Bu gün Azərbaycanda Novruz bayramıdır
00:00 - 20 Mart 2018 - ÖLKƏ İÇİ
Bu gün Azərbaycanda xalqın ən sevimli bayramlarından biri olan Novruz bayramı qeyd edilir.
Yazın Azərbaycana gəlişi martın 20-si saat 20:15:30-a təsadüf edəcək və bu zaman gecə-gündüz bərabərliyi qeydə alınacaq. Buna görə də martın 20-si bayram günü hesab olunur.
Novruzun qeyd edilməsi də yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir. Novruz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Novruz bayramının mənşəyi qədimdir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər.
Novruz bayramında aşağıdakı adətlər yerinə yetirilir:
Papaq atmaq. Qapıya atılan papağı boş qaytarmazlar.Qulaq falına çıxmaq. Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu arzunun yerinə yetəcəyinə işarədir.Tonqaldan tullanmaq. Tonqaldan tullarkən bu ifadə deyilir: "Ağırlığım - ığırlığım odda yansın".Üzük falına baxmaq. Qızlar üzüyü sapa bərkidib su ilə dolu stəkanın üstündə saxlayarlar. Üzük stəkana neçə dəfə dəysə,bu həmin qızın o yaşda ərə gedəcəyinə işarədir.Səməni yetişdirmək. Bu yazın gəlişinə və bitkilərin oyanmasına işarədir.Yumurta döyüşdürmək. Oyunun nəticəsində tərəflərdən biri digərinin tələblərini yerinə yetirir.Qonaq getmək. Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar.Şam yandırmaq. Novruzda ailənin sayı qədər şam yandırarlar.Küsülülərin barışması. Novruzda heç kim küsülü qalmamalıdır. Bütün küsülülər barışmalıdır.Yallı getmək. Azərbaycan xalqının qədim dövrdən bəri ifa etdiyi rəqsdir. Bunun mənası insanların birliyidir.Xoruz döyüşdürmək. Bunun üçün xüsusi döyüş xoruzları böyüdülür.
Bəzi qədim inanclara görə kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Aşıqlar da "Ab, atəş, xak, badan yarandım" deyiblər vücudnamələrində, yəni su, od, torpaq və yelə bağlıdır insan.
Birinci su çərşənbəsi adlanır. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. Qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar.İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayardılar. Hər ailə üzvünün adına bir şam yandırardılar. Xonçalar düzəldilərdi.Üçüncüsü yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir.Dördüncüsü torpaq çərşənbəsidir. Torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Yaşlı qadınlar "Səməni, saxla məni, ildə göyərdərəm səni" deyib buğda isladardılar.