Rusiya 23 Britaniya diplomatına ölkədən çıxmaq üçün 1 həftə vaxt verdi
16:47 - 17 Mart 2018 - DÜNYA
Böyük Britaniya hökumətinin 23 Rusiya diplomatını ölkədən çıxarmaq qərarına cavab olaraq Moskva da analoji addım atıb.
APA-nın “Independent”ə istinadən verdiyi xəbərə görə, Rusiya Britaniyanın 23 diplomatını ölkədən çıxarmaq barədə qərar qəbul edilib.
Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, ölkədən çıxmaq üçün diplomatlara bir həftə vaxt verilib. Qərar açıqlanmazdan bir neçə saat öncə isə, Britaniyanın Rusiyadakı səfiri Lauri Bristou xarici işlər nazirliyinə çağırılıb.
XİN-in bəyanatında Sankt-Peterburqdakı Britaniya Konsulluğunun bağlanacağı və Böyük Britaniyanın Sankt-Peterburqda ümumi konsulluq açmaq üçün icazəsinin ləğv ediləcəyi də bildirilib.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovniki Sergey Skripal və qızı Yuliya martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində huşsuz vəziyyətdə tapılıblar. Britaniyanın baş naziri Tereza Mey martın 12-də verdiyi açıqlamada Skripal və qızının SSRİ-də istehsal edilmiş “Noviçok” adlı kimyəvi silahla zəhərləndiklərini bildirib. O, hadisəyə görə məsuliyyəti Rusiyanın boynuna qoyaraq bunu Böyük Britaniyaya qarşı akt kimi qiymətləndirib. Martın 14-də T. Mey Rusiyaya qarşı sanksiya xarakterli qərarları açıqlayıb. Bu qərarlara əsasən Rusiya ilə rəsmi səviyyədə təmaslar dayandırılır və bu ölkənin diplomat adı ilə Britaniyada fəaliyyət göstərən 23 kəşfiyyatçısı ölkədən çıxarılır.