“SpaceX” şirkətinin rəhbəri İlon Mask Marsa uçuş üçün nəzərdə tutulan yeni kosmik gəminin ilk sınağının 2019-cu ilin ilk yarısında keçiriləcəyini açıqlayıb.
"Ucnoqta.az" Lent.az-a istinadən xəbər verir ki, bu barədə o, Texasın Ostin şəhərində keçirilən SXSW illik texnologiya yarmarkasında deyib.
”Biz ilk Mars gəmisi və ya planetlərarası gəminin qurulmasına başlamışıq. Mən düşünürəm ki, o, gələn ilin ilk yarısında qısa uçuşlar həyata keçirə biləcək”, - deyə İ. Mask söyləyib. Bununla yanaşı, Mask gülərək etiraf edib ki, bəzən onun planları və gözləntiləri şişirdilmiş olur. Hazırda “SpaceX”in vəzifəsi 2022-ci ilə qədər Marsa yük göndərməyə nail olmaqdır. Yekun məqsəd isə Marsa insanların göndərilməsi üçün orada şərait yaratmaqdır.
Şirkət hesab edir ki, uzunluğu 48 metr olan və içərisində astronavtlar üçün 40 kabin hazırlanan planetlərarası kosmik gəmini kosmosa çıxaracaq “SpaceX BFR” (Big Falcon Rocket) sisteminin təkrar istifadəsi mümkün olacaq. Hazırda şirkət bu daşıyıcı raket üzərində iş aparır. Onun hündürlüyü 106 m, diametri 9 metrdir. Faydalı yükgötürmə qabiliyyəti 150 tondur. Gəminin Marsa göndərilməsi “Falcon” raketlərinin ilkin buraxılışlarından (5-6 milyon dollar) daha ucuz başa gələcək.
“Bu mərhələdə ən önəmlisi sadəcə olaraq ümumi dəstək, təşviq və ictimaiyyət, iş adamları tərəfindən xoş məramın olmasıdır. Əgər biz bu gəmini hazırlayıb başa çatdırsaq, başqa şirkətlər və ölkələr də eyni şeyi edə bilər”, - deyə İ. Mask vurğulayıb.