Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 28 fevral 2018-ci il tarixli sərəncam imzalayıb.
Təhsil Nazirliyinin mətbuat xidmətindən "Ucnoqta.az"a verilən məlumata görə, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb. Bu artım orta hesabla 240 min təhsil işçisinə şamil edilir.
Qeyd edək ki, 2014-cü ildən etibarən ölkə üzrə ümumilikdə 140 000-dək müəllim diaqnostik qiymətləndirmədən keçib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, diaqnostik qiymətləndirilmədən keçən bütün müəllimlərin əməkhaqları artırılıb.