Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Ağstafa rayonu, Saloğlu qəsəbəsində mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Ucnoqta.az-a verilən məlumata görə, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilmiş, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 12 ədəd raket (8 ədəd 122 mm-lik 9M22U raketi və 4 ədəd 200 mm-lik MD-20F raketi) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş raketlərin ətrafında 30 kv.m əraziyə yerüstü baxış keçirilmiş, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 15 mart 2018-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Abşeron, Beyləqan, Füzuli, Tərtər, Qazax, Naftalan, Goranboy, Yevlax, Xızı, Şəmkir, Lənkəran rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 8 ev və həyətyanı sahəyə, 3 əkin sahəsinə, 1 fərdi yaşayış evinin qarşısına, 1 ferma ərazisinə, 5 otlaq sahəsinə, su kanalına, kənd qəbirstanlığının yaxınlığına, məişət tullantıları ərazisinə, yol kənarına, RPŞ-nin inzibati ərazisinə, Yuxarı Qarabağ kanalına, beton zavod və bazar ərazisinə baxış keçirilmiş, 2389 ədəd partlamamış hərbi sursat, 1 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmiş, 28 295 kv.m ərazi yoxlanılıb.