Aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasının 9-cu ildönümü tamam olur.
Ucnoqta.az xəbər verir ki, Fondun icraçı direktoru Vüqar Səfərli bununla əlaqədar AZƏRTAC-ın suallarını cavablandırır.
- Vüqar müəllim, aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasının 9-cu ildönümü tamam olur. Fondun yaradılması hansı zərurətdən irəli gəlirdi?
- Fondun yaradılması zərurətindən danışarkən, ilk növbədə, müstəqillik illərində Azərbaycan mətbuatının inkişaf mərhələlərinə qısaca nəzər salmaq istərdim. Danılmaz həqiqətdir ki, 1993-2003-cü illərdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə ölkədə genişmiqyaslı demokratik islahatlar həyata keçirilib, fikir, söz və məlumat azadlığı, kütləvi informasiya vasitələrinin müstəqilliyi təmin edilib. Həmin illərdə kütləvi informasiya vasitələrinin hərtərəfli inkişafına zəruri şərait yaradan mükəmməl qanunvericilik bazası formalaşdırılıb. Mətbuat orqanlarının sərbəst fəaliyyətinə maneə yaradan süni amillər, ilk növbədə, senzura 1998-ci il avqustun 6-da aradan qaldırılıb. Bu mərhələdən kütləvi informasiya vasitələrinə dövlət dəstəyi müntəzəm xarakter alıb, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirilib. Kütləvi informasiya vasitələrinin son 15 ildəki inkişafı isə Prezident İlham Əliyevin adı ilə bağlıdır. Dövlətimizin başçısı respublikada kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinin təmin edilməsinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrinə yönəlmiş bütün mütərəqqi təşəbbüsləri dəstəkləyir. Prezident milli mətbuatımızın mütərəqqi ənənələrə əsaslanmaqla və xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişafını vacib sayır. Xatırlatmaq lazımdır ki, Azərbaycan Milli Mətbuatının 130, 135 və 140 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, 2005-ci ildə “Əməkdar jurnalist” fəxri adının bərpası, yüzlərlə jurnalistin yüksək fəxri adlara, orden və medallara layiq görülməsi, qəzetlərə birdəfəlik maliyyə yardımlarının edilməsi, onların “Azərbaycan” nəşriyyatına olan 400 min manat məbləğində borclarının dövlət büdcəsi hesabına silinməsi və digər tədbirlər ölkə rəhbərinin mətbuata qayğısını əyani şəkildə nümayiş etdirib. Xüsusi qeyd etmək lazımdır ki, borcları ödənilən qəzetlər əsasən müstəqil və müxalifyönlü qəzetlər idi. Azərbaycan Prezidentinin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi, ilk növbədə, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin, jurnalistlərin peşəkarlığının və sosial rifah səviyyəsinin yüksəldilməsi, yaradıcı əməyinin stimullaşdırılması, dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığın inkişaf etdirilməsi məqsədindən irəli gəlirdi. Konsepsiyanın hazırlanması və qüvvəyə minməsi ilə faktiki olaraq milli mətbuatın inkişafında keyfiyyətcə yeni mərhələnin əsası qoyuldu. Bu il imzalanmasının 10 ili tamam olan Konsepsiya mükəmməl sənəd olaraq özündə mediaya dövlət dəstəyinin məqsəd, prinsip və mexanizmlərini əks etdirir. Konsepsiyada mətbuata dövlət dəstəyini həyata keçirəcək yeni dövlət qurumunun yaradılması da nəzərdə tutulmuşdu. Bu mənada, Azərbaycan Prezidentinin 2009-cu il 3 aprel tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da Konsepsiyadan irəli gələn vəzifələrin həllinə xidmət edirdi. Belə bir dövlət qurumunun yaradılması ölkə başçısının kütləvi informasiya vasitələrinin inkişafına və jurnalistlərin sosial problemlərinin həllinə böyük həssaslıqla yanaşdığını bir daha təsdiqləmiş oldu. Əlbəttə, Fondun yaradılması ilə KİV-lərə dövlət dəstəyi daha dolğun, sistemli və ardıcıl xarakter aldı. Ölkə jurnalistlərinin bütün sahələrdə dinamik inkişaf edən, müasirləşən Azərbaycan Respublikasının nailiyyətlərindən daha səmərəli şəkildə bəhrələnməsi üçün imkanlar açıldı. Gələn il 10 illik yubileyini qeyd edəcək Fond həmin Konsepsiya əsasında uğurla fəaliyyət göstərərək mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsinə, jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə və sosial vəziyyətlərinin yaxşılaşdırılmasına xidmət edən çoxsaylı layihələr həyata keçirir.
- Fondun təşkilatlanması istiqamətində həyata keçirilmiş tədbirlər barədə nə deyə bilərsiniz?
- Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il 22 may tarixli sərəncamları ilə Fondun icraçı direktoru və Müşahidə Şurasının 9 nəfər üzvü təyin edildi. Bu təyinatlardan sonra Fond Konsepsiyaya və Nizamnaməsinə uyğun olaraq fəaliyyətə başladı. Müşahidə Şurasının ilk iclasında qurumun gələcək fəaliyyət istiqamətləri dəqiqləşdirildi, nəzərdə tutulan layihələrin həyata keçirilməsi üçün xüsusi təlimatlar, normativ sənədlər hazırlandı. Fondun yaradılmasından az müddət sonra kütləvi informasiya vasitələrinə maliyyə yardımını nəzərdə tutan ilk layihələrin həyata keçirilməsinə başlanıldı. Diqqətinizə çatdırım ki, Fond yeni yaradılmış qurum kimi hansısa mövcud ənənəyə, praktik iş təcrübəsinə istinad etmirdi. Buna baxmayaraq, biz Konsepsiya, eləcə də Nizamnamə ilə üzərimizə düşən vəzifələrin uğurlu icrası məqsədilə tamamilə şəffaf və çevik mexanizmlər formalaşdıra bildik. Beynəlxalq təcrübə, daha dəqiqi, xarici ölkələrdə mətbuata dövlət dəstəyini həyata keçirən oxşar qurumların fəaliyyəti ilə yaxından tanışlıq istiqamətində həyata keçirdiyimiz addımlar praktik nəticələrini verdi. Fondun icraçı direktoru və Müşahidə Şurası üzvlərinin 2009-cu ildə Avstriyanın Vyana və İsveçin Stokholm şəhərlərinə işgüzar səfərləri beynəlxalq təcrübənin öyrənilməsi baxımından kifayət qədər əhəmiyyətli oldu. Ötən 9 ildə Fond həm də ölkə jurnalistlərinin beynəlxalq təcrübə ilə yaxından tanışlığı üçün zəruri tədbirlər həyata keçirib. Ötən müddətdə media nümayəndələrinin Türkiyəyə, İsveçə, Avstriyaya, Şimali Kiprə və Böyük Britaniyaya səfərləri təşkil olunub. Jurnalistlərimiz bu səfərlər zamanı həmin ölkələrin aparıcı qəzetlərinin, habelə televiziya və radiolarının redaksiyalarında olub, onların iş üslubu ilə yaxından tanışlıq imkanı qazanıb, təcrübə mübadiləsi ediblər. Xüsusi vurğulamaq istərdim ki, Fonda dövlət büdcəsindən ayrılan vəsaitlərin ildən-ilə artması həm fəaliyyətimizin miqyasını genişləndirir, həm də jurnalistikamızın inkişafına xidmət edir. 2009-2018-ci illərdə Fonda dövlət büdcəsindən 35 milyon manata yaxın vəsait ayrılıb. Bu qayğının müqabilində Fond öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır.
- Məlumdur ki, Fondun maliyyə yardımı ilə KİV layihələri icra olunur, həmçinin fərdi jurnalist yazıları müsabiqələri keçirilir. Bu istiqamətlər üzrə həyata keçirilən layihələri səmərəli hesab etmək olarmı?
- Fond Konsepsiyaya əsasən qəzetlərə 19 istiqamət üzrə maliyyə yardımının göstərilməsi məqsədilə ildə 2 dəfə müsabiqə elan edir. Bu müsabiqələrin şərtlərinə cavab verən qəzetlər həmin istiqamətlər üzrə 6 ay ərzində layihələr icra edirlər. Fond həmin layihələrin monitorinqini həyata keçirir və hər ayın sonunda qəzetlərə növbəti maliyyə vəsaitini ayırır. Fondun maliyyə vəsaiti hesabına gündəlik, günaşırı və həftəlik qəzetlərdə hər il 6 min səhifədən çox layihə materialı dərc olunur. Fondun maliyyə yardımı ilə icra edilən layihələr çərçivəsində yazılan yazılar ictimai həyatın bütün sahələrini əhatə edir. Diqqətinizə çatdırım ki, vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu; fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi; Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması; Azərbaycanın dünya birliyinə inteqrasiyası; Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi, regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi və mühüm əhəmiyyət kəsb edən digər mövzular mətbuatda geniş işıqlandırılır, təhlil edilir. Fond KİV-lərdə Azərbaycanın ədəbi dilinin qorunması məsələsinə də xüsusi diqqət ayırır. Bu məqsədlə hər il “Azərbaycan mətbuat məkanında ədəbi dilin qorunması”, “Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” və “Jurnalist peşəkarlığının artırılması” mövzusunda layihələr elan edilir. Layihələr 6 ay müddətində icra edilir, aparılan monitorinqlər zamanı Azərbaycan media və teleradio məkanının dil problemləri araşdırılır, onun tənzimlənməsi yolları müzakirə edilir, müvafiq təkliflər verilir. Fond, həmçinin ötən illərdə Azərbaycan Mətbuat Şurasının “Ahıl jurnalistlərə qayğı: keçmişimizə ehtiram gələcək üçün təcrübə qaynağımızdır” mövzusunda layihəsinin maliyyələşdirilməsi üçün vəsait ayırıb. Dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadə etmək, jurnalistlərin peşəkarlığını artırmaq, onların sosial müdafiəsini gücləndirmək məqsədilə Fond il ərzində 3 dəfə - Novruz bayramı, Azərbaycan Milli Mətbuatının yaranmasının ildönümü, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə fərdi jurnalist yazıları müsabiqələri təşkil edir. Bu müsabiqələr, ilk növbədə, sağlam rəqabət mühiti formalaşdıraraq jurnalistlərin aktual mövzular üzrə yazılar hazırlamalarına, onların yaradıcılıq vərdişlərinin, peşəkarlıqlarının yüksəlməsinə, ümumən yeni tədqiqat və araşdırmaların aparılmasına stimul yaradır. Müsabiqələrə təqdim edilən yazıların ilbəil həm məzmun, həm də formaca təkmilləşməsi, jurnalistlərin fərdi yaradıcılıq keyfiyyətlərinin, yazı üslubunun püxtələşməsi keçirilən müsabiqələrin müstəsna əhəmiyyətini bir daha aşkara çıxarır. Fondun fəaliyyət göstərdiyi müddətdə minlərlə jurnalist bu müsabiqələrdə iştirak edərək peşəkarlıqlarını artırmaq və sosial vəziyyətlərini yaxşılaşdırmaq imkanı əldə ediblər. Ümumiyyətlə, Fond ötən 9 ildə Bakının Qaradağ, Səbail, Nizami, Binəqədi, Nəsimi, Suraxanı rayon icra hakimiyyətləri, habelə Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət və Turizm, Ekologiya və Təbii Sərvətlər, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Dövlət Statistika Komitəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Milli Olimpiya Komitəsi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Müəllif Hüquqları Agentliyi, “Azərbaycan Hava Yolları” QSC, “Azərsu”, “Azərişıq” və “Azərilmə” ASC-lərlə birgə fərdi jurnalist yazıları müsabiqələri təşkil edib. Fond 2017-ci ildə keçirilmiş fərdi jurnalist yazıları müsabiqələrində I yerə layiq görülmüş jurnalistlərin yazılarını toplamaqla “Sözün zirvəsində” adlı kitabın III cildini nəşr etdirib.
- Fond kütləvi informasiya vasitələri ilə dövlət və cəmiyyət arasında münasibətlərin inkişafı sahəsində hansı işləri görür?
- Kütləvi informasiya vasitələri ilə dövlət və cəmiyyət arasında münasibətlərin inkişaf etdirilməsi Fondun Nizamnaməsində əksini tapmış mühüm məsələlərdən biridir. Biz ötən illərdə bu məsələni xüsusi diqqət mərkəzində saxlayaraq bir sıra mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə mətbuat-cəmiyyət münasibətlərinin inkişafına xidmət edən tədbirlər keçirmişik. Fond fəaliyyət göstərdiyi müddətdə media rəhbərlərinin iştirakı ilə Bakının Səbail, Nizami, Suraxanı, Qaradağ, Binəqədi və Yasamal, bölgələrdən - Yevlax, Şəmkir, Zərdab, Qəbələ, Masallı, Quba və İmişli rayonlarında, habelə Gəncə, Lənkəran və Naxçıvan şəhərlərində “Mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi” və “İnformasiya əldə etmək haqqında” Qanunun şərhi sahəsində region KİV-lərinin maarifləndirilməsi” mövzularında konfranslar təşkil edib. Bundan əlavə, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı Fond ötən ilin aprel ayında Lənkəran, sentyabr ayında isə Xaçmaz rayonlarında etnik-dini icmaların və KİV nümayəndələrinin iştirakı ilə “İslam həmrəyliyinin təbliği və təşviqində medianın rolu” mövzusunda regional konfranslar keçirib. Yüksək fəallıq şəraitində keçən bu tədbirlərdə həmin rayonların rəhbər vəzifəli şəxsləri, ictimaiyyət nümayəndələri və media nümayəndələri iştirak edərək qarşılıqlı faydalı müzakirələr aparıblar. Belə görüşlər dövlət qurumları ilə kütləvi informasiya vasitələri arasında qarşılıqlı etimadın güclənməsinə və sivil əməkdaşlığın formalaşmasına şərait yaradır. Fond ictimai əhəmiyyətini və müsbət nəticələrini nəzərə alaraq belə tədbirlərin davam etdirilməsini 2018-ci il üzrə fəaliyyət planına daxil edib.
- Azərbaycan Prezidentinin kütləvi informasiya vasitələri əməkdaşlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı imzaladığı sərəncamlardan irəli gələn vəzifələrin icrası barədə də məlumat verməyinizi xahiş edərdik.
- Şübhəsiz ki, jurnalistlər üçün dövlət büdcəsi hesabına yaşayış binasının inşa edilməsi dünyada analoqu olmayan addımdır və Azərbaycanda mediaya yüksək dövlət qayğısının mövcudluğunu bir daha təsdiqləyir. Xatırlatmaq istərdim ki, ölkə başçısı 2010-cu il iyulun 22-də jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binasının inşasını nəzərdə tutan Sərəncam imzaladı. Sərəncamla Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı. Səbail rayonunun Bibiheybət qəsəbəsi ərazisində 17 mərtəbəli, ikigirişli, 156 mənzilli yaşayış binası inşa edilərək 2013-cü il iyulun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə jurnalistlərə təhvil verildi. Ölkə başçısı elə həmin gün - 2013-cü il iyulun 22-də “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” ikinci Sərəncamı imzalamaqla jurnalistlərin bayram ovqatına əlavə sevinc qatdı. Həmin Sərəncama əsasən, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi ərazisində 17 mərtəbəli, üçgirişli, 255 mənzilli yaşayış binasının tikintisi tam başa çatdırıldı. 2017-ci il iyulun 20-də Prezident İlham Əliyevin iştirakı ilə həmin binanın təntənəli açılış mərasimi keçirildi. Eyni zamanda, dövlətimizin başçısının 2017-ci il 19 iyul tarixli “Kütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı əsasında növbəti - sayca üçüncü binanın təməli qoyuldu və tikinti işlərinə başlanıldı.
- Fondun 2018-ci il üzrə perspektiv fəaliyyət planları barədə nə demək istərdiniz?
- 2018-ci il Azərbaycan dövləti və xalqı üçün bir sıra mühüm hadisələrlə zəngin ildir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 10 yanvar tarixli Sərəncamı ilə bu il respublikamızda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Bundan əlavə, dövlətimizin başçısının 2018-ci il 18 yanvar tarixli “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamına əsasən bu günlərdə azərbaycanlıların soyqırımının 100-cü ildönümü qeyd edilir. Bu il, həmçinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Ordusunun yaranmasının 100 və Bakı şəhərinin Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad olunmasının 100 illiyi əlamətdar hadisələr kimi qeyd olunacaq. Fondun Müşahidə Şurasının iclasında təsdiq edilmiş 2018-ci il üçün Tədbirlər Planında bütün əlamətdar hadisə və yubileylər öz əksini tapıb. Azərbaycanlıların soyqırımının 100, Dağlıq Qarabağda erməni separatizminin başlanmasının 30 illiyi ilə əlaqədar aprel ayında yerli və xarici media nümayəndələrinin Quba Soyqırımı Memorial Kompleksinə ziyarətinin təşkili nəzərdə tutulur. Bundan əlavə, Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə bağlı Fond qarşıdakı aylarda media nümayəndələrinin Gürcüstanın paytaxtı Tbilisi şəhərinə səfərini təşkil etmək niyyətindədir. Ölkəmiz hazırda ciddi siyasi hadisə - prezident seçkiləri ərəfəsindədir. Azərbaycan jurnalistləri dövlətimizin gələcək inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən, tamamilə azad, ədalətli və şəffaf seçki prosesinin ayrı-ayrı mərhələləri üzrə görülən işlərin yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasında peşəkarlıq və vətəndaş təəssübkeşliyi nümayiş etdirirlər. Seçki ərəfəsində ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək istəyən, xarici ölkələrdə gizlənərək sosial şəbəkələrdə mənəvi-etik, əxlaqi normalara sığmayan formada qərəz, iftira və hədyanlar püskürən mənəviyyatı kasad, təsadüfi şəxslər ifşa olunur, layiqli cavablarını alırlar. Xüsusi vurğulamaq istərdim ki, Azərbaycanın iqtisadi imkanlarının artdığı, demokratikləşmə prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu bir zamanda mətbuatın üzərinə düşən vəzifələr də nisbətən fərqli mahiyyət kəsb etməyə başlayır. Yeni mərhələnin siyasi reallıqları mətbuatın cəmiyyətdə təkcə rolunu deyil, həm də sosial öhdəliklərini, məsuliyyətini artırır. Dövlətin yüksək diqqət və qayğısı müqabilində obyektivlik, operativlik, peşəkarlıq, milli təəssübkeşlik və milli problemlərə həssas münasibət Azərbaycan mediasının əsas keyfiyyət göstəricisinə çevrilməkdədir. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan mediasının inkişafı dövlətimizin daim diqqət mərkəzindədir.