Azərbaycan dünya mədəniyyətinə böyük töhfələr verib

18:24 - 18 Oktyabr 2017 - KİVDF

Diasporla İş üzrə Dövlət Komitəsi Nizami Gəncəvinin təbliğində önəmli rol oynayır

Azərbaycan və Çin arasında ikitərəfli münasibətlər hazırda bütün istiqamətlər üzrə yüksələn xətlə inkişaf edir. Çin ilə münasibətlər Azərbaycan üçün prioritet istiqamətdir. Bu fikirləri Azərbaycanın Çin Xalq Respublikasındakı (ÇXR) səfiri Əkrəm Zeynallı səslənib. "Azərbaycan-Çin ikitərəfli siyasi əlaqələrinin hazırki vəziyyətini xarakterizə edərkən, ilk növbədə qeyd etməliyəm ki, bu əlaqələr dostluq və qarşılıqlı etimada əsaslanan, yüksək inkişaf dinamikası ilə seçilən çoxşaxəli ciddi tərəfdaşlıq münasibətləri kimi səciyyələndirilir. Azərbaycan Çin Xalq Respublikası ilə münasibətlərinə xüsusi əhəmiyyət verir və ikitərəfli əlaqələrin bütün sahələr üzrə dərinləşməsində maraqlıdır. Azərbaycan-Çin əlaqələrinin tarixi çox qədimdir və xalqlarımız qədim İpək Yolu vasitəsilə ciddi ticari və mədəni əlaqələrə malik olublar. Bildiyiniz kimi, ikitərəfli siyasi əlaqələrin inkişaf etdirilməsində dövlət başçıları səviyyəsində həyata keçirilən rəsmi səfərlər və bu çərçivədə əldə edilmiş siyasi razılaşmalar müstəsna əhəmiyyət kəsb edir. Bu xüsusda, Prezident İlham Əliyevin 2015-ci ilin dekabr ayında Çin Xalq Respublikasına dövlət səfərinin üzərində xüsusilə dayanmaq istərdim. Belə ki, məhz bu səfər çərçivəsində Prezident İlham Əliyevlə Çin Xalq Respublikasının Prezidenti Si Cinpin və Çinin digər yüksək səviyyəli rəsmiləri arasında keçirilmiş görüşlər, əldə edilmiş razılaşmalar, 10 Hökumətlərarası sənədin, xüsusilə də, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Birgə Bəyannamə və Azərbaycan və Çin hökumətləri arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi haqqında Anlaşma Memorandumunun imzalanması Azərbaycan-Çin münasibətlərinin inkişafında yeni mərhələnin başlanğıcı olub və ikitərəfli əlaqələrin gələcək inkişafı üçün yeni hədəfləri müəyyənləşdirib",-səfir deyib. Səfir bildirib ki,iki ölkə arasında əlaqələrdə mədəni əlaqələrin də öz rolu var.  Məsələn bu il dünyanın iqtisadi güc mərkəzi sayılan Çində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) XII Ali Səviyyəli toplantısı keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, “Beynəlxalq münasibətlərdə Çinin rolu: “Bir Kəmər, Bir Yol” təşəbbüsünün perspektivləri” mövzusuna həsr olunmuş toplantıda beynəlxalq münasibətlərin gələcəyi, Çinin qlobal maliyyə sistemindəki rolu və qlobal idarəçilik və təhlükəsizliyə töhfəsi kimi məsələlər müzakirə olunub. Toplantıda NGBM həmsədrləri - Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Dünya Bankının sabiq vitse-prezidenti İsmayıl Seragəldin və Latviyanın sabiq prezidenti Vayra Vike-Frayberqa, Ərəb Dövlətləri Liqasının sabiq Baş katibi Əmr Musa, Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin, Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliyev, Çexiyanın sabiq Baş naziri Jan Fişer, Albaniyanın sabiq prezidenti Rexhep Meydani, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciya, Rumıniyanın sabiq prezidenti Emil Konstantinesku və başqaları iştirak edib. Tədbirə, eyni zamanda Çinin xrici ticarət və iqtisadi inkişaf naziri Gao Hucheng, Pekin Universitetinin prezidenti Lin Jianhua, Pekin Universitetinin Vitse-prezidenti Vanq Jie, Pekin Universitetinin dekanı Vanq Donq, Çin Sosial Elmlər Akademiyası, Avropa Tədqiqatları İnstitutunun Baş direktoru Huanq Pinq, Çin Xalqının Siyasi Məşvərət Komitəsinin üzvü, Çinin Tsinxua Universitetinin dekanı David Li və başqaları qatılıblar. Forum çərçivəsində Çinin qloballaşan dünyada, dünya iqtisadi sistemində, qlobal təhlükəsizliyin təminatında, qlobal idarəetmədə iştirakına, “Bir kəmər, bir yol” strategiyasına həsr olunan panel müzakirələr aparılıb.
Qeyd edək ki, Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərinin ən böyük parklarından biri olan Çaoyan parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin büstü qoyulub. Büstün qoyulması üçün Çaoyan parkının seçilməsi təsadüfü deyildir. Çünki parkda müxtəlif xalqların dahi şəxsiyyətlərinin, o cümlədən Fernand Magellanın, Simon Bolivarın, Taras Şevçenkonun, Mahatma Qandinin, Hristo Botevin və başqalarının büstləri vardır. Sahəsi 288,7 hektar olan və 1984-cü ildə salınmış parkda imperator iqamətgahı da yerləşir. Çaoyan parkı pekinlilərin, eləcə də turistlərin ən çox ziyarət etdiyi yerlərdən biridir. Gün ərzində 10 minlərlə insan bu parka baş çəkir. Dahi Nizami Gəncəvinin büstünün müəllifi Çaoyan parkının nəzdində fəaliyyət göstərən Cintay İncəsənət Mərkəzinin direktoru, professor Yüen Sikundur. Dünya tarixində və mədəniyyətində iz qoymuş şəxsiyyətlərin büstlərini hazırlamaqla tanınan heykəltəraş Y.Sikun Çin Xalq Siyasi Məsləhətləşmələr Şurasının, Çin Mədəniyyət Nazirliyinin İncəsənət Titulları Evaluasiya Komitəsinin üzvüdür.
Nizami Gəncəvi ilə bağlı Azərbaycan diasporasının yaydığı məlumatda bildirilir ki, Azərbaycan tarixən istedadlar yurdu kimi tanınıb, xalqımız dünya mədəniyyətinə böyük töhfələr verib. Dahi Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirib. Mütəfəkkir şairin məşhur “Xəmsə”si dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutur. Korifey sənətkar öz ənənələri ilə seçilən ədəbi məktəbini yaratmışdır. Nizami Gəncəvinin dünyanın ən zəngin kitabxanalarını bəzəyən əsərləri Şərqdə incəsənətin, xüsusən də miniatür sənətinin inkişafına təkan verib. Azərbaycanın mədəniyyətini, tarixi yerlərini, turizm imkanlarını, Bakının müasir memarlıq nümunələrini əks etdirən fotosərgi, habelə Azərbaycanın Çindəki səfirinin xanımı Nailə Abbasovanın işlərindən ibarət rəsm sərgisi də təşkil olunub.
Humanitar sahədə də əməkdaşlıq durmadan genişlənir. Ümumiyyətlə, İpək Yolu iki ölkə xalqları arasında mübadiləyə imkan verir. Azərbaycanın paytaxtı Bakı şəhərində zərdüştiliyə aid abidə var. Çin yazıçısı Cin Yonq “Manixeizm” əsərində yazırdı ki, zərdüştilik Çinə İpək Yolu vasitəsilə məhz Azərbaycandan qəlib. Qədim İpək Yolu Azərbaycanda çox sayda yaşayış məntəqəsinin salınmasına, xalçaçılıq sənətinin inkişafına təkan verib, dünyadan bu ökəyə tacirlər və qonaqlar cəlb edib.
Qeyd edək ki, Cindəki Azərbaycan diasporası iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında da rol oynayır. Cinin iqtisadiyyatı elə sürətlə inkişaf edir ki, bu ölkə ilə iqtisadi əlaqələri dərinləşdirmək bütün ölkələr üçün prioritet olaraq müəyyənləşdirilib və ölkəmiz də istisna deyil. " Azərbaycan iş adamlarının Çinə investisiya yatırması məsələsinə gəldikdə, hesab edirəm ki, ilkin mərhələdə hədəfimiz Azərbaycanda istehsal olunan məhsulların Çin bazarına daxil olmasına nail olmaqdır. Çin bazarının miqyasını və imkanlarını nəzərə alaraq, azərbaycanlı iş adamları sözügedən bazara daxil olmaq üçün daha da fəal olmalıdırlar". Çinin uğurları  ötən ay Bakıda Çinin milli bayramı qeyd edilərkən də vurğulanıb. Çinin Azərbaycandakı səfiri Vey Cinhua  deyib ki, 2016-cı ildə Çinin  ümumdaxili məhsulu 6,7 faiz artaraq 11 trilyon ABŞ dolları təşkil edib. Xarici ticarət isə  3.7 trilyon dollar təşkil edib. Çin və Azərbaycan arasında diplomatik əlaqələrin 25 illik yubileyinin olduğunu xatırladan səfir deyib ki, bu müddət ərzində ikitərəfli əlaqələr sağlam və sabit inkişaf edib. "2017-ci ilin yanvar ayından iyul ayına qədər iki ölkə arasında ticarət dövriyyəsi 775 milyon dollara çatıb və bu da ötən ilki müvafiq dövrlə müqayisədə 98.7 faiz artıqdır.  Çin Azərbaycanın dördüncü böyük ticarət tərəfdaşı, üçüncü böyük ixracatçısı və idxalçısıdır.  Hazırda Azərbaycanda Çin dilini öyrənənlərin sayı durmadan artır", - deyə səfir əlavə edib.  Səfir vurğulayıb ki,  "Bir kəmər, bir yol"  layihəsi iki ölkə arasında əməkdaşlıq üçün yeni perspektivlər yaradacaq.

Xəbər xətti