"Mirzə Ələkbər Sabir virtual muzeyi" layihəsinin təqdimatı olub

15:31 - 18 Oktyabr 2017 - Ədəbiyyat

Oktyabrın 14-də Mirzə Ələkbər Sabir Fondu dahi şairin 155 illiyi münasibətilə Beynəlxalq Mətbuat Mərkəzində Mirzə Ələkbər Sabir virtual muzeyi layihəsinin təqdimatını edib. Ziyalıların, elm adamlarının, jurnalistlərin, QHT nümayəndələrinin, sənətkarların, tələbələrin də qatıldığı bu tədbiri giriş sözü ilə tanınmış jurnalist Vəsilə Vahidqızı açıb. O bildirib ki, layihənin  həyata keçirilməsi ictimaiyyət arasında çox müsbət bir rezonans yaradacaq, sabirsevərlər üçün əvəzsiz töhvə olacaq. Layihə rəhbəri Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli isə Sabir virtual muzeyi haqqında iştirakçılara məlumat verib: Dahi şairin anadan olmasının 155 illiyi münasibətilə muzeydə Sabirlə bağlı müxtəlif mənbələrdə – arxivlərdə, TV və radioda, kitabxanalarda, şəxsi kolleksiyalarda, muzeylərdə, internet resurslarında yer alan verbal, audio, video, foto məlumatlar toplanaraq vahid baza yaradılıb. S.Tahirli bildirdi ki, Bakıya gələn qonaqlar Sabirin həyatı ilə daha yaxından tanış olmaq istəyirlər: Və belə bir yerin olmaması çətinlik yaradır. Hər kəsin Şamaxıya gedib onun muzeyi ilə tanış olmaq imkanı, fürsəti, zamanı olmaya bilər. Gənc dostlarımızdan biri ilə söhbət zamanı, o mənə belə bir ideya verdi ki,  Bakıda bir muzey yoxdursa, gəlin bunu virtual şəkildə həyata keçirək. Azərbaycandan kənarda olan insanlar da məlumat əldə edə bilsinlər. Və beləliklə, virtual muzey açmaq qərarına gəldik. Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə bu gün bu layihəni həyata keçiririk.

Sevda Tahirli qeyd edib ki, şairin ölümündən sonra çap olunmuş 1912-1914-cü illər nəşrinin nadir nümunələri ilə yanaşı, bugünlərimizədək çap olunmuş əksər kitablarının elektron nüsxələri, əsərlərinin müxtəlif dövrlərdə türk, rus, fars, qırğız və s. dillərə tərcümələri, şairə  həsr olunan rəssamlıq nümunələri, şairin ölkə ərazisində olan heykəl və büstlərinin görüntüləri virtual muzeydə öz əksini tapıb: Sabirin 1918-ci ildə vətəndaş qarşıdurması nəticəsində yandırılaraq dağıdılmış evinin ədibin sonbeşik övladı  Məmmədsəlimin sağlığında  xatirələri əsasında hazırlatdırdığı  maketi, hazırda Şamaxı şəhərində yenidənqurma işləri ilə əlaqədar  müvəqqəti olaraq fəaliyyətini dayandırmış muzeyinin təmirdən öncəki görüntüsü və muzeyin maketin əsasında tikilməkdə olan yeni görüntüsünün eskizləri, Sabirə aid unikal faktlar və s. bir çox dəyərli məlumatlar da  virtual muzeydə yer alıb.

S.Tahirli  qeyd etdi  ki, şairə aid bütün məlumatların daxil olduğu vahid baza ilk dəfə olaraq yaradılır. Daha sonra saytı işləyib hazırlayan, Azərbaycan Fotoqraflar Birliyinin üzvü Nurlan Tahirli  Virtual muzeyın təqdimatını edib. Təqdimatdan sonra  AMEA Mərkəzi Elmi Kitabxananın müdiri Leyla İmanova, Beynəlxalq Avrasiya Mətbuat  fondunun rəhbəri Umud Mirzəyev, sabirşünas professor Alxan  Bayramoğlu, İctimai Televiziyanın əməkdaşı Azər Süleymanlı çıxış ediblər. Və Əməkdar Artist Ağalar Bayramovun ifasında Sabirin şeiri səsləndirildi.

Könül Əhmədova 

Xəbər xətti