Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi "Bakcell" Qərbi Kaspi Universitetinin təşkil etdiyi əmək yarmarkasında iştirak edib. Özünün genişmiqyaslı korporativ sosial fəaliyyətinə görə seçilən "Bakcell" şirkəti Azərbaycan gənclərinin təhsili və peşəkar inkişafını diqqət mərkəzində saxlayır. Bu fəaliyyətin davamı olaraq "Bakcell" mart ayının 10-da Qərbi Kaspi Universitetinin təşkil etdiyi əmək yarmarkasında iştirak edib. Müxtəlif sahələri təmsil edən 50-dən artıq nüfuzlu şirkətin iştirak etdiyi əmək yarmarkasında universitetin tələbə və məzunlarına "Bakcell" şirkətinin satış və marketinq departamentlərində mövcud olan vakansiya və təcrübə imkanları barədə məlumat verilib. Həmçinin gənclər "Bakcell" şirkətinin öz müştərilərinə və xidmətlərinə innovativ yanaşma üsulları barədə geniş məlumatla tanış olublar. Karyera sərgisindəki Bakcell stendi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd etmək lazimdır ki, "Bakcell" və Qərbi Kaspi Universiteti arasında 14 dekabr 2017-ci il tarixində imzalanmış Anlaşma Memorandumuna əsasən, tərəflər arasında elm, təhsil, kadr məsələləri və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlığın qurulması nəzərdə tutulur. Bu əməkdaşlıq çərçivəsində görüləcək işlər ölkəmizdə təhsil və iqtisadiyyatın inkişafı üçün faydalı olmaqla yanaşı, Azərbaycan gənclərinin əmək bazarına uyğun mütəxəssis olaraq yetişdirilməsinə töhfə verəcək.
"Bakcell" şirkətinin gənclərin təhsil almasına və karyera qurmasına dəstək göstərir və beləliklə Azərbaycan gənclərinin parlaq gələcəyinə öz töhfəsini verir.
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi "Bakcell" şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan "Bakcell" ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.