Son günlər yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin və Abşeron rayonunun bəzi ərazilərində fərdi yaşayış evləri və həyətyanı sahələr, digər obyektlər və onların ətrafı yağış suları ilə dolub. Yağan yağışlarla əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə vətəndaşlardan çoxsaylı müraciətlər daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a bildirilib ki, görülən operativ və təxirəsalınmaz tədbirlər çərçivəsində vətəndaş müraciətlərinin aidiyyətı dövlət qurumlarına, o cümlədən rayon icra hakimiyyətlərinə və “Azərsu” ASC-ə ötürülməsi və FHN-in müvafiq xilasetmə qüvvələrinin yağıntı suları ilə dolmuş ərazilərə cəlb olunması həyata keçirilib.
Oktyabrın 4-də gecə saatlarında Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri Bakı şəhərinin Binəqədi rayonu ərazisində müxtəlif ünvanlarda həyətyanı sahələrinin yağış suları ilə dolması səbəbindən köməksiz vəziyyətdə qalmış 25 nəfəri təhlükəsiz yerlərə təxliyə ediblər.
Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülkü müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın müxtəlif rayonlarında suçəkmə işlərinə cəlb olunub. Hazırda Bakı şəhərinin Binəqədi, Sabunçu rayonlarında və Abşeron rayonu ərazisində Fövqəladə Hallar Nazirliyinin 70 nəfər şəxsi heyəti və 17 ədəd texnikası suçəkmə işlərini davam etdirir.