Naxçıvan şəhərinin, onun qəsəbə və kəndlərinin kompleks inkişafı ilə paralel aparılan istilik təchizatı tədbirlərinin yüksək sürət və keyfiyyətlə həyata keçirilməsi əhəmiyyətli nəticələrin əldə edilməsinə imkan verib.
Ucnoqta.az Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsindən AZƏRTAC-a verilən məlumata istindən bildirir ki, bu məqsədlə ardıcıl və məqsədyönlü tədbirlər görülür. 2017-2018-ci illərin qış mövsümünə hazırlıqla əlaqədar bütün qazanxanalara baxış keçirilib, mərkəzləşdirilmiş qazanxanalarda cari təmir işləri aparılıb, buxar və istilik qazanları təmizlənib, sıradan çıxmış mühərriklər yenilənib, elektrik və qaz xətləri yoxlanılıb, istismar müddəti başa çatan borular və siyirtmələr yenisi ilə əvəz olunub.
Xətt təsərrüfatında əsaslı və cari təmir işləri də diqqət mərkəzində saxlanılıb, qış ayları ərzində Naxçıvan şəhərinin daha etibarlı istilik sistemi ilə təmin olunmasına möhkəm zəmin yaradılıb.
Əhaliyə davamlı olaraq istilik verilməsi üçün mərkəzləşdirilmiş qazanxanaların təbii qaz və mazutla, fərdi qazanxanaların isə təbii qaz və dizel yanacağı ilə işləməsi təmin edilib. Yəni qaz təsərrüfatında hər hansı bir qəza baş verərsə, qazanxanalar mazut və dizel yanacağı ilə işləyəcək, istilik sistemində fasilələr yaranmayacaq.
İstilik şəbəkələrinin, ictimai yaşayış binalarının aşağı paylama və daxili istilik sisteminin yenidən qurulması ilə əlaqədar kompleks tədbirlər həyata keçirilib. Qazanxanalarda və xətt təsərrüfatlarında baş verə biləcək hər hansı qəzanın vaxtında aradan qaldırılması üçün qəza briqadalarının 24 saat fəaliyyət göstərməsinə, inzibati və ictimai yaşayış binalarının istiliklə etibarlı təmin olunmasına hərtərəfli şərait yaradılıb.
Artıq bütün obyektlərin istiliklə təminatına start verilib. Hazırda Naxçıvan şəhərində 5 mərkəzləşdirilmiş, 38 fərdi qazanxana vasitəsilə 173 yaşayış binası, eləcə də 7 min 634 mənzil və 30 inzibati bina fasiləsiz olaraq istiliklə təmin edilir.
Onu da qeyd edək ki, son illər yeni tikilən binalarla yanaşı, mövcud inzibati və çoxmənzilli yaşayış binalarının istilik sisteminin yenidən qurulması ilə əlaqədar istilik şəbəkəsi ildən-ilə genişləndirilir, müasir texnoloji avadanlıqlar tətbiq olunmaqla fərdi qazanxanalar tikilib istifadəyə verilir. Fərdi qazanxanalardan inzibati və yaşayış binalarınadək olan məsafədə istilik xətləri tunellər vasitəsilə çəkilib. Bu da həmin xətlərin korroziyaya uğramasının qarşısını alır, yaranmış nasazlıqların yerüstü kommunikasiya xətlərinin zədələnmədən qorunmasına və onlara müntəzəm nəzarət olunmasına əlverişli şərait yaradır.