Müğənni Mətanət Əsədova həbsdə olan həmkarı Fədayə Laçın barədə danışıb. Ucnoqta.az xəbər verir ki, ölkə.az-ın əməkdaşıyla söhbətində Əsədova həmkarını yaxşı insan kimi xarakterizə edib:
"Həmişə qadınlara ürəyim ağrıyıb. Fədakar olublar, seviliblər, atılıblar, təhqir olunublar. Hər zaman da səhvi qadında görüblər. Qadın istər ana, istər bacı, istər yar kimi özünü oda-közə atıb. Elə həyatın axırı yoxdur. Adam dərhal geri çəkilməlidir. Sevdiyin insanın kriminal aləmlə əlaqəsinin olduğunu biləndən sonra geri çəkilməlisən. Fədayə yaxşı oxuyandır, yaxşı qızdır. Neçə gündür hər kəs onun fotosunu paylaşır. Amma mən paylaşmamışam, ürəyimdə ağlayıram. Bilirəm ki, indi evində anası, bacısı, uşağı nələr çəkir. Fədayə adı kimi fədakardır. Bu qız sevgi yolunda həbsə düşüb, ortada çabalayır. Hanı sevginin cavabı? Budur sevgi?
İllərlə çoxları üçün təmənnasız oxuyub. Ona görə çox pis vəziyyətdəyəm. Nə vaxt yadıma düşür, ağlayıram".
Əməkdaşımızın "Fədayə Laçının məhkəməsində iştirak edəcəksinizmi" sualına cavab verərkən Əsədova göz yaşlarına hakim ola bilməyib:
"İstəmirəm ki, həbsxanada uzun müddət qalsın. Yatmasın, getməsin ora... Allah onun qapısını açsın. Azərbaycanda belədir ki, kim yıxılırsa, onu baltalayırlar. Ona ürəyim ağrıyır. Dost yolunda çox ürəklidir. Neçə illərdir tanıyıram. Nə qeybət qırmaz, nə kiminsə pisliyiniz istəməz biridir. Başını aşağı salıb bir tikə çörəyini qazanıb. Uşağına həm ata, həm ana, həm qardaş-bacı olub. Həyatdır, hər kəsin başına gələ bilər. Mən onu çox istəyirəm. Özümü bir anlıq onun yerində təsəvvür edirəm".
M.Əsədova sənətçi həmkarlarını Fədayə Laçına dəstək olmağa çağırıb:
"Sənətçilər yığışa, kim bir addım atsa, beş addım da mən ataram. Musiqiyə, sənətə aid nəsə olsa, hər kəsi səsləyirəm ki, kömək edək. Allah onun adını niyə taleyinə yazdı?"
Qeyd edək ki, Fədayə Laçın barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
O, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağaminin müşayiət altından qaçmasına kömək etməkdə təqsirləndirilir.