Deputatdan küçə reklamları ilə bağlı vacib təklif - Ödənişsiz olsun

16:40 - 17 Noyabr 2017 - ÖLKƏ İÇİ

Azərbaycanda açıq məkanda reklam yerləşdirilməsi və ödəniş qaydaları dəyişdirilir.

 

Ucnoqta.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin iclasında müzakirəyə çıxarılan "Reklam haqqında" qanunda dəyişikliklərdə öz əksini tapıb. Qanunun 26.2-2-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, açıq məkanda reklam yerləşdirilməsinə icazə almaq üçün reklam yayıcısı reklam yerləşdiriləcək reklam daşıyıcısının sahibi və ya reklam daşıyıcısının yerləşdiriləcəyi xüsusi mülkiyyətdə olan daşınmaz əmlakın mülkiyyətçisi ilə həmin əmlakın istifadəsinə dair müqavilə bağlamalıdır; reklam daşıyıcısının bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakda yerləşdiriləcəyi təqdirdə həmin əmlakın istifadəsinə dair bələdiyyə ilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum arasında bağlanılacaq məbləği həmin quruma ödəməlidir.
Bundan başqa, qanuna aşağıdakı məzmunda 26.2-3-cü bəndi əlavə edilir: "Reklam yayıcısı açıq məkanda reklam yayımına görə bu qanunun 35.3-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödəyir".
Həmçinin, 26.8-ci maddəyə təklif olunan dəyişikliyə əsasən, birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi çəkisi 2 kvadrat metrdən artıq olmayan lövhələr (yazılar) reklam daşıyıcıları və reklam hesab edilmir.
Qanuna aşağıdakı məzmunda 35.3-cü bənd də əlavə olunur: "Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı, həmin məbləğin müəyyən edilməsi qaydası isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci cümləsinin tələbi nəzərə alınmaqla, açıq məkanda reklam yayımına görə haqqın ödənilməsi ilə bağlı məsələlər hər bir reklam yayıcısı ilə bağlanan bu qanunun 26.2-ci maddəsində nəzərdə tutulmuş icazə müqaviləsində müəyyən edilir".
Qanun layihəsi açıq məkanda reklama icazə alınması üçün prosedurların dəqiqləşdirilməsi, açıq məkanda reklam yerləşdirilməsi və reklam yayımına görə haqqın ödənilmə qaydası və məbləği ilə bağlı məsələlərin tənzimlənməsi məqsədilə hazırlanıb.
Deputat Elmira Axundova çıxış edərək bildirib ki, “Reklam haqqında” qanuna edilən dəyişikliklər aktualdır, xüsusən də açıq məkanda yerləşdirilən reklamlar məsələsi: “Bu nöqteyi nəzərdən belə növ reklamların yayımına görə haqqın ödənilmə qaydası və məbləğ məsələlərinin tənzimlənməsi müsbət haldır. Mən bu dəyişiklikləri dəstəkləyirəm. Açıq məkanda yerləşən reklamla əlaqədar başqa bir vacib məsələyə toxunmaq istərdim. Ölkəmiz Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla həll olunmasının tərəfdarıdır, biz yenə də hər an torpaqlarımızı hərbi yolla qaytarmağa hazır olmalıyıq. Bu mənada sosial reklama, xüsusən plakat janrına böyük ehtiyacımız var. Lakin bu istiqamətdə vəziyyət deyərdim ki, acınacaqlıdır. Yəni Bakının küçələrində, regionlarımızın avtomagistral yollarında böyük reklam bannerlərinə rast gəlirik, lakin təəsüflər olsun ki, bu reklamın mövzusu ya şou ulduzlarının reklamıdır ya da ərzaq və digər məhsulların təbliğ olunmasıdır. Halbuki bu bannerlərdə mütləq ordu ilə, şəhidlərimizlə, qəhrəmanlarımızla bağlı mövzu mühüm yer tutmalıdır. Bu günlərdə möhtəşəm bir layihə ilə tanış oldum: xalq rəssamımız, professor Arif Hüseynovun rəhbərliyi altında gənc plakatçı rəssamlar yüzdən çox hərbi-vətənpərvərlik mövzusuna həsr olunmuş plakatlar hazırlamışdılar. Çox təsirli incəsənət əsərləridir və onların hamısının Bakının küçə və meydanlarında, magistral yollarda yerləşdirilməsi məqsədə uyğun olardı. Böyük Vətən müharibəsi illərində məhz belə plakatlar, məsələn məşhur “Ana Vətən Çağırır” plakatı, əhalinin ruhlanmasında, faşistlərə qarşı mübarizənin ümumxalq səviyyəsinə qaldırılmasında mühüm rol oynamışdır. Bizdə də belə əyani təbliğat vasitələrinə çox böyük tələbat vardır. Biz döyüşən respublikayıq və həm əhalimiz,  həm də ölkəmizə gələn xarici qonaqlarımız bunu hiss etməlidirlər.
Ona görə təklif edərdim ki, “Reklam haqqında” qanuna müvafiq dəyişikliklər edilsin, hərbi-vətənpərvərlik mövzusuna aid bannerlər reklam sayılmasın və bu tip plakatlar da məlumatlandırıcı lövhələr kimi reklam hesab edilməsin. Belə olan halda hərbi mövzusunda olan plakatlar daha geniş yayılacaq”. 

 

Elməddin

Xəbər xətti