Azərbaycanın İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası İqtisadi, Texniki və Elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Misirdə səfərdədir.
"Ucnoqta.az" "Qafqazinfo"ya istinadən xəbər verir ki, nümayəndə heyəti Azərbaycan parkı və parkda fəaliyyət göstərən kitabxana il tanış olub, kitabxanaya ölkəmiz haqqında kitab bağışlayıb. Qeyd edək ki, Misirin Qəlubiyyə vilayəti ilə Azərbaycanın Abşeron rayonu qardaşlaşmış rayonlardır.
Sonra nazir Şahin Mustafayev Qəlubiyyə vilayətinin qubernatoru Məhəmməd əl Əşməui ilə görüşüb. Görüşdə Azərbaycan-Misir əlaqələrinin uğurla davam etdiyi, əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulanıb, ölkələrimizin regionları arasında əlaqələrin genişləndirilməsinin önəmi diqqətə çatdırılıb, regionlararası əməkdaşlıq məsələləri müzakirə edilib.
Həmin gün Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirib. Misirin Baş naziri Şərif İsmayıl ilə görüşdə Azərbaycanın iqtisadiyyat naziri ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini, yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilən görüşlərin əməkdaşlığın genişlənməsində xüsusi əhəmiyyətini vurğulayıb. İndiyədək ölkələrimiz arasında 50-ə qədər qarşılıqlı səfərin həyata keçirildiyini qeyd edən Şahin Mustafayev Azərbaycan nümayəndə heyətinin Misirə səfərinin də əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
Misirin Baş naziri Şərif İsmayıl Azərbaycan nümayəndə heyətinin Misirə səfərindən məmnunluğunu ifadə edib, ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, əməkdaşlığın genişləndirilməsi istiqamətlərinə dair fikirlərini bildirib.
Misirə səfər çərçivəsində Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev bu ölkənin Xarici İşlər naziri Sameh Şükri ilə görüşüb. Görüşdə qarşılıqlı əlaqələrin inkişafı və gələcək perspektivləri müzakirə edilib, Misir ilə Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq etdiyi qeyd olunub. İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanın Ermənistan istisna olmaqla bütün ölkələrlə mehriban əlaqələr qurduğunu və münasibətləri inkişaf etdirmək niyyətini diqqətə çatdırıb.
Misirin Xarici İşlər naziri Sameh Şükri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını dəstəklədiyini bildirib.
Qarşılıqlı maraq doğuran digər məsələlər ətrafinda da fikir mübadiləsinin aparıldığı görüşdə Misirin sərmayələr və beynəlxalq əməkdaşlıq naziri xanım Sahar Nasir və Azərbaycanın Misirdəki səfiri Tural Rzayev də iştirak edib.