Bu il 19 yaşayış məntəqəsinə təbii qaz verilib
00:14 - 14 Aprel 2018 - ÖLKƏ İÇİ
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təxirə salınmaz işlər həyata keçirilir.
“Azəriqaz”dan verilən məlumata görə, əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış sayğaclar yenisi ilə əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz edilir.
İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün birlik tərəfindən 2018-ci ilin birinci rübündə 775,4 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 56,6 km qaz kəməri əsaslı təmir olunub.
Yanvar-mart ayları ərzində aparılan tikinti-quraşdırma işləri nəticəsində Bərdə, Şəki, Göyçay, Ucar, Xaçmaz, Beyləqan, Sabirabad, Lerik, Salyan və Masallı rayonları üzrə 19 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.