“Həsən bəy Zərdabi. Seçilmiş məqalələri və məktubları” kitabının təqdimatı keçirilib

10:40 - 27 Noyabr 2017 - MEDİA

Zərdab Rayon İcra Hakimiyyəti və Azərbaycan Mətbuat Şurasının birgə təşəbbüsü ilə “Həsən bəy Zərdabi. Seçilmiş məqalələri və məktubları” (rus dilindən tərcümə) kitabının təqdimat mərasimi keçirilib. Noyabrın 25-də Zərdabda gerçəkləşdirilmiş toplantı milli mətbuatımızın banisi, görkəmli ziyalı, ictimai xadim və naşir Həsən bəy Zərdabinin vəfatının 110-cu ildönümünə həsr olunub.


Mətbuat Şurasından Ucnoqta.az-a verilən məlumata görə, tədbirlərin iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət ediblər. Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra tədbir iştirakçıları Həsən bəy Zərdabinin abidəsinə baş çəkiblər. Dahi mütəfəkkirin adını daşıyan muzeylə tanışlıq maraqlı anlarla yadda qalıb. Burada məktəblilərin ifasında Həsən bəyin yaradıcılığı ilə bağlı ədəbi-bədii kompozisiya müşaiyyət olunub. Qonaqlar muzeyin xatirə kitabına ürək sözlərini yazıblar.

Zərdab Rayon İcra Hakimiyyətində keçirilmiş təqdimat mərasimini rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev açaraq bildirib ki, Azərbaycanda maarifçiliyin, mətbuatın, ictimai fikrin inkişafında Həsən bəy Zərdabinin tarixi xidmətləri danılmazdır. 1861-ci ildə Tiflis gimnaziyasını, 1865-ci ildə Moskva Universitetini bitirmiş Zərdabi Azərbaycanda xeyriyyə cəmiyyətinin, milli teatrın, milli mətbuatın əsasını qoyub. Onun zəhməti nəticəsində 1901-ci ildə Bakıda Qızlar gimnaziyası fəaliyyətə başlayıb. Görkəmli alimin təşəbbüsü ilə Azərbaycan müəllimlərinin 1-ci qurultayı çağırılıb. Ömrünü xalqın rifahına həsr etmiş, Azərbaycan ziyalılarının mənəvi atası sayılan Həsən bəy Zərdabinin xatirəsi bu gün hər yerdə olduğu kimi, Zərdabda da böyük ehtiramla anılır. 


Milli Məclisin deputatı, MŞ sədri Əflatun Amaşov bildirib ki, Həsən bəy Zərdabinin xatirəsinə həsr olunmuş tədbirin məhz onun doğma yurdunda təşkili qürurvericidir. 110 il əvvəl - 1907-ci il noyabrın 28-də vəfat etmiş dahi şəxsiyyətin zəngin mənəvi irsi dəyərli xəzinədir, məktəbdir. Bu müdrik şəxsiyyət “Əkinçi” qəzeti ilə milli mətbuatımızın təməlini qoymaqla xalqımızın maariflənməsi, dilimizin qorunması, saflaşması yolunda tarixi addım atıb. Xalqımız xoşbəxtdir ki, onun Həsən bəy Zərdabi kimi fədakar oğlu var:  “Məlumdur ki, cəmi 56 nömrəsi işıq üzü görmüş “Əkinçi” davamlı təzyiqlərdən və təqiblərdən sonra bağlandı. Ömrünün ixtiyar çağının 15 ilini doğma Zərdabda sürgün həyatı kimi yaşamağa məcbur olan Həsən bəy buradan Azərbaycanda, Gürcüstanda və hətta Rusiyada nəşr olunan qəzet və jurnallara çoxsaylı məqalələr göndərdi. Onun, əksəriyyəti “Kaspi” qəzetində dərc edilən və bu kitabda toplanan, seçilmiş məqalə və məktubları xalqımızın, ölkəmizin XIX əsrin sonları və XX əsrin əvvəllərindəki həyatının, məişətinin dərindən öyrənilməsi üçün əvəzolunmaz, çox dəyərli, zəngin xəzinədir. Şübhə yoxdur ki, Zərdabi irsinin araşdırmaçıları, jurnalistika fakültəsinin tələbələri nəşrdə onları düşündürən çox məsələlərə cavab tapacaqlar”, - deyə Ə.Amaşov vurğulayıb.

Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli bildirib ki, dus dilindən tərcümə olunaraq oxuculara ana dilimizdə təqdim olunan “Həsən bəy Zərdabi. Seçilmiş məqalələri və məktubları” kitabı Zərdabi irsinə böyük məhəbbətin məhsuludur. O, nəşrin ərsəyə gəlməsində əməyi keçən hər kəsin xidmətini vətənpərvərlik nümunəsi kimi dəyərləndirib.
 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini, Bakı Dövlət Universitetinin professoru Jalə Əliyeva vurğulayıb ki, Həsən bəy Zərdabi “elmdən məhrum olan bir xalq işıqdan məhrumdur” deyirdi: “Bu gün Zərdab gözəl ziyalıları, fədakar insanları ilə tanınır. Bu insanlar rayona hər zaman başucalığı gətirirlər. Deməli, Zərdabinin arzuları çiçək açır, gözəl bəhrələr verir. Həsən bəy dahi millət fədaisi, ziyalılar ziyalısı idi. Onun rusdilli mətbuatda təqribən 125-130 il əvvəl dərc etdirdiyi çox dəyərli məqalə və məktublarının məhz Zərdabda təqdim olunması böyük ədəbi-mədəni hadisədir. Biz Zərdabi irsinin uzun illər ana dilimizə çevrilməsini gözləyən parlaq bir hissəsi ilə yaxından tanış olmaq imkanı qazanırıq. Bu gözəl gündə Zərdabi ilə yanaşı, onun ömür-gün və mübarizə yoldaşı Hənifə xanım Məlikova-Abayevanı da ehtiramla xatırlayırıq”. 

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli toplantıdakı çıxışında bunları deyib: “Həsən bəy Zərdabi türk dünyasının ən qabaqcıl ziyalılarından biri, mən deyərdim ki, birincisidir. O, neçə-neçə ilklərə imza atdı. Moskva Universitetini namizədlik dərəcəsi ilə bitirdi və orada qalıb elmi fəaliyyətlə məşğul olmaq təklifi alsa da, doğma xalqının maariflənməsi, tərəqqisi naminə qarşısında açılan yüksək karyera perspektivlərindən imtina etdi, Vətənə qayıtdı, bütün ömrünü millətin oyanmasına, zülmətin işıqlanmasına həsr etdi. Həsən bəy “Əkinçi” ilə elə bir maarif və mədəniyyət toxumu səpdi ki, biz azərbaycanlılar dünya durduqca o toxumun bəhrələrindən qidalanacağıq. Bu gün təqdim olunan kitab fakültəmizin nəinki tələbələri, həm də müəllimləri üçün dəyərli töhfədir”. 


Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin radio və televiziya kafedrasının müdiri, professor Allahverdi Məmmədli Həsən bəy Zərdabinin həyat fəaliyyətindəki spesifik məqamlardan söz açaraq bildirib ki, təqdimatı keçirilən nəşr dahi mütəfəkkirin ruhunu böyük etimaddır.

“Xalq qəzeti”nin baş redaktor müavini, kitabın redaktoru və rəyçisi Tahir Aydınoğlu qeyd edib ki, təqdimatı keçirilən nəşr Azərbaycan xalqının keçmişini əhatə edən canlı salnamədir. “Nə yaxşı ki, Zərdab torpağının övladları sinələrini qabağa verərək bu müqəddəs işi öz üzərlərinə götürdülər, Həsən bəyin çox dəyərli irsinə ikinci həyat, anım gününə gözəl töhfə verdilər: “Xoşbəxtəm ki, bu işdə mənim də az-çox əməyim var”. 


Kitabın tərcüməçisi, “Əkinçi” qəzetinin redaktoru İsaməddin Əhmədov məlumat verib ki, kitabda «Kaspi» qəzetinə 1881-1895-ci illərdə Zərdabdan göndərdiyi və «Zərdabdan məktublar» başlığı altında dərc olunmuş məqalə və məktubları, həmçinin “Kaspi” qəzetinin redaktoru işlədiyi illərdə həmin qəzetdə, eləcə də “Qafqaz” qəzetində, “Trudı Kavkazskoqo obşestva selskoqo xozyaystva” nəşrində yayımlanan məqalələri və məktubları yer alıb. “Kitabdakı bütün məqalə və məktublar hissə-hissə Zərdab rayonunda çıxan “Əkinçi” qəzetinin 2009-2016-cı illərdəki saylarında çap olunub. Məqalələrin hər biri elmi, mədəni, maarifləndirici, tarixi, etnoqrafik və fəlsəfi əsərdir, xalqımızın ötən əsrlərdəki həyatının canlı salnaməsidir. Məqalələr bu gün də əhəmiyyətini itirmir, aktuallığını saxlayır. Digər tərəfdən, “Əkinçi”ni nəşr edərkən H. Zərdabi gənc bir jurnalist idisə, “Kaspi” qəzeti ilə əməkdaşlıq etdiyi və redaktor olduğu dövrlərdə həyatın ağır sınaqlarından çıxmış, hakim dairələrin mürtəce, yaramaz təmsilçiləri ilə amansız mübarizələrdə bişib-bərkimiş müdrik mücahid, hər şeyini, hətta doğma övladlarını belə sevimli xalqının maariflənməsi, tərəqqisi naminə qurban verməkdən də çəkinməyən qorxubilməz millət fədaisi idi. Həm də “Əkinçi” qəzetinin 2 ildə cəmi 56 sayı çapdan çıxmışdısa, bu kitabda oxuculara milli mətbuatımızın banisinin ömrünün müdriklik çağlarında, 25 illik bir dövr ərzində qələmə aldığı 280 məqalə və məktubu təqdim olunur. Bu məqalə və məktublar kəndlərimizin və şəhərlərimizin, ümumən xalqımızın qədim və zəngin tarixini, məişətini, mədəniyyətini, toponim və topoqrafiyasını, adət və etnoqrafiyasını öyrənmək baxımından da çox qiymətli mənbələrdir”. 
 


Xəbər xətti