Müdafiə sənayesi naziri Yavər Camalovun qohumlarının adı növbəti qalmaqalda hallanıb.
“Ucnoqta.az” musavat.com-a istinadən xəbər verir ki, nazirin adının yenidən gündəmə gəlməsinin budəfəki səbəbkarı qardaşı oğlu Aqşin Camalovdur. Xatırladaq ki, bir neçə ay əvvələ qədər onun atası Əlikram Camalovun adı 18 min manat sələmə pul verməsinə görə aylarla gündəmdə qalmışdı.
İndi isə daha bir qalmaqal Ə.Camalovun oğlu Aqşin Camalovun üzərindən gündəmə gəlməkdədir. Ortada 63 min manat dəyərləndirilən “BMW X 6" avtomobilinin nazirin qardaşı oğlu tərəfindən yoxa çıxarılması məsələsidir. Hazırda maşının sahibi Nağı Əliyev-Kəngərli məhkəmələrdə nazirin qardaşı oğlunun onu saldığı labirintdən yol axtarmaqdadır.
“2015-ci ilin əvvəlində 1 neçə ay sonra bankın pulunu ödəyə bilməyəcəyimiz aydın oldu. Ona görə də oğlum Tural Əliyevə kreditlə aldığımız maşını aparıb avtosalona qoyduq. Salonun sahibi Dəyanət Qurbanov bir gün zəng elədi, dedi ki, müştəri var, maşını satıram. Müştəri nazir Yavər Camalovun qardaşı oğlu Aqşin Camalov idi” - hazırda məhkəmələrdə haqqını tələb edən Nağı Əliyev-Kəngərli belə deyir. Onun sözlərinə görə 2013-cü ildə “Azəriqazbank”dan kreditlə “BMW X6" markalı, Az 10 ZU 747 dövlət qeydiyyat nişanlı avtomobili alıblar: ”Mənimlə “AG Bank” ASC arasında 21 iyun 2013-cü il tarixdə illik 24 faiz dərəcəsi ilə 36 ay müddətinə 63 min ABŞ dolları məbləğində kredit verilməsi barədə müqavilə bağlandı. Girov təminatı kimi aldığımız “BMW X6" markalı maşın bankın xeyrinə yüklü edildi.
Müqavilənin şərtlərinə və ödəniş cədvəlinə uyğun olaraq 2015-ci ilin aprelinədək müntəzəm ödənişlər edilib. Sonradan isə maddi vəziyyətimdə yaranmış çətinliklərlə bağlı ödənişlər edə bilməycəyimi başa düşdüm. Bu barədə bank rəhbərliyində təmsil olunan şəxsləri məlumatlandırdım. İpoteka predmeti olan avtomaşını bankın razılığı ilə 2015-ci ilin iyununda Dəyanət Qurbanovun vasitəsilə Aqşin Camalova satdım. Aramızda razılaşma belə oldu ki, həmin vaxtadək ödədiyim kredit məbləğinə uyğun məbləği Aqşin Camalov mənə ödəyir. Qalan kredit borcunu banka ödəməsini üzərinə götürür".
N.Əliyev-Kəngərli deyir ki, bu alqı-satqıdan 2 ay sonra bankdan ona zəng edib deyiblər ki, Aqşin Camalov ödəniş etmir: “Mən avtomobilin satıldığı günə olan cədvəl üzrə borcu tam olaraq ödəmişdim. Bank nümayəndələrinin və mənim birgə səylərimiz nəticəsində avtomobil tapılaraq saxlanıldı. Aqşin Camalov bundan sonra banka gəldi, həmin günədək olan kredit borcunu ödədi. Ona bankda izah etdilər ki, avtomobili alıb, sahibi də odur, müvafiq olaraq kreditləri də ödəməlidir. Elə orada bankın əməkdaşları mənə sənədlər verib imza etdirdilər. Dedilər ki, mənim banka heç bir borcum qalmır. İpoteka və kredit müqaviləsi avtomobili alan Aqşin Camalovla bağlanacaq”.
N.Əliyev-Kəngərli deyir ki, ötən 2 il ərzində onu satdığı avtomobillə bağlı narahat edən olmayıb: “2017-ci ilin oktyabrında Nərimanov Rayon Məhkəməsindən iddia ərizəsi aldım. İddia ilə tanış olanda başa düşdüm ki, bankla avtomobili məndən alan Aqşin Camalov saxtakarlıq ediblər. Mən 2015-ci ilin iyununda bankın razılığı və iştirakı ilə Aqşin Camalova satmışam. Bundan sonra Aqşin Camalov bankın razılığı ilə maşının nömrə nişanını düz 3 dəfə dəyişib. Əgər bank razılıq verməsəydi, Aqşin Camalov nömrə nişanını dəyişə bilməzdi! Deməli, bank Aqşin Camalovu maşının sahibi kimi qəbul edib və ona nömrə nişanını dəyişmək üçün 3 dəfə icazə verib. Belə bir halda Aqşin Camalovdan kredit müqaviləsi üzrə öhdəlikləri - yəni ödəniş etməsini niyə tələb etməyiblər?”
N.Əliyev-Kəngərli bank rəsmilərini də qanunsuzluq etməkdə suçlayıb: “Bank məhkəmədə mənə qarşı iddia qaldırdıqdan sonra bilmişəm ki, lap əvvəldən mənə qarşı saxtakarlıq ediblər. Maşını bankın razılığı ilə Aqşin Camalova satanda kredit müqaviləsini onun adına rəsmiləşdirməli idilər. Bunun əvəzində isə mənimlə bağlanan 21 iyun 2013-cü il tarixli kredit müqaviləsinə 22 aprel 2015-ci il tarixli 1 nömrəli əlavə razılıq, həmçinin maşını alan Aqşin Camalovla 28 avqust 2015-ci il tarixdə zaminlik müqaviləsi bağlayıblar. Məni isə kredit müqaviləsində borclu kimi saxlayıblar!”
N.Əliyev-Kəngərli deyir ki, maşını alanda bank ondan hər hansı bir zamin tələb etməyib: “Belə olan halda mənimlə hər hansı tanışlığı, qohumluq əlaqəsi, iş birliyi və digər əlaqəsi olmayan Aqşin Camalovla 2 ildən sonra mənim xəbərim və məlumatım olmadan mövcud müqavilələr üzrə zaminlik müqaviləsi bağlaması qanunsuz və əsassızdır. Üstəlik sənədlərdə imzalar da saxtalaşdırılıb. Nəsimi rayon məhkəməsinə də müraciət etmişik. Maşının saxlanılması üçün də polisə müraciət etmişik. Bizə məlumat verilib ki, maşın sonuncu dəfə Gürcüstan sərhəddinə yaxın ərazidə nəzarət kameralarına düşüb. Ehtimalımız budur ki, maşını Gürcüstan ərazisinə keçiriblər. İstənilən halda maşına görə cavabdehlik Aqşin Camalovun üzərindədir. O bizdən gizlənir. Telefon zənglərimizə cavab vermir. Bu adam nazirin qardaşı oğludur deyə mənə qarşı belə saxtakarlıq olunmalıdır? Hüquq mühafizə orqanlarından tələb edirəm ki, Aqşin Camalovun yerini müəyyən edib məhkəmədə cavab verməsini təmin etsinlər”.