Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən “Gənc Elçilər” Proqramının təlimlərinə start verilib. Seçim mərhələsində yüzlərlə gənc arasından uğurla keçən 35 şəxs proqramının gənc elçisi adını qazanıb.
“Gənc Elçilər” Proqramının əsas məqsədi Azərbaycanı əhəmiyyətli beynəlxalq tədbirlərdə layiqli təmsil edəcək “gənc elçilərin” yetişdirilməsi və gənclərin beynəlxalq əməkdaşlığının dəstəklənməsi, gənclər təşkilatlarının beynəlxalq əlaqələr sahəsində potensialının artırılmasıdır.
Proqram çərçivəsində seçilmiş gənclərlə fəaliyyətlərə start verilib. İlk görüş Milli Şuranın sədri Seymur Hüseynovun iştirakı ilə baş tutub. Görüşdə iştirakçılarla tanışlıq baş tutub, daha sonra təşkilatın beynəlxalq əlaqələr üzrə katibi İlhamə Qasımzadə tərəfindən proqramın təqdimatı keçirilib. Təqdimatda proqramın ümumi fəaliyyəti, imkanlarından və proqramda iştirak şərtlərindən danışılıb. Həmçinin, görüşdə tanışlıq məqsədilə müxtəlif komanda oyunları keçirilib.
Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov qeyd edib: “Ölkənin ən böyük gənclər platforması olaraq təşkilatın əsas məqsədlərindən biri gənclərin və gənclər təşkilatlarının beynəlxalq səviyyədə təmsil olunmasına dəstək olmaqdır. Milli Şura artıq 23 ildir ki, gənclərin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində daima yüksək səviyyəli beynəlxalq tədbirlər təşkil etməklə və beynəlxalq gənclər tədbirlərində iştirak etməklə Azərbaycan gənclərinin səsini dünyaya çatdırır. Sevindirici haldır ki, gənclərimiz ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edir və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağa nail olurlar. Düşünürəm ki, “Gənc Elçilər” Proqramı ölkəmizi layiqincə təmsil edə bilən “gənc elçilərin” yetişdirilməsi üçün effektiv bir vasitədir”.
Qeyd edək ki, Proqramın ilk təlimi isə ictimaiyyətlə əlaqələr üzrə ekspert Pərvin Piriyev tərəfindən “Təqdimat Bacarıqları” mövzusunda keçirilib. Təlimdə gənclərə təqdimatın növləri, təsirli nitqin hazırlanması və effektiv təqdimatın tərtib edilməsi, auditoriya qarşısında çıxış zamanı nəzərə alınmalı olan məqamlar haqqında ətraflı məlumat verilib. Təlim mövzu ilə bağlı qrup işi və iştirakçıların təqdimatı ilə davam edib.
“Gənc Elçilər” beynəlxalq təmsilçilik proqramının məqsəd və hədəflərinə çatmaq və proqramın effektiv fəaliyyətini təmin etmək üçün «3T» modeli formalaşdırılıb. Proqramın modeli 3 əsas komponentdə ibarətdir: Təlim, Təcrübə və Təmsilçilik. “Təlim” komponenti çərçivəsində iştirakçılar peşəkar təlimçilər, ekspertlər və diplomatlar tərəfindən keçirilir təlim və seminarların iştirakçısı olurlar. Təlimlər şəxsi inkişaf, beynəlxalq əlaqələr və diplomatiya, gənclər siyasəti və gənclərlə iş, Azərbaycanın tarixi və mədəniyyəti blokları üzrə keçirilir. “Təcrübə” komponenti vasitəsi ilə gənclər diplomatik korpus nümayəndələri, təcrübəli diplomat və siyasətçilər, beynəlxalq təşkilatların rəsmiləri ilə görüşmək və təcrübələri ilə tanış olmaq imkanı əldə edirlər. “Təmsilçilik” komponenti çərçivəsində isə seçilmiş gənclər ölkə xaricində Azərbaycanı təmsil etmək və təcrübə əldə etmək imkanı qazanırlar.