“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Biləsuvar rayonunda həyata keçirilən layihələr uğurla yekunlaşıb.
"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, bu münasibətlə rayonun Xırmandalı kəndində açılış mərasimi keçirilib.
Açılış mərasimində Biləsuvar rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində son illər rayonda həyata keçirilən sosial infrastruktur layihələri, aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verib. Bildirib ki, rayonun ən böyük yaşayış məntəqələrindən olan Xırmandalı və Bəydilli kəndlərində içməli su məsələsi həmişə aktual olub və bu layihənin icrası nəticəsində sakinlər keyfiyyətli içməli su ilə təmin olunublar.
“Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin də içməli su təchizatının xüsusi diqqətdə saxlanıldığını bildirib. Şirvan-Muğan qrup su kəmərinin əhəmiyyətindən danışan sədr müavini qeyd edib ki, bu mənbədən Hacıqabul, Şirvan və Biləsuvar şəhərlərinə, həmçinin bir sıra kəndlərə suyun verilməsi təmin olunub. 2018-ci ildə kəndlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrası davam etdiriləcək.
Açılış mərasimində iştirak edən kənd sakinləri indiyədək su təminatı baxımından ciddi çətinliklərlə qarşılaşdıqlarını bildiriblər. Bu sahədə problemlərin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Biləsuvar rayonunun Bəydilli və Xırmandalı kəndlərində yaşayan sakinləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə su mənbəyi Şirvan-Muğan qrup su kəməri seçilib. Şirvan-Muğan qrup su kəmərindən Bəydilli və Xırmandalı kəndlərinə çıxışlar verilib. Kəndlərdə müxtəlif diametrli polietilen borularla ümumi uzunluğu 14,2 km su xətləri çəkilib, əhalinin ümumi istifadəsi üçün 77 ədəd bulaq quraşdırılıb. Biləsuvar rayonunun 2 kəndində icra olunan layihələr 12 min nəfərin içməli su təminatının yaxşılaşdırılmasına imkan yaradıb.
“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncama uyğun olaraq 28 rayonun 170 yaşayış məntəqəsində yeni su təchizatı sistemləri yaradılıb və bu layihələrdən 271 mindən artıq sakin faydalanır.