“Hazırda ürək xəstəlikləri ölüm riskinə və əlilliyə görə birinci yerdə durur”

18:18 - 6 Oktyabr 2017 - Cəmiyyət

Nuranə Əliyeva: “Kardioloji xəstəliklərin qarşısını almaq üçün zamanında müayinə olunmaq lazımdır”


Ürək xəstəlikləri deyəsən dəb halını alır. Tez-tez mətbuatda və ətrafımızda kiminsə ürək tutmasından dünyasını dəyişdiyini eşidirik. Yaxud bəzən bunun şahidi elə özümüz oluruq. Küçədə, metroda, avtobusda gedərkən kiminsə qəfil ürək tutmasından dünyasını dəyişdiyini görürük. Əvvəllər ürək tutması əsasən yaşlılar arasında yayılmışdırsa, hazırda cavanlar  arasında da xəstəlik geniş yayılıb. Xəstəliyi yaradan və ən əsası bu qədər yayılmasının səbəbi nədir? 
Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən kardioloq Nuranə Əliyeva bildirdi ki, hazırda ürək xəstəlikləri ölüm riskinə və əlilliyə görə birinci yerdə durur: “Xəstəliklər cavanlaşır. Kardio xəstəliklər tək Azərbaycanda deyil, bütün inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə geniş yayılıb. Bunun səbəbləri tibbə məlumdur. Birinci növbədə bu gen və ondan gələn səbəblərlə bağlıdır. Əgər ailədə bir nəfər bu xəstəlikdən əziyyət çəkirsə, sonrakı nəsillərdə bu mütləq özünü göstərəcək. Ciddi xəstəliklərin səbəbi genetika ilə bağlıdır. İkincisi, sivilizasiya xəstəliklərinə  daxil olan xəstəliklərdən biri də kardio xəstəliklərdi. Sivilzasiya xəstəlikləri dedikdə, sözsüz ki, biz internet şəbəkələrini nəzərdə tuturuq. Fikrimcə, nə qədər ki, internet təkmilləşəcək, nə qədər ki, sosial şəbəklər, proqramlar gənclərin hobbisinə çevriləcək və bunlar nəticədə kardio xəstəliklərə gətirib çıxaracaq. Oturaq həyat tərzi, piylənmə, xolesterin, şüalanma, stress faktorları kardio xəstəliklərə gətirib çıxarır. Şəkərli diabeti də vurğulamaq istəyirəm. Şəkər və ürək xəstələri bir arada olanda, bu, böyük bir risk faktorudur. Şəkərli diabet bildiyimiz kimi müxtəlif xəstəliklərə yol açır. Onlardan biri də kardioloji xəstəliklərdir. Təzyiq xəstəlikləri, təzyiqin dəfələrlə sürətlə qalxması sözsüz ki, kardio xəstəliklərdən yan keçmir”. 

Kardioloq qeyd etdi ki, normal qidalanma sağlamlıq deməkdir: “Ümumiyyətlə, hazırda gündəmdə olan bir şey var- dieta, pəhriz... Pəhriz mən deyərdim ki, bir çox xəstəliklərin sağlamlığıdır, əlacıdır. Yəni, pəhriz dərmansız əlacdır. İnsanların siqaret çəkməsini xüsusi qeyd etmək istəyirəm. Kardioloji xəstəliklərdə siqaretçəkmə qəti qadağandır. Və qidalanmanın normal olması, yəni pəhriz sistemi mütləq olmalıdır. Əgər genetikasında kardio xəstəlik varsa, bu adam mütləq qidalanmasına, siqaret çəkmə və stress atma faktorlarına diqqət etməlidir. Hər bir xəstəlikdə profilaktika mütləq lazımdır. Bu dediyim risk faktorlarına riayət etmək, nəzərdə saxlamaq, mən deyərdim ki, elə profilaktikadır. Mən hər zaman vurğulayıram ki, dostlar kardio profilaktikaya geniş yer ayırın. Və mümkün olsa işdən çıxanda yürüş etməyə də riayət etməliyik”.  

Kardioloqun sözlərinə görə bu xəstəlik geniş yayıldığı üçün, əlamətləri haqqında da çox adam məlumatlıdır: “Mən ilk öncə xəstələrimə bir sual verirəm ki, tənginəfəslik varmı? Ürək döyünmələri ritm pozğunluğu şəklində büruzə verir. Ürək döyünmələri, təzyiqin 140/70-dən yuxarı olması təhlükədən xəbər verir. Yəni, hipertoniyalı insanlarda kardio xəstəliklər baş verir. Ağrının radiasiya etməsi kürəkdə, çiyinlərdə, döş hissəsində yandırıcı, sıxıcı, deşici ağrılarla özünü göstərir... Azərbaycanda insanlar çox güclüdür ki, bu ağrılara dözə bilirlər. Hazırda yanımıza infarkt keçirib gələn xəstələr var. Ona görə də, hər birimiz özümüzə diqqət etməliyik”.

Kardioloq əlavə etdi ki, bu xəstəliyin yaşı artıq məlum deyil: “Əvvəllər yaş qoyardılar ki, xəstəlik qadınlarda bu yaşdan-bu yaşadək, kişilərdə bu yaşdan bu yaşadək baş verir. Amma indi ciddi xəstəliklərin yaşı məlum deyil. Bəc, ilk öncə kardio xəstəliklərdə nələrə diqqət etməliyik? Hazırda aritmiyalar geniş yayılıb ki, mən ona ritm pozğunluğu deyirəm. Bu ritm pozğunluğunun bir sıra növləri var. Əgər bizdə aritmiya varsa, bundan tam olaraq yaxa qurtarmaq olur. Bunu anju vasitəsilə, anesteziyalı və anesteziyasız da etmək mümkündür. Bu uşaqlarda anesteziya ilə olur. Çünki, uşaq biraz tərpənir, hərəkət edir. Amma bu prosedur o qədərdə böyük bir cərrahi müdaxilə deyil. Cərrahi müdaxilə zamanı venadan ürək nahiyəsinə daxil olunur, burada elektrocihaz vasitəsilə arteriogen ocaqlar yandırılır. Azərbaycanda bunun bir nəfər mütəxəssisi var. Mən Azərbaycan və Avropa Kardioloqlar Assosiasiyasının üzvü olaraq da, adi bir vətəndaş olaraq da bunu deyirəm ki, hazırda bunun mütəxəssisi Fərid Əliyevdir. Gəlin zamanında, vaxtında başımıza çarə qılaq ki, sonradan peşman olmayaq. Yəni, biz zamanında adi bir müayinədən keçəndə, həkimə məlum olur ki, hansı xəstəlik var.. Kardioloji xəstəliklərin qarşısını almaq üçün zamanında müayinə olunmaq lazımdır, zamanında kardio profilaktikadan istifadə etmək lazımdır”. 

N.Əliyeva bildirdi ki, gəncləri siqaretdən yayındırımaq lazımdır: “Kardioloqlar Assosiasiyası gəncləri siqaretdən yayındırmaq üçün təlimlər vermək niyyətindədir. Çünki, bu, günün tələbidir. Ən azından insanlar profilaktikanı bilməlidir. Əgər, insanlar vaxtında müayinə olunarsa, profilaktika edilərsə, oturaq həyat tərzində piylənməyə, qidalanmaya diqqət edərsə, yəni xolesterinli məhsullardan istifadə etməzsə, alkoqol və siqaretdən uzaq durarlarsa risk azalar”.
Sonda kardioloq tövsiyyə etdi ki, insanlar ən əsası qidalanmalarına diqqət eləsinlər.


Könül Əhmədova

Xəbər xətti