Sabunçu rayonunda 19 yaşlı gənc valideynlərini təhqir edən şəxsi bıçaqlayıb.
Ucnoqta.az "Ölkə.Az"a istinadən bildirir ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb.
Bir məhlədə böyüyən cavanların mübahisəsi sonda qətllə nəticələnib. Sabunçu rayon prokurorluğundan "Ölkə.Az"-a verilən açıqlamaya görə, 25 yaşlı Nicat Qulam oğlu Həziyev 19 yaşlı Emil İlqar oğlu Heydərovun valideynlərini təhqir edib.
Bunu qəbul etməyən E.Heydərov üzərində gəzdirdiyi cib bıçağı ilə N.Həziyevə bir neçə bıçaq zərbəsi vurub. Nəticədə Nicat Həziyev elə hadisə yerindəcə keçinib. Hadisəni törədən şəxs isə ərazidən uzaqlaşsa da, polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində saxlanılaraq rayon prokurorluğuna təhvil verilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və E.Hüseynov barəsində həbs-qətimkan tədbiri seçilib.