Əmlakın qiymətləndirilməsi ilə bağlı şikayəti olanlar AQC-yə müraciət edə bilərlər

12:03 - 16 May 2018 - Xəbər

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) nəzdində yaradılan Ekspertiza Mərkəzi müxtəlif məqsədlər üçün əmlakın qiymətləndirilməsindən şikayətləri olan fiziki və hüquqi şəxslərin müraciətlərinə baxacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə açıqlama verən AQC-nin İdarə Heyətinin üzvü, “Property” Qiymətləndirmə şirkətinin direktoru Pərviz Qulami bildirib. P.Qulaminin sözlərinə görə, müxtəlif mübahisəli hallarda daşınmaz əmlakların qiymətləndirilməsi zamanı tərəflər arasında fikir ayrılıqları yaranır. Yəni mübahisə tərəflərindən biri əmlak üçün müəyyən edilən bazar dəyərindən narazı qala bilir: “Misal üçün belə hallar daha çox məhkəmə prosesləri zamanı və daha çox banklarla vətəndaşlar arasında baş verir. Həmçinin bəzən özəl şirkətlər tərəfindən müxtəlif layihələrin həyata keçirilməsi üçün vətəndaşlardan əmlakının satın alınması lazım gəlir. Bu zaman vətəndaşlar əmlaklarına qoyulan qiymətdən narazı qala bilirlər. Bu və digər belə hallar zamanı fiziki və hüquqi şəxslər əmlakın dəqiq bazar dəyərini müəyyən etmək üçün AQC-nin Ekspertiza Mərkəzinə müraciət edə bilərlər”.

Şirkət rəhbəri Ekspertiza Mərkəzinə müraciət etməyin  üstünlüyünü onunla əsaslandırıb ki, AQC adından verilən rəyin obyektivliyinə heç bir tərəfin şübhəsi olmayacaq: “Çünki adi hallarda hər hansı şirkətin təklikdə verdiyi rəy barədə şübhə ola bilərsə də, AQC üzvü olan tanınmış şirkətlərin nümayəndələrindən təşkil eilən Ekspertiza Mərkəzində hər hansı əmlak üzrə müəyyən edilən nəticə kollegial qərarla olur”.

Müraciətlərin qəbulu üzrə məsul şəxs AQC-nin İdarə Heyətinin üzvü, sədr müavini Vüqar Oruc təyin olunub. Əlaqə nömrəsi: (+99412) 4939930, (+99450) 2430919      

Xəbər xətti