Türkiyədə ABŞ dollarının məzənnəsi yenidən 4 lirəni üstələyib. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu, Amerika valyutasının qlobal valyuta bazarlarında bahalaşması fonunda baş verib.
TRY/USD nisbəti 4,0012-yə qədər yüksəlib.
"Report"un analitik qrupu hesab edir ki, Türkiyədə dolların məzənnəsi il ərzində artmağa davam edəcək, qısamüddətli perspektivdə isə 1 dollar 4,2-4,3 lirəyə qədər bahalaşa bilər. Dolların ilin sonundan etibarən gözlənilən bahalaşması prosesinin Türkiyədən də yan keçməyəcəyi gözlənilir.
Bu il Türkiyədə 1 dolların 5,5-6 lirə, 2022-ci ilə qədər isə 8 lirə olması mümkündür. Buna səbəb ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini sürətlə artırması olacaq. Bununla yanaşı, LIBOR faiz dərəcələrinin gözlənilən artımı Türkiyənin maliyyə bazarı iştirakçılarının və şirkətlərinin borclanma xərclərini artıracaq. Bu da daxili bazarda faiz dərəcələrinin yüksəlməsinə, inflyasiyanın sürətlənməsinə, dollara tələbatın artmasına gətirib çıxaracaq.
Türkiyə Mərkəzi Bankının (TCMB) məlumatına görə, ölkənin qısamüddətli xarici borcları bu il fevralın 1-nə 122,7 mlrd. dollar təşkil edib. Bunun 68,4 mlrd. dollarlıq hissəsi bankların, 54,2 mlrd. dollardan bir qədər artıq hissəsi isə digər sektorların payına düşüb. Borcların 51%-i ABŞ dolları ekvivalentindədir.
Borcların yenidən maliyyələşməsinin tədricən bahalaşacağı və çətinləşəcəyi gözlənildiyindən, daxili bazarda dollara tələb artmağda davam edəcək.