyir, amma biliyi zəifdir. Öz boynuma götürdüm ki, hazırlaşdıracağam və ora da daxil olacaq, bircə mənə dəyməyin (Gülür). Elə də oldu, evlərində hazırlaşdırdım, çox yüksək qiymətlə həmin universitetə daxil oldu. Həmin qız son illərə qədər mənə daima məktub yazırdı.
Bu günə qədər cavab tapmadığım sual var. Rotada oğurluq olan zaman komandir deyirdi ki, filan oğurluğu kim edibsə irəli çıxsın. O dəqiqə oğurluq edən şəxs qabağa çıxırdı. Biz məktəbdə işləyəndə xırda bir oğurluğu uşağın boynuna qoya bilmirdik. Bu günə kimi bir pedaqoq olaraq o suala hələ cavab tapa bilməmişəm. Hərbi xidmət zamanı komsomol katibi idim. Bir dəfə böyük yığıncaqda rus hərbiçilərinin nədən gəldi araq düzəltmələrindən danışdım. Dedim ki, həmin uşaqlar araq düzəltməyi komandirlərdən öyrəniblər. Çünki bunlar orta məktəbi qurtarıb birbaşa əsgərliyə gəliblər, onların bunu haradasa öyrənməyə imkanları olmayıb. Ona görə də komandirlər öyrədib. O da mənə baha başa gəldi, bu cür açıq danışdığım üçün mənim partiyaya keçmək işimə maneçilik törətdilər”.
“Qiyabiçilərə kurs işi yazıb yaxşı pul qazanırdıq”
Eyyub müəllimin sözlərinə görə, yataqxana həyatı ayrıca bir məktəbdir. Nisbətən varlı uşaqlar kirayədə, lap kasıb uşaqlar isə yataqxanada qalırdı: “Kasıb uşaqlar idik, təqaüd də az idi, evdən də az pul göndərirdilər, dolanmaq lazım idi. Qiyabiçilərə kurs işi yazıb yaxşı pul qazanırdıq. Eyni zamanda evdə uşaq hazırlayırdım. İctimai işlərdə yataqxanada qalan uşaqlar daha aktiv idi. Otaq işlərini növbə ilə görürdük. Bəzən otaq yoldaşlarımızdan biri qab yumaq növbəsi gələndə özünü xəstəliyə vurardı. O yeməyi yeyib qurtarandan sonra yatağa uzanıb yorğanı başına çəkirdi ki, xəstələnmişəm. Biz elə bilirdik ki, həqiqətən də xəstələnib. Amma bir neçə dəfə bu hal təkrarlandıqdan sonra onun kələyini başa düşdük və qabları ona yuduzdurduq. (Gülür).
Yataqxanadakı əl qabiliyyətimi indi tək qalanda nümayiş etdirirəm. Düzdür, yoldaşım mətbəxə girməyimə razılıq vermir, amma hərdən-birdən əl qabiliyyətimi göstərirəm. Bu təşkilat vasitəsilə dünyanın 40 ölkəsini gəzmişəm, çox qəribə insanlar və mətbəx nümunələri görmüşəm. Tələbə olan zaman belə bir adətimiz var idi ki, təqaüdü alanda restorana gedərdik. Şəkidən olan bir tələbə və həmçinin otaq yoldaşım həmişə deyərdi ki, qonaqlıq vermək mənə düşmür, zərərə düşürəm. Ona görə hər dəfə onun pulu mən verirdim. Düşünürdüm ki, yəqin həqiqətən də nə isə zərərə düşür. Artıq sonuncu kursda anladım ki, o hesab verməmək üçün belə deyirmiş”.
“...siqaret çəkmir, yalan danışmır və vaxta dəqiqdir”
Eyyub müəllim deyir ki, onun bir çox çatışmayan cəhətləri var. Hətta bu problem ona ailə üzvləri və dostları ilə də problemlər yaradıb: “Heç yerə gecikmirəm, başqasının gecikməsini də sevmirəm. İnsan gecikən zaman dözümsüzlük göstərirəm, onu qoyub gedə bilərəm. Yalan danışmağa heç vaxt dözə bilmirəm. İnsanda başqasına qarşı gərək dözümlülük olsun. Azad İstehlakçılar Birliyinin kodeksi var, sonuncu hissəsində yazılıb ki, birliyin üzvləri siqaret çəkmir, yalan danışmır və vaxta dəqiqdir. Bizim təşkilatın digərlərdən fərqi onun siyasiləşməməsidir”.
“10-cu sinifdən sonra uşaqlarıma 1 manat da xərcləməmişəm”
Hələ məktəbdə oxuyan zaman paralel sinifdəki bir qızı gözaltı edən Eyyub müəllim deyir ki, onunla ailə həyatı qurublar: “Çox xoşbəxt bir ailə olduq və bu gün də xoşbəxtliyimiz davam edir. Çox razı olduğum, qeyri-adi bilikli dörd övlad böyütmüşük, səkkiz nəvəm var. Hamısı məktəbi əla qiymətlərlə oxuyurlar. Qeyd edim ki, onuncu sinifdən sonra demək olar ki, uşaqlarıma 1 manat da xərcləməmişəm. İngilis dilini və s. müəllimsiz özləri öyrəniblər. Yaxşı pedaqoqun uşaqları da düşünürəm ki, yaxşı olmalıdır. Uşaqlarımdan biri Harvard Universitetinin magistraturasını bitirib, digəri Amerikada professordur, ürək-damar cərrahıdır. Başqa bir qızım Almaniyada dövlət işindədir. Digər övladım İslam İnkişaf Bankının baş ofisindədir. Övladlarımın hamısı gözütoxdur və dünya malı barəsində düşünmürlər. Ən böyük var-dövlətim övladlarımdır. Hazırda özümə məxsus maşınım yoxdur, təşkilatın maşınını sürürəm. Üç otaqlı evdə yaşayıram, hələ onun birinin artıq olduğunu fikirləşirəm. Neçə illərdir, təşkilatın rəhbərliyindən istefa vermək istəyirəm, amma məni əvəz edən şəxs olmadığı üçün özüm işləmək məcburiyyətindəyəm. Azad istehlakçılar birliyini yaratmazdan əvvəl, bir müddət bizneslə məşğul olmuşam və çox da uğurlu olub. Sadəcə orda yalan danışdıqları üçün ictimai işə keçdim. Hazırda heç bir biznesim yoxdur. Öz azadlığım, sağlamlığım və gözütoxluğumla fəxr edirəm”.
“Harada bir-birimizi görsək dalaşırıq, təhqir edirik, söyürük”
Keçmişdə iş həyatı ilə bağlı maraqlı bir hadisəni bizimlə bölüşən Eyyub müəllim deyir ki, rayon təşkilatlarında mediasiya (danışıq yolu) vasitəsilə istehlakçının hüququnu qoruyurlar. Dünya ölkələrində bu proses pullu olsa da, bunu tamamilə pulsuz edirlər: “Tovuzda bir nəfər digərindən 2 min dollar borc pul alıb, qaytarmırdı. Borc pul verən adam bizim mediasiya mərkəzimizə gəlib müraciət edib, məsələni danışır. Deyir ki, borc alanla harada bir-birimizi görsək dalaşırıq, bir-birimizi təhqir edirik, söyürük. Biz mediasiya üsulu ilə həmin adamla söhbət edəndən sonra səhəri gün bilirsinizmi nə baş verdi? Borclu borc verənin evində oturub çay içir, söhbət edir, deyib-gülürdülər. Təşkilatımızın nümayəndəsi borc pul verəndən pulu istəməyinin səbəbini soruşanda məlum olub ki, qarşıdan qış fəsli gəldiyi üçün o evinin üstünü düzəltdirmək istəyir, ona görə usta pulu lazımdır. Bizim adam da öyrənir ki, borc alan ustadır. Beləcə, borcu olan gəlib onun evinin üstünü düzəldir və məsələ həll olunur”.
Könül Əhmədova