“Bu ilin payız-qış dəbində həm kişi, həm də qadın geyimlərində rəngarənglik var”
Fəsil dəyişdikcə müxtəlif problemlər və məsələlər ortaya çıxır ki, bunlardan biri də geyim məsələsidir. Bildiyimiz kimi, qadınlar kişilərə nisbətən bu məsələdə daha çox həssasdırlar. Elə xanımlar var yaraşanı, elə xanımlar da var ki, dəbə görə geyinir. Görəsən, bu ilin payız-qış kolleksiyasında ən çox nələr üstünlük təşkil edəcək? Bu demək olar ki, bütün xanımları və bir çox bəyləri düşündürür.
Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən modelyer Gülnarə Xəlilova bildirdi ki, bu ilin payız-qış dəbində həm kişi, həm də qadın geyimlərində rəngarənglik var: “Çox, əlvan rənglərin, maraqlı, geniş ritmli formaların olması özünü göstərəcək. Xanım geyimlərində əlvan rənglərlə yanaşı, pastel tonlar da çoxdur. Fərqli material, üslub formaları var ki, bunlar da çox maraqlı formalarda olacaq. Keçən il daha çox məxmər gündəmdə idisə, bu mövsümdə onun yerini əsasən velvetlər əvəz edəcək. Parıltılı, fakturalı parçalardan hazırlanmış geyimlər də bu ilin dəbindədir. Şəffaflıq deyilən bir üslub var ki, bu artıq neçə ildir ki, gündəmdədir, bu il də elə olacaq. Daha çox gödəkçələrdə gördüyümüz sırınma effektinin tam fərqli, maraqlı formaları olan geyimlər nəzər cəlb edəcəklər. Velvet parçaların yaşıl, tünd zoğalı, xardal, göy, mavi, bişmiş kərpic və sairə çox rəngləri dəbdə olacaq. Bu parçalar maraqlı görünüşə sahib olmaqla yanaşı, gündəlik istifadədə də rahatdırlar. Bu həm də bir az ehtiyatlı olmağı xoşlayan parça növüdür. Bu parçalardan olan geyimləri hər kəs öz bədən ölçüsü və üslubuna uyğun, düzgün şəkildə təqdim etməyi bacarmalıdır. Yəni, hamıda yaxşı qalmaya, yaraşmaya bilər. Ona görə də, məhz bu parçaları seçəndə diqqətli olmaq lazımdır”.
Modelyerin sözlərinə görə, parıltılı parçalardan hazırlanan üst geyimləri - kostyumlar, paltarlar, jiletlər, jaketlər və paltarlardan da çox istifadə olunacaq: “Rogan dəri (parıldayan laklı görüntülü) və su keçirməyən geyimlər gündəmdə olacaq. Şəffaf üslub dedikdə, çox incə şifonlar və setkalardan hazırlanmış geyimlər nəzərdə tutulur ki, altdan bir paltar geyindikdə, üstdən də şəffaf forma altdakı geyimin formasını göstərəcək. Ağ, şəffaf qalın klyonkalardan hazırlanmış plaş, gödəkçə formaları da dəbdə olacaq. Bu formalar mənə görə, əslində maraqlı bir dəb deyil. Amma bir-iki il var ki, klyonka görüntülü geyimlər gündəmdədir. Jakart parçalardan hazırlanmış üstü dəri, güllü, ornamentli, naxışlı geyimlər gündəmdə olacaq. Bunların çəhrayı, sarı, xardal, xaki, göy rəngləri aktuallıq kəsb edəcək. Jakart parçaların fərqli xüsusiyyəti odur ki, onların içində eyni rəngdə olsa belə, azacıq da olsa digər fonlar görsənir. Bu dəfə bu parça ilə olan geyimlərin gündəmdə olan modellərinin hamısında iki və üç rəngin istifadə olması özünü göstərəcək”.
Nə qədər dəyişiklik olsa da, klassikanı sevənlərin sayı az deyil. G.Xəlilova deyir ki, klassik kostyumlar da gündəmdə olacaq. Amma daha çox asimmetriya və geniş qəlib kəsimli geyim nümunələri çox aktuallıq kəsb edəcək: “Klassikanı sevənlər bu üslubdan rahatlıqla istifadə edə biləcəklər. Klassik görüntüdə olan bədənəyatımlı, xüsusi rəng tonları və bir çox geyim nümunələri var ki, onlar hər zaman gündəmdədir. Mənim üçün ən böyük trend zövqün özüdür. Düşünürəm ki, zövqlü geyinmək, düzgün seçim etmək ən böyük dəbdir. Bunlarla yanaşı, muncuq daşlarla işlənmiş, çəməni, təbiəti əks etdirən geyim formaları çox aktual olacaq. Sarının qızılı rəngə çalan tonu, açıq-boz, süd rəngi, krem rəngi gündəmdə olacaq. Ümumiyyətlə, rəng çeşidi çoxdur”.
G.Xəlilova deyir ki, bəylərin geyimində də rəngarənlik özünü göstərəcək: “Göy, mavi, qırmızı, ağ, qara, narıncı və s. demək olar ki, bütün rənglərin istifadə edilməsini görəcəyik. Əlbəttə ki, klassikanı sevən bəylərimiz öz üslublarından rahatlıqla yararlanacaqlar. Amma biraz kreativ, fərqli geyinən orta nəsil ola bilər. Yaşlı nəslin arasında maraqlı, rəngli geyinməyi sevən bəylər var ki, onlar məhz aktual mövzuya toxunmuş olacaqlar. İdman üslubu, retro romantikliyi, bəylərin çox fərqli bir obrazda təqdimatı gedir. Bundan yəqin ki, çox dəb azarkeşləri istifadə edə biləcək. Çünki, həm çox maraqlı, qeyri-adi kəsimlər, həm enli və parıltılı formalar var. Geyimin üzərində hansısa insan simasının geniş portret şəklində olması var. Bunlardan daha çox dəbi sıx şəkildə izləyən və incəsənətə yaxın olan insanlar istifadə edə biləcəklər”.
Modelyer qeyd etdi ki, kişi geyimlərində dəbdə məsumluq obrazı var: “Məsumluq obrazının təqdimatı gedir. Burda şortiklər, şortiklərlə pencəklər, koftalar, trikotajlar var. Bu daha çox gənclik illərinə gedən, cavanlığı, uşaqlığı xatırladan bir üslubdur. Dizaynerlər öz maraqlı fikirlərini irəli sürüblər. Hər bir insan eyni cür geyinməyə bilər və hər kəsin öz seçimi ola bilər. 90-cı illərin rok ulduzlarının geyim tərzi olan “Rock n roll” havası bəylərin geyimində çox aktual olacaq. Burda çox qarışıq rənglər var.”
Könül Əhmədova