“Son zamanlar Azərbaycan dilinin normalarının pozulması tendensiya halını alıb. Azərbaycan hökuməti dilin normalarının qorunması üçün addımlar atır”.
“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda keçirilən tədbirdə deyib.
Prezidentin köməkçisi qeyd edib ki, burada təkcə KİV-in deyil, hər kəsin məsuliyyəti var: “Burada təkcə televiziyaları günahlandırmaq olmaz. Çünki televiziya aparıcısı o yerə gələnə qədər xeyli mərhələdən keçib. Yəni, ailə, təhsil burada mühüm rol oynayır. Azərbaycan dilini yaşada biləcək bir toplum var, o da Azərbaycan vətəndaşlarıdır. Biz çox istərdik ki, aparıcılar savadlı olsunlar. Bununla yanaşı aparıcların görünüşlü olması da yaxşı haldır”.
Ə.Həsənov bildirib ki, son 10 ildə Azərbaycanda süni reytrinq arxasınca qaçma da bu işdə rol oynayıb: “Bu cür müzakirələrlə neqativ halların qarşısını almağa çalışırıq. Televiziya və KİV rəhbərləri məsuliyyətlərini dərk etməlidirlər. Çünki nümunələri onlar təqdim edirlər. Elə insanlar nümunə göstərmək lazımdır ki, onlar Azərbacan xalqını təmsil etmək iqtidarına malik olsun”.
Prezidentin köməkçisi KİV-də ixtisaslaşma məsələsinə də diqqət çəkib: “Bəzən olur ki, idmandan yazan jurnalisti tibb sahəsi ilə bağlı tədbirə göndərirlər. İdmandan yazan jurnalist həmin tədbirdən hansı materialı hazırlaya bilər ki?!”