Milli Şuranın nümayəndəsi Strasburqda plenar iclasda iştirak edib

18:42 - 3 Aprel 2018 - Xəbər

Gənclər Təşkilatları Milli Şurasının Beynəlxalq əlaqələr üzrə katibi İlhamə Qasımzadə Strasburqda Avropa Şurasının mənzil-qərargahında keçirilən “Avropa Şurası Yerli və Regional Hakimiyyətləri Konqresi”-nin plenar iclasında iştirak edib.

Plenar iclasda Avropa Şurasına daxil olan ölkələrin şəhərlərinin merləri, bələdiyyə nümayəndələri və digər səlahiyyətli şəxslər iştirak edib. 

“Avropa Şurası Yerli və Regional Hakimiyyətləri Konqresi”nin ildə iki dəfə plenar iclasları keçirilir. Artıq dörd ildir Avropa Şurası "Gənc təmsilçi" proqramını həyata keçirir. Proqrama əsasən Avropa Şurasının üzvü olan ölkələrdən bir gənc seçilir, həmin gənc bir il ərzində konqresin iki plenar iclasında iştirak edir. "Gənc təmsilçi” proqramın məqsədi Avropanın yerli səviyyədə qərarvericiliyində gənclərin rolunu gücləndirmək, qəbul olunan qətnamə və qərarlarda gənclərin fikirlərini öyrənməkdən ibarətdir.

Plenar iclaslarda “Insan hüquqlarının yerli ve regional səviyyədə təbliği” və “Qaçqın uşaqların hüquqlarının qorunmasında yerli hakimiyyətlərin rolu və öhdəlikləri” üzrə mövzular müzakirə olunub. Qeyd edək ki, tədbir çərçivəsində Regionlar üzrə Avropa Komitəsi ilə Konqres arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə gənclərin yerli idarəçilikdə iştirakının təbliği ilə bağlı fəaliyyətlər də qeyd olunub. 


Məlumat üçün qeyd edək ki, ölkənin vahid platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1995-ci ildən fəaliyyət göstərir. Təşkilatın məqsədi gənclərin bilik və bacarıqlarının Azərbaycan dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik quruculuq işlərinə yönəltməkdir. 1997-ci ildən Avropa Gənclər Forumu, Türk Dünyası Gənclər Birliyinin tam hüquqlu üzvü, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, İslam Konfransı Təşkilatının Gənclər Forumunun həmtəsisçisi və tam hüquqlu üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyi, “Böyük İpək Yolu” beynəlxalq gənclər təşkilatının həmtəsisçisi, 2014-cü ilin dekabr ayında keçirilən seçkilərdə Avropa, Asiya, Avstraliya, Afrika və Amerika qitələrindən 120 gənclər platformasını birləşdirən Dünya Gənclər Assambleyasının tamhüquqlu üzvüdür.  Bu günə qədər Milli Şuranın dəstəyi ilə gənclərin dünyanın 19 ölkəsinə səfəri təmin olunub və dünyanın 18 ölkəsi ilə ikitərəfli əməkdaşlıqlar qurulub. Milli Şura Avropa Şurasının gənclər proqramları vasitəsi ilə Avropanın 44 ölkəsi ilə əlaqələrin qurulmasına və Avropa Gənclər Forumu çərçivəsində 35 ölkə ilə əməkdaşlığa nail olub. Dünya Gənclər Asambleyası vasitəsi ilə dünyanın 90 ölkəsi ilə, "Pan-Afrika" Gənclər Birliyi vasitəsi ilə 48 ölkə ilə əlaqələr qurulub. BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik Milli Şura BMT-nin Gənclər Proqramları çərçivəsində isə 4 ölkə ilə əməkdaşlıq edir.


Xəbər xətti