Mətbuat Şurası APRA ilə birgə “dəyirmi masa” keçirib

15:37 - 26 Yanvar 2018 - MEDİA

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının və “Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyası” İctimai Birliyinin (APRA) birgə təşəbbüsü ilə “PR və media dialoqu” mövzusunda “dəyirmi masa” keçirilib. 

Şuradan Ucnoqta.az-a verilən məlumata görə, toplantını giriş sözü ilə MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov açaraq informasiyanın ilkin mənbəyi olan mətbuat xidmətləri, mətbuat katibləri, ictimaiyyətlə əlaqələrə məsul şəxslər ilə media arasındakı münasibətlərin səmərəli olmasının vacibliyini vurğulayıb. Azərbaycan qanunvericiliyində cımiyyətin informasiya təminatı ilə əlaqədar xüsusi müddəaların yer aldığını vurğulayan Ə.Amaşov bildirib ki, mətbuat xidmətləri ilk növbədə bu tələbə həssas yanaşmalıdırlar. “Bu müddəalara əməl edilməsi mütləqdir. Eyni zamanda ictimaiyyətlə əlaqələrin düzgün qurulması peşəkarlıq məsələsidir. Toplantımızda iştirak edən mətbuat katibləri kifayət qədər tanınmış, cəmiyyət tərəfindən qəbul olunmuş jurnalistlərdir. Məmurların və ya özəl şirkətlərin cəmiyyətə təqdim olunmasında onların rolu böyükdür. Hesab edirəm ki, məsələyə daha peşəkar tərzdə yanaşılması üçün mövcud sahədəki bilik və təcrübənin, habelə beynəlxalq təcrübənin öyrənilməsi mütləqdir. Çünki düzgün PR yalnız hansısa qurumun işinin çatdırılması deyil, ən əsası ictimaiyyətin həmin qurumun timsalında dövlətin, ayrı-ayrı strukturların yeritdiyi kursa inam və etimadının qazandırılması məsələsidir. Bu isə bütövlükdə cəmiyyətin mənafeləri baxımından müstəsna əhəmiyyət daşıyır. İnanıram ki, yeni təsis edilmiş Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyası İctimai Birliyi mövcud istiqamətdə faydalı işlər görəcək. Çünki qurumda öz sahəsinin biliciləri olan şəxslər toplaşıblar. Buna görə də Mətbuat Şurası quruma hər cür dəstək göstərməyə hazırdır”, - deyə Ə.Amaşov vurğulayıb.

Daha sonra Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyası İctimai Birliyinin sədri İlham Məmmədov yeni təsis edilmiş təşkilatın məqsəd və gələcək planlarından danışıb. İ.Məmmədov bildirib ki, birliyin yaradılmasında əsas məqsəd ictimaiyyətlə əlaqələr sahəsində tədrisin mükəmməlləşdirilməsi, kadr potensialının artımı üçün şəraitin yaradılması və bu sahəsinin hərtərəfli, keyfiyyət və kəmiyyət baxımdan inkişafına nail olmaqdır. “Ölkəmizdə bu sahə yeni olduğundan Assosiasiya ölkədə PR tətbiqi sahəsində yüksək peşəkar və etik standartlara riayət edilməsinə kömək edəcək. İctimaiyyətlə əlaqələr üzrə yerli mütəxəssislərin bilik və bacarıqlarının artırılması üçün şərait yaradacaq. Əminəm ki, yeni təsis edilmiş ictimai birlik Azərbaycanın PR sahəsinin inkişafına öz töhfəsini verəcək”, deyə APRA sədri vurğulayıb.

Tədbirdə iştırak edən digər çıxışçılar PR-ın rolundan danışaraq özəl və dövlət təşkilatlarını təmsil edən mətbuat xidmətləri, ictimaiyyətlə əlaqələr təmsilçiləri və media arasında olan münasibətdən, bu istiqamətdə həyata keçirilən tədbirlərdən söz açıblar. 

Görüşdə özəl və dövlət qurumları ilə media arasında olan münasibətlər bir daha müzakirə olunaraq əməkdaşlığın yeni yolları, bu istiqamətdə bir-sıra məsələlərə toxunulub. Tədbirdə hər iki tərəfin fikirləri dinlənilib və təşkilat ilə ictimaiyyət arasında informasiya körpüsü rolunu oynayan medianın bu sahədə rolundən bəhs edilib.

Görüşdə həmçinin 2018-ci ilin aprel ayında Bakı birinci PR Mütəxəssisləri Forumunun keçiriləcəyi və prosesə APRA-nın da müvafiq dəstək göstərcəyi vurğulanıb.


Xəbər xətti