Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Gürcüstanın paytaxtı Tiflisdə Şərq Tərəfdaşlığına üzv ölkələrin jurnalistlərinin növbəti toplantısında iştirak edib.
Mətbuat Şurasından Ucnoqta.az-a verilən məlumata görə, Avropa Şurasının və Avropa Birliyinin təşkilatlığı ilə keçirilmiş tədbirdə MŞ sədri çıxış edərək rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən, söz və ifadə azadlığı ilə bağlı xarakterik tendensiyalardan söz açıb. Ə.Amaşov bildirib ki, Şuranın başlıca missiyası media orqanları ilə bağlı şikayətlərin araşdırılmasından ibarətdir. Bu xüsusda o, şikayətlərin strukturuna, hansı tələblərin yer almasına, MŞ-nin qərar və rəylərinin şikayətlərdəki tələblərə nə dərəcə adekvat olmasına diqqət çəkib. Ə.Amaşov həmçinin internet media orqanlarının fəaliyyətindən narazılıqların, onların peşə prinsiplərinə etinasız yanaşmalarının ənənəvi medianı üstələməsini xarakterik hal kimi vurğulayıb. MŞ sədri eyni zamanda praktika qarşılaşılan bir sıra məqamlar barədə fikirlərini bölüşərək jurnalistikada peşə etikası ilə əlaqədar standartlara müxtəlif yanaşmaların olduğunu bildirib. Mövcud istiqamətdəki yeniliklərin təbliğinə daim ehtiyacın duyulduğunu söz və ifadə azadlıqlarının təminatında vacib məqamlardan biri olaraq önə çəkib.
Qeyd edək ki, toplantıda Şərq Tərəfdaşlığı Ölkələri Jurnalistləri Birliyinin regionda söz və ifadə azadlığı ilə bağlı məsələlərə həssaslığının artırılması yolları ətrafında müzakirələr aparılıb, bununla bağlı konkret situasiyalar təhlil olunub. Müzakirələr gedişində təşkilatın informasiya portalının yaradılması və peşə davranışı qaydalarının hazırlanması barədə qərar qəbul edilib.
Onu da deyək ki, toplantıda Ə.Amaşovla yanaşı MŞ İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli və «Baku Network»un Ekspertlər Şurasının rəhbəri Elxan Ələsgərli də iştirak edib.