“Elə bildik qazdan boğulub ölüb, polisə zəng vurduq...”

12:22 - 11 Yanvar 2018 - Xəbər

Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusu Anjelika Morozovanın başına torba keçirib boğaraq öldürməkdə təqsirləndirilən Namiq Vəkilovun məhkəməsi keçirilib.

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun icraatında olan prosesdə şahid Sevinc Babayeva ifadə verərək N. Vəkilovu tanımadığını, A. Morozovanı tanıdığını deyib:

"Anjelika ayın 21-də bizə gəlib köhnə soyuducunu apardı, dedi düzəltdirəcəm. Hadisə günü gördüm onun həyətində işıq yanır, təəccübləndim. Çünki heç vaxt işıq yandırmırdı, səhəri gün gördüm mətbəxdə də işıq yanır. Yaxınlaşıb baxmaq istəyəndə gördüm qaz sayğacı da açıqdı. Bir gün sonra Solmaz mənə zəng edib dedi ki, Anjela neçə gündür telefonlara cavab vermir. Anjela mənə demişdi ki, Nailəgildə olacaq. Onlarla da danışdıq, dedi bizdə yoxdu. Bir yerdə evinə gedib qapını döyüb, açan olmadı. Bizə demişdi ki, çiməcəyəm, elə bildik qazdan boğulub ölüb. Qapını aça bilmədik, polisə zəng etdik. 

Anjela mənə özü demişdi ki, Elşən ondan 4700 manat borc alıb qaytarmayıb. Bir dəfə də pulu istəmək üçün Elşəngilə bir yerdə getdik. Arvadı Şəhla məni evdən qovdu, sonra da Anjela gəldi. O dedi ki, Şəhla ona "nə vaxt tək gəlsən, onda bu haqda danışarıq" deyib. 

Bir-iki dəfə də ona zəng gəlmişdi, danışanda Namiqin adı çəkilmişdi.  Kim olduğunu soruşdum, dedi yataqxanada qonşu idik, arada bu tərəflərə gələndə bizdə kofe içir". 

Nailə Məmmədova ifadə verərək deyib ki, özü də, A.Morozova da idmançı olub, qadın futbolu oynuyublar və belə tanış olublar: "Hadisədən bir gün əvvəl yoldaşımla Anjelagilə gedib soyuducusuna baxdıq, xarab idi. Yoldaşım Samir ustadır. Biz ordan çıxanda Anjela dedi ki, çiməcək, mən dedim qazdan boğularsan, ehtiyatlı ol. Səhəri gün "odnoklassniki"yə girib gördüm Anjela ora girməyib, narahat oldum. Çünki hər dəqiqə orda olurdu. Sonra Sevinc zəng edib Anjelanı soruşdu, gedib bir yerdə evinə baxdıq. Qapı bağlı idi, polisə xəbər verdik. Bəlli oldu ki, o boğularaq öldürülüb".

N.Məmmədovanın əri Samir Məmmədov da oxşar ifadə verib. 

Məmmədova Sürəyya Azərbaycan qızı şahid qismində ifadə verərək bildirib ki, N.Vəkilov ona A. Morozovanın 250 manat borcu olduğunu deyib: "Namiqdə telefon var idi, soruşdum dedi "mənim qadınım var, fala baxan, o alıb". Ona zəng gəldi, nəsə polis sözü işlətdi, əsməyə başladı. Dedim nolub, dedi "Anjelanın müdiridir, deyir gəlib maaşını götürsün". 

Proses yanvarın 18-də davam etdiriləcək. 

Elşən Ələsgərov mərhum Anjelikanın qonşusu olub. N.Vəkilovun anası Xuraman Vəkilova ötən iclasda ifadə verərək Anjelikanı Elşənin borca görə öldürdüyünü iddia edib. 

Xəbər xətti