Jurnalistlər üçün yazı müsabiqəsi elan edilib

09:46 - 31 Dekabr 2017 - MEDİA

Parlament Jurnalistləri Birliyi (PJB) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubleyi ilə bağlı jurnalistlər arasında yazı müsabiqəsi elan edib.

 

Ucnoqta.az xəbər verir ki, bu barədə "Report"a Birliyin sədri Elşad Eyvazlı məlumat verib.

O, müsabiqənin şərtlərini də açıqlayıb: “1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın həyatına ən böyük və tarixi hadisə kimi daxil olub. Müstəqil, azad, demokratik respublika qurulmasını qarşısına məqsəd qoyan Azərbaycan Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirib.

Şərqdə ilk demokratik Respublika olan Azərbaycan Cümhuriyyəti XX əsrin sonlarında yenidən istiqlaliyyətinə qovuşan müstəqil Azərbaycanın şərəfli tarixində böyük mərhələnin başlanğıcını qoyub.

Xalqımız Azərbaycan Cümhuriyyətinin yarandığı bu şərəfli tarixi - 28 Mayı Respublika Günü kimi qeyd edir. Gələn il Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.

Parlament Jurnalistləri Birliyi də AXC-nin 100 illiyi ilə bağlı jurnalistlər arasında yazı müsabiqəsi keçirməyə qərar verdi. 2018- ci ilin yanvarından dekabrına qədər, 1 il müddətində nəzərdə tutulan müsabiqədə bütün jurnalistlər iştirak edə biləcəklər. Mövzuya AXC ilə bağlı müxtəli araşdırmalar, müsahibələr, AXC qurucuları ilə bağlı portret yazılar və s. aiddir.

Müsabiqənin əsas məqsədlərindən biri də jurnalistlərin Azərbaycan Xalq Cümhuriyyətinə olan münasibətini ictimaiyyətə çatdırmaqdır”.

E.Eyvazlı deyib ki, müsabiqəyə yazı qəbulu yanvar-noyabr aylarında həyata keçiriləcək, dekabrda isə ən yaxşı yazılardan ibarət kitab çap olunacaq.

Müsabiqə şərtləri

Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur. Müəlliflər mövzuya yanaşma baxımından da sərbəstdirlər.

Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:

- Materialların mövzunu əhatə etmə səviyyəsi;

- Faktlardan istifadə xüsusiyytələri;

- İfadə vasitələrinin zənginliyi;

- Oxucu üçün informasiyalılıq dərəcəsi.

Yazıda “Parlament Jurnalistləri Birliyinin “Azərbaycan Xalq Cümhuriyyəti – 100” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi olmalıdır.

Qeyd: Yazı müəllifinin müsabiqə üçün təqdim edəcəyi materialı çalışdığı KİV-də dərc edilməsi şərt deyil.

III. Yazıların təqdim edilməsi

Təqdimat zərfinə yazı təqdim edən şəxsin əlaqə vasitələri əlavə olunmalıdır.

Yazının həcmi şərt deyil.

Yazılar 2018-ci ilin yanvarın 1-dən dekabrın 1-dək hər gün saat 10.00-dan 17.00-dək Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, ev 104. mənzil 03 ünvanında qəbul ediləcək.

Mükafatlandırma

Yazı müsabiqəsinin qaliblərinə pul və digər mükafatlar nəzərdə tutulmur. Müsabiqədə qalib olanların yazısı “AXC-100” kitabında dərc olunacaq. Qaliblərin sayında məhdudiyyət olmayacaq. Müsabiqə qalibinin adı açıqlanacaq.

Əlaqə vasitələri:

E-mail: [email protected]

Telefon: +(994 12)465-95-74

00994(55) 946-06-60

Xəbər xətti