Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlarda əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar rayonlarda səyyar formada əhaliyə xidmətlər göstərməkdə davam edir.
Ucnoqta.az AZƏRTAC-ın bölgə müxbirinə istinadən xəbər verir ki, noyabrın 29-dan başlayaraq “ASAN xidmət” Şəki şəhərində sakinlərə səyyar formada xidmətlər göstərir. Bu xidmətlərdən ətraf rayonların sakinləri də yararlana biləcəklər.
Əhaliyə xidmətlərin göstərilməsi üçün Şəki şəhərinin mərkəzində, avtovağzalın yaxınlığında xüsusi yer ayrılıb. Burada hamı üçün bərabər imkanlar yaradılıb. Sakinlər əvvəlcə məlumat bürosuna yaxınlaşır, sənədlərini təqdim edir, növbəyə dururlar. Sonra onlar növbə əsasında avtobusa daxil olur və müraciətlərini edirlər.
Xidmətlər Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Göstərilən xidmətlərin dairəsi genişdir. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələri və ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir. Vətəndaşlara, eyni zamanda, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi ilə bağlı xidmətlər də göstərilir.
Qəbələ regional “ASAN xidmət” mərkəzinin səyyar xidmətin təşkili sektorunun müdiri, xidmətin səyyar avtobusunun qrup rəhbəri Azad Qəribov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, səyyar “ASAN xidmət” Şəkidə dekabrın 28-dək xidmət göstərəcək.