Məzarlardan birinin üstüşəkilli başdaşı və mərmərdən olan tumbaları, birinin sinə daşı, birinin isə mərmərdən olan üzlükləri oğurlanıb
Şamaxı rayonunda məzarlıqdan oğurluq hadisəsi baş verib. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, Şamaxı rayonunun Yeddi Günbəz qəbiristanlığında 10-a yaxın şəxsin məzarındakı mərmər daşlar naməlum şəxslər tərəfindən sökülərək aparılıb.
Məlumata əsasən, məzarlardan birinin üstüşəkilli başdaşı və mərmərdən olan tumbaları, birinin sinə daşı, birinin isə mərmərdən olan üzlükləri oğurlanıb. Elə məzar var ki, tamamilə sökülərək daşları aparılıb.
Mərhumların ailə üzvlərinə 2 min manata yaxın maddi ziyan dəydiyi bildirilir.
Şamaxı sakini Babək Mirzəzadə babasının və digər şəxslərin məzarındakı mərmər daşların oğurlanması barədə Şamaxı rayon Polis Şöbəsinə məlumat verib.
Hadisə yerinə polis əməkdaşları gəlib və bu hadisənin birinci dəfə olmadığı, oxşar oğurluq hallarının noyabrın 3-də də qeydə alındığı bildirilib. O zaman da həmin qəbiristanlıqdan bir neçə qəbir daşı oğurlanıb. Onda da hadisənin kimin tərəfindən törədildiyi naməlum olaraq qalıb. Hələlik oğurluğun kim tərəfindən edildiyi məlum deyil.
Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.