"Doğuş zamanı baş verən ana ölümlərinin səbəbləri çoxdur”

21:01 - 30 Noyabr 2017 - Cəmiyyət

Naibə Həsənova: “Əgər həkim bunu yönəltmirsə, həkimin səhvindən ana ölümü halı baş verə bilər”


Bir müddət öncə Samux rayon sakini, 1988-ci il təvəllüdlü Gülmirə Sədrəddin qızı Eyyubova Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxananın doğum şöbəsində qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib. Əməliyyatdan bir neçə saat sonra - gecə saatlarında qadının vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Elə son dövrlər mətbuatda və gündəlik həyatda ən çox eşitdiyimiz bəd xəbərlərdən biri də doğum zamanı və doğumdan sonra ölən analarla bağlıdır. Ölümün səbəbinə gəldikdə isə həkimlər günahı xəstələrdə, xəstələr isə həkimlərdə və səhiyyə sistemində görürlər. Bəs görəsən, ana ölümlərinin əsas səbəbi nələrdir? 

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən cərrah mama-ginekoloq Naibə Həsənova bildirdi ki, doğuş zamanı baş verən ana ölümlərinin səbəbi çoxdur: “Birinci, xanımın özü ilə bağlı olan səbəblərdən başlayaq. Hamiləlikdən kənar qan yaranma dövründə müəyyən problemlər ola bilər. Yəni qanı laxtalandıran müəyyən amillər və faktorların çatışmamazlığı müşahidə oluna bilər. Hamiləlik zamanı immun sistemində olan dəyişikliklər nəticəsində laxtalanma sistemində də zəiflik baş verə  və qanamaya meyillilik yarana, yaxud yanaşı olaraq digər xəstəliklər baş verə bilər. Məsələn, hamiləlikdən kənar şəkərli diabet, qalxanvari vəzin (zob) funksional problemləri ilə bağlı məsələlər ortaya çıxa bilər. Eyni zamanda hamiləlik dövrünün özündə meydana çıxan bir sıra problemlər var. Misal üçün cinsi yolla keçən müəyyən infeksion xəstəliklər var ki, onlar hamiləliyin müddəti artdıqca, düşük və vaxtından əvvəl doğum təhlükəsi və ya ən ağır halda ana ölümlərinə səbəb olan ciftin normal olmayan yerdə yerləşməsi, cift gəlişinin olması, vaxtından qabaq qopması kimi problemlərlə əlaqəli ola bilər. Yaxud da xəstənin lazım olan zamanda xəstəxanaya, doğum evinə və ya stasionara daxil olmaması ilə bağlı ola bilər”. 

Ginekoloq qeyd etdi ki, bəzən isə həkimin səhvinin ucbatından ana ölümləri baş verir, buna yatrogen səbəblər deyilir: “Əgər həkim hamiləlik dövründə qanaxmanı düzgün qiymətləndirə, hamiləni düzgün apara bilmirsə, əgər cift qopması varsa, müəyyən səbəb tapmadan xəstəni məcbur edib yatızdırmırsa və xəstə də həkiminə qulaq asmırsa, bunun nəticəsində ciddi problemlər yarada bilər. Eyni zamanda sırf hamiləliyin özünün fəsadları da var. Bu hestozlar, eklampsiya və preeklampsiya hallarıdır ki, hələ də tam dəqiq məlum deyil. Və heç bir yüzdə yüz müayinə üsulu yoxdur ki, xəstə özü də gedib yoxlansın və desin ki, mənim proqnozum nədir? Bunu sırf peşəkar, səriştəli ginekoloq hamiləni yönəldərək edə bilər. Belə ki, əgər həkim qadının əvvəlki hamiləliklərini yönəldibsə və fəsadlı mamalıq anamnezi varsa və bununla bağlı olduğunu bilir və yönəltmirsə, həkimin səhvindən ana ölümü halı baş verə bilər. Həm ana ölümü, həm də dölün bətndaxili məhvi baş verə bilər. Yaxud, həkim doğumu kobud aparırsa, doğum yollarında travmaya səbəb olursa, ana ölümü ola bilər. Ciftin tam ayrılmasını gözləmədən tələskənlik edərsə, bunun nəticəsində ana ölümü baş verə bilər. Müəyyən  infeksiyalar var ki, qalxan yollarla qalxıb da hamiləyə doğum zamanı ziyan edə bilər. Bəzən  zahılıq dövründə (doğuşdan sonra) də ana ölümlərinə rast gəlinir. Ən ağır fəsadlarından biri də qanaxmadan sonra ana ölümündə infeksiya, qanaxma və yanaşı xəstəliklərin ola bilməsidir. Hamiləliyin özü yük olduğu üçün ürək-qan damar sistemində və s. problemlər yaşaya bilər. Yanaşı olaraq, tutaq ki, hamilənin özündə hamiləlikdən kənar beynin hər hansı bir damarında genişlənmə varsa, güc verən zaman damar partlaya və beyinə qan sıza bilər. Həkim əgər hamiləni düzgün aparırsa, dəqiq anamnezləri toplayırsa, sırf öz ixtisasından əlavə, digər ixtisas sahibləri ilə məsləhətləşib hamiləni aparırsa, bu zaman riski azalda bilər. Amma hamiləlikdə baş verən tromboemboliyadan heç kim sığortalanmayıb. Doğum zamanı doğum yolunda damarların bir çoxunda damar ağızları açıq olur, ora dölyanı suyu qaça bilər. Dölyanı su ilə embolizasiya - tromb embloziyasiya ola bilər. Hamiləlik  zamanı qanın laxtalanma sistemi nəzarətdə olmursa, burada risk faktoru var. Eyni zamanda, qeysəriyyə kəsiyinin özündə də bir çox fəsadlar ola bilər. Kobud tikilirsə, arterial damarlarda zədələnmə varsa və görünmürsə əməliyyatı bitirəndən sonra daxili qanaxma (profuz qanaxma) ola bilər, yaxud uşaqlıq yığılmaya (atanik qanaxma) bilər. Yəni, uşaqlıq əzələsi heç bir dərmana tabe olmadan boş olur və əgər vaxtında bu orqan götürülməsə ananın ölüm şansı çox yüksək olur”. 

 N.Həsənovanın sözlərinə görə, anaların özləri və həkimlərlə yanaşı, səhiyyə sistemində də səhvlər olur: “Biz səhiyyə sistemində işləyirik və öz problemlərimizi daxilimizdə yaxşı bilirik. Səhiyyədə bu istiqamətlərdə təbliğat və təşviqat işləri olsa daha yaxşı olar. Mən təklif edərdim ki, hamiləliyə hazır olmayan 14-20 yaşlı qızın orqanizmi, erkən cinsi həyatın və ana olmağın təhlükələri haqqında maarifləndirici simpoziumlar, konfranslar keçirilsin. Broşüra şəklində hər hansı bir maarifləndirici kitabçalar hazırlansa, internetdə və portallarda məlumatlar bölüşülsə daha yaxşı olar. Hazırda hər kəsin ən yaralı yeri sosial sığortadır. Yəni, məcburi şəkildə dövlət tərəfindən sığortlama hesabına bəlkə də, müəyyən fəsadlar erkən tapılsa yaxşı olar. Yəni qızın, qadının ailə qurandan sonra hamilə qalmadan öncə onun daxili orqanları haqqında, yəni həmin insanın orqanları hamiləliyə hazırdırmı, risk varmı və başqa məsələlər öyrənilməlidir. Bütün bunlara səhiyyə sistemi maarifləndirməklə kömək edə bilər”.


Könül Əhmədova

Xəbər xətti