Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini qətlə yetirməkdə təqsirləndirilən Sənan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Ucnoqta.az Trend-ə istinadən bildirir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Mətanət Həsənova ifadə verib.
Zərərçəkmiş deyib ki, Sənan Məmmədovla qonşu olub və hadisədən əvvəl mərhum Mahirə Əliyeva onlara gələrək Sənanın onu öldürəcəyini bildirib.
Mətanət Həsənova deyib ki, Mahirə onun evində kirayədə qalıb və qətl də həmin evdə törədilib: “Hadisə günü Sənan gecə dostları ilə bizim evə gəldi. Mahirə məni çağırdı. Mən qapının yanına gələndə Sənan Mahirəyə yeddi bıçaq zərbəsi vurdu. Hadisə gözümün qabağında oldu. Hadisə zamanı oğlum səsə hamamdan çıxdı. Sənan oğluma altı bıçaq zərbəsi endirib, məni də bıçaqladı”.
Təqsirləndirilən şəxs S.Məmmədov bildirib ki, hadisədən əvvəl onun pulu yaşadığı evdən oğurlanıb: “Bunlar mənim pulumu oğurlamışdı”.
Proses dekabrın 12-də davam etdiriləcək.
İttihama görə, bu il iyunun 23-də gecə saatlarında Yasamal rayonu, İbrahim Əbilov 60 ünvanında (keçmiş “Sovetski”) 1967-ci il təvəllüdlü Mətanət Həsənovaya məxsus evdə kirayə qalan 1989-cu il təvəllüdlü Mahirə Əliyeva Sənan Məmmədov tərəfindən bıçaqlanıb. Ev sahibəsi və onun oğlu 1991-ci il təvəllüdlü Laçın Həsənov müdaxilə etmək istəyərkən S.Məmmədov onları da bıçaqlayıb.
Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Mahirə Əliyeva xəstəxanada ölüb.
Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Sənan Məmmədov saxlanılıb.