Biznesmeni öldürüb, 180 minini apardı: "Özümə "İphone", "Niva" aldım"

15:45 - 6 Noyabr 2017 - HADİSƏ

Xaçmazda iş adamını qətlə yetirməkdə təqsirləndirilən Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun cinayət işi üzrə məhkəmə başlayıb.

Ucnoqta.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttiham aktında qeyd edilib ki, təqsirləndirilən şəxslər cinayətkar dəstə yaradaraq, Xaçmazda quldurluq, oğurluq cinayətləri ilə məşğul olub. Onlar rayon sakini Nəzakət Hacıyevanın evinə girərək, onu zəhərləyib öldürüb, evdən 10 min manat pul götürüblər. Daha sonra həmin mənzili qadının meyiti ilə birlikdə yandırıblar.

Bundan başqa, dəstə üzvləri əvvəlcədən hazırladığı plan üzrə topdan satış mərkəzi sahibi olan İlqar Məmmədovun evinə daxil olublar. Orada İlqar Məmmədovu bıçaqla qətlə yetirib, evindən 289 min manat pul və qızıl-zinət əşyaları götürüblər.

Onlara Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə), 181-ci (quldurluq) və s. maddələri üzrə ittiham verilib.

İttihama münasibət bildirən Qalib Kərimov özünün qismən təqsirli bilib. Firudin Axverdiyev və Vüsal Rüstəmov isə özlərini təqsirli bilməyib.

Məhkəmədə ifadə verən Qalib Kərimov deyib ki, Nəzakət Hacıyevanın epizodu üzrə hadisədə iştirak etməyib: "Həmin hadisəni mən törətməmişəm. Zorla boynuma qoyulub. Guya mən Nəzakəti kolbasa-çörəyinə zəhər qataraq öldürüb, evindən oğurluq etmişəm. Bunu elə Firudin deyib. Ona görə də mən İlqarın epizodunda onun olduğunu demişəm. Halbuki, İlqar Məmmədovun epizodu üzrə mənlə Vüsal olub. Yəni Firudin məni ilişdirdi. Orda-burda deyirdi ki, Qalibin üstünə başqa da ölüm işi qoyacam. İstintaq aparılan zaman müstəntiq dedi ki, Nəzakəti də sən öldürmüsən. Mən də acığa düşüb, Firudinin də İlqar Məmmədovun öldürülməsi epizodunda iştirak etdiyini dedim".

Təqsirləndirilən şəxs qeyd edib ki, İlqar Məmmədovun evinə oğurluq məqsədilə giriblər: "2012-ci ildə həmin evdən oğurluq etmişəm. Orada saxlanıb həbs edilmişdim. İndi isə fikirləşirdim ki, məni tanımaz. Hadisə baş verən gün Vüsalla oturub içmişdik. Getdik İlqarın evinə. Məqsəd əvvəlcədən həmin yerə baxmaq idi. Kameraların hardan çəkdiyini müşahidə edəcəkdim ki, sonra oğurluğa girəndə bilim. Evi ilə ticarət yeri bitişik idi. Həmin yerə müştəri kimi girdim. İlqar məni tanıdı. Dedi, mən onun evindən oğurluq etmişəm. Başladı məni söyməyə. Bu zaman soyuducunun yanından bıçağı götürüb, ona bir neçə zərbə vurdum".

Qalib Kərimov bildirib ki, İlqar Məmmədovun evinə tək girib: "Vüsal sərxoş idi deyə maşında gözləyirdi. İlqarı öldürəndən sonra bıçağı yudum, qapıları bağladım, kameraların xətlərini kəsdim. Yaddaş aparatını özümlə götürdüm. Evə girdim. Birinci mərtəbədə televizorun altındakı qutuda 80 min dollar pulu götürdüm. Orada 80 min dollar və 500 manat olub. Halbuki, istintaq 180 min dollar hesablayır. Pulları götürüb, ikinci mərtəbəyə qalxdım. Qızılları da götürüb gəldim. Vüsalla əvvəl bizim evə getdik. Evdə paltarlarımı dəyişdim. 10 min dolları evə qoydum".

Təqsirləndirilən şəxs deyib ki, daha sonra cinayət ortağı Vüsal Rüstəmovla Bakıya gəliblər: "Vüsalın maşınıyla rayondan çıxdıq. Bakıya gəldik. Yolda pulları yarı böldük. Vüsal 40 min dolları götürüb qeyri-rəsmi yaşadığı qadıngilə getdi. Səhəri gün görüşdük. Hərəmizə bir dənə "İphone" aldıq. Sonra mən "Niva", Vüsal da "BMV-X6" aldı. Sonra əlim yanmışdı, onu əməliyyat etdirdim. Ev kirayə tutdum. Vüsal Rusiyaya, ordan da Qazaxıstana getdi".

Prokurorun suallarına cavab verən təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən 1 ay sonra həbs edilib: "Həmin vaxt rayonda başqa oğurluq olmuşdu. Sahə müvəkkili evimizə getmişdi. Rayonda nə oğurluq olurdu, gəlib məni aparırdılar. Anam da Bakıda olduğumu demişdi. O zaman sahə müvəkkili ilə danışdım, rəisin məni çağırdığını dedi. Lakin getmədim".

Qalib Kərimov Bakıda yol polisi tərəfindən saxlandığını deyib: "Evdə olanda Vüsalla yazışırdım. Mənə evdən çıxmamağımı deyirdi. Bir neçə gün evdən çıxmadım. Maşını da etibarnamə ilə sürürdüm. Yol polisi məni saxladı. Sənədlərimi istədi. Sonra məni Nəsimi polisinə gətirdilər. Ordan Xaçmaz polisinə təhvil verdilər".

Vəkilin suallarını cavablandırarkən təqsirləndirilən şəxs qeyd edib ki, pulun çox hissəsi Vüsalda olub: "Üstümdə pul saxlamırdım. Lazım olanda Vüsal göndərirdi".

Məhkəmə noyabrın 13-də davam edəcək.

Qeyd edək ki, qətl hadisəsi keçən il iyunun 16-da Xaçmazda baş verib.

Şəhər sakini İlqar Məmmədovun meyiti evinin həyətində tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Məmmədovu qarət məqsədilə qətlə yetirməkdə şübhəli bilinən Xaçmaz rayon sakini Qalib Kərimov və Firudin Axverdiyev həbs edilib. Dəstənin başçısı kimi bilinən V. Rüstəmov isə ölkədən qaçıb.1984-cü il təvəllüdlü Rüstəmov Vüsal Arif oğlunun Rusiyaya, oradan da Qazaxıstana qaçdığı müəyyən edilib.

Onlar iş adamını öldürərək, evindən 289 min manat pul götürüblər.

Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə V.Rüstəmov Qazaxıstanda tutularaq Azərbaycana gətirilib və istintaqa təhvil verilib.

Dəstə üzvlərinin müxtəlif dövrlərdə törətdiyi quldurluq, oğurluq və digər cinayətləri ortaya çıxıb.

Onlara Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham verilib.

Onu da qeyd edək ki, qətlə yetirilən İ.Məmmədov Xaçmazda  ticarət mallarının topdan satışı ilə məşğul olan biznesmen  kimi tanınıb. 

Xəbər xətti