Milli Məclisin bugünkü iclasında millət vəkili Elmira “Azərbaycan Respublikasının Cinayət-Prosesual” Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı təkliflər səsləndirib. Bildirib ki, penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi və cəza siyasətinin humanistləşdirilməsi yönündə yeni mühüm addım atmaqdayıq: “Mən bu dəyişiklikləri dəstəkləyirəm. Lakin bir neçə sualım var, bu əsasən narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmə məsələsi və həmin şəxsə qarşı tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ilə bağlıdır. Başa düşdüyüm qədər bütün hüquqi prosedurlar qurtardıqdan sonra şəxsin narkomaniya xəstəliyinə düçar olmasının təsdiq edilməsindən sonra və onun əməlində başqa cinayət əməli olmadıqda bu şəxs məhkəmənin qərarı ilə müvafiq icra hakimiyyəti orqanının tibb müəssisəsinə göndərilir. Bununla bağlı iki sual ortaya çıxır. Məlumdur ki, hər il istintaq orqanları narkomaniyaya düçar olmuş yüzlərlə insanı cinayət məsuliyyətinə cəlb edir və bu dəyişiklikdən sonra onlar cəzaçəkmə müəssisələrinə yox tibbi müəssisələrə göndəriləcəklər. Amma mən bildiyimə görə belə müəssisələr Azərbaycanda bir, ya iki dənədir. Və onlar hazırda da belə xəstələri çətinliklə yerləşdirirlər. Ona görə bu həcmdə narkomaniyadan əziyyət çəkən şəxsləri qəbul etməyə imkanları olacaqmı? Sualım ondadır ki, bu cür xəstələr ancaq Səhiyyə Nazirliyinin müəssisələrində yerləşdiriləcək, ya bu işə penitensiar xidmətin öz tibbi müəssisələri işə cəlb olunacaq.Və bundan ikinci sual doğur.
İkinci sual ondan ibarətdir ki, bu insanlar mualicə zamanı mütləq xəstəxanalarda, yəni ciddi qapalı rejimdə olmalıdılar, ya da respublikada mövcud olan narkodispanserdə sadəcə uçota götürülərək evdə yaşaya da bilərlər? Və evdə ola-ola müalicə oluna bilərlərmi? Bu ciddi məsələdir, çünki məcburi tibbi tədbirlər və xüsusi təyinatlı tibbi müəssisələrə yerləşdirilməsi yenə də azadlığın məhdudlaşdırılmasının bir növüdür. Məncə bu tip xəstələri kateqoriyaya bölərək ayırd etmək lazımdır ki, hansını məhkəmələr azadlığa buraxa bilər və onlar ancaq narkodispanserdə uçota dayanmalıdırlar, digər kateqoriya, yəni daha ağır və təhlükəli xəstələr mütləq müvafiq tibbi müəssisəyə göndərilməlidir. Söhbət ondan gedir ki, elə insanlar da var ki, bir-iki dəfə bu zəhəri kiminsə təsiri altında istifadə ediblər, amma stajlı narkoman deyillər və onları cəmiyyətdən tibbi müəssisə olsa da təcrid etmək düzgün deyil. Onlar ailəsi ilə yaşayaraq öz işini, təhsilini və digər fəaliyyətini davam elətdirə bilərlər. Narkoloji dispanserdə uçotda qeydiyyata alınmaq şərti ilə”.
Elməddin