Şura Qubada “QHT-KİV münasibətləri: yeni tələblər və əməkdaşlıq modelləri” adlı konfrans keçirib - FOTO

00:58 - 9 Oktyabr 2017 - MEDİA

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Qubada“QHT-KİV münasibətləri: yeni tələblər və əməkdaşlıq modelləri” adlı konfrans keçirib.Konfransda ölkənin nüfuzlu qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak ediblər. Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib ki, QHT-lər cəmiyyətin ən fəal təbəqəsi olaraq ictimai problemlərin həllində, vətəndaş təşəbbüskarlığının təşviqində önəmli rol oynayırlar. F.Qurbanov QHT-lərin həyata keçirdiyi layihələr çərçivəsində görülən işlərin geniş auditoriyaya çatdırılması üçün KİV-lərlə qarşılıqlı faydalı əlaqələrin inkişaf etdirilməsi və effektivliyin artırılmasının zəruri olduğunu vurğulayıb.

İcraçı direktor vətəndaş cəmiyyətinin adları qeyd olunan iki mühüm institutu arasında qarşılıqlı səmərəli əlaqələrin qurulmasının ictimai problemlərin həllində böyük faydasının olduğunu deyib. Fərasət Qurbanov QHT-KİV münasibətlərinin inkişafı üçün Şuranın həyata keçirdiyi tədbirlərin bundan sonra da davam etdiriləcəyini qeyd edib.
Prezident Administrasiyasının məsul əməkdaşı, Şura sədrinin müavini Vüsal Quliyev Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra dövlətin QHT sektorunun formalaşma istiqamətində atdığı ardıcıl addımların əhəmiyyətindən danışıb.V.Quliyev prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası” və “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq olunduğunu və bu sənədlərin məntiqi davamı olaraq, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradıldığını diqqətə çatdırıb. O, həm QHT-lərə, həm də KİV-lərə dövlət dəstəyini rəsmiləşdirən və onların Azərbaycanın siyasi sistemində yerini daha da möhkəmləndirən bu addımların vətəndaş cəmiyyətinin əsaslarının gücləndirilməsinə böyük təkan verdiyini vurğulayb. 
Şura sədrinin müavini QHT-lərin həyata keçirdiyi proqram və layihələr barədə ictimaiyyətin dolğun məlumat alması, habelə yerli səviyyədə problemlərin birgə araşdırılaraq dövlət qurumlarına təqdim edilməsi, sorğu və monitorinqlərin keçirilməsi baxımından KİV-lərlə qarşılıqlı əməkdaşlığın vacib olduğunu deyib.
Şuranın mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud “QHT-KİV münasibətlərində inkişaf meyilləri və yeni tələblər” mövzusunda geniş məruzə ilə çıxış edib. E.Behbud Şuranın QHT-lərin fəaliyyəti ilə bağlı ictimaiyyəti daha intensiv şəkildə məlumatlandırmaq, praktik və nəzəri məsələləri işıqlandırmaq üçün yaradılan media orqanları haqqında danışaraq qeyd edib ki,“Vətəndaş cəmiyyəti” jurnalı 2008-ci ilin oktyabrından etibarən ayda bir dəfə olmaqla nəşr olunur. QHT-lərin tribunasına çevrilən qhtxeber saytı isə 2009-cu ilin iyul ayından isə fəaliyyətə başlayıb.Elməddin Behbud QHT-lərin bilik və bacarıqlarının artırılması üçün Şuranın həyata keçirdiyi davamlı tədbirlərin ictimai birliklərin KİV-lərlə daha səmərəli və peşəkar əsasda əlaqələr qurmasına yardım etdiyini deyib. Məhz bunun nəticəsi olaraq QHT-lərin fəaliyyətinin medaiada işıqlandırılmasının keyfiyyət və kəmiyyət göstəricilərində xeyli irəliləyişlər müşahidə olunur. QHT-lərin media ilə əlaqələrinə diqqət çəkən E. Behbud deyib ki, “QHT-lər tədbirlərini sensasiyaya arxasınca qaçmadan hadisəyə çevirməyə nail olmalıdırlar.Media qurumları fəaliyyəti ictimai aktuallıq kəsb edən ideya və təşəbbüslərlə diqqəti çəkən təşkilatlarla əməkdaşlığa daha çox maraqlı olacaq”.
Mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri bildirib ki, QHT-lər fəaliyyətləri ilə bağlı informasiyalarının KİV-lərdə daha çox yayılması üçün xüsusi strategiyaya malik olmalı, ilk növbədə işə PR menecerlər cəlb olunmalı və özləri üçün ictimaiyyətlə əlaqələr üzrə kadrlar hazırlamağa çalışmalıdırlar.
Konfransda “QHT-KİV münasibətlərində yeni mərhələ: sosial jurnalistika” mövzusunda məruzə ilə çıxış edən lent.az saytının baş redaktoru Qabil Abbasoğlu bildirib ki, müasir jurnalistikanın əsas növlərindən biri də sosial şəbəkələrdir. Hazırki dövrdə sosial media QHT-lər üçün yeni fürsətdir. QHT-lər bu imkandan, yənidaha geniş auditoriyaya çıxış imkanı olan sosial şəbəkələrdən səmərəli və peşəkar şəkildə istifadə etməyi bacarmalıdırlar. Əgər layihə doğrudan da kreativdirsə, maraqlıdırsa, mediaonun barədə məlumatlara təmənnasız olaraq yer ayıracaq.
Şuranın qhtxeber saytının baş redaktoru Sənan Nəcəfov “QHT və KİV üçün sosial şəbəkələrdə PR” mövzusunda geniş təqdimatla çıxış edib.
Diskussiya şəraitində keçən konfransda Şura üzvləri Anar Xəlilov, Emin Həsənli, KİV nümayəndələri Qurban Yaquboğlu, Elşad Məmmədli, Aqil Camal, Zülfüqar Hüseynzadə, Məmməd Gülməmmədov, Seymur Verdizadə, Aqil Ələsgər, QHT rəhbərləri Eynulla Xeyrullayev, Mirhəsən Seyidov, Gülayə Səfərova,Solmaz Əliyeva, Şahin Camalov, Cəsarət Hüseynzadə, Nüşabə Məmmədova, Sevinc Kərimova, Səməd Hətəmov, Məhluqə Rəhimova, Samirə Mustafayeva, Muğamat Əliyev, Mahirə Əmirhüseynova Xanım Əhmədzadə, Elməddin Muradlı, Rəhilə Mehdiyeva, Ədil Ədilzadə, İradə Polad, Nailə İsmayılova, İndira Şəmsivari, Məlahət Abbasova və digər şəxslər mövzu ilə bağlı fikirlər və təkliflərini səsləndiriblər.

 

Elmin


Xəbər xətti