Bir evin 3 nəfərə satılması nəticəsində 50 min manatdan çox ziyana düşən vətəndaş probleminin istintaqda düzgün araşdırılmamasından şikayətçidir. “Qafqazinfo”ya müraciət edən Masallı rayon sakini Mais Məmmədov bildirib ki, o, istintaqda da, məhkəmədə də pulu başqa adam verdiyini desə də, həmin şəxs azadlıqda qalıb, digər bir şəxs bu işə görə həbs edilib. M.Məmmədov isə həbs edilən şəxsə pul vermədiyini deyir.
Belə ki, M.Məmmədov qeyd edib ki, 2015-ci ildə ev almaq üçün Əhmədli metrostansiyansının çıxışında ofisləri olan maklerlər Sona və Teymura müraciət edib: “Onlar məni “ANT-E” şirkətinə aparıb bir mənzili 49 minə dedilər, 48-ə razılaşdıq. Mən evin sahibini soruşanda Sona dedi ki, evə dair bütün hüquqlar ona verilib. Aprelin 11-də bankdan pulu çıxarıb şirkətin ofisinə getdim. “ANT-E” şirkətinin direktoru Əkbər Cəfərova mənzili addan-ada keçirtmək üçün 4500 manat verdim. Orada bir kişi vardı, Məmmədov Vələddin Sarı oğlu, Sona həmin adamı mənə evin sahibi kimi təqdim etdi və pulu ona verməyimi istədi. Mən də mənzilin pulunu ona verdim. Mənə çıxarış verdilər, 20 gün sonra məhkəmə qərarı gəldi ki, ev başqasınındır. Həmin ərəfədə Əkbər Cəfərov həbs edildi, məni də o iş üzrə zərərçəkən kimi tanıdılar”.
M.Məmmədovun sözlərinə görə, V.Məmmədov özü aldadılsa da, onu aldatmaqla vəziyyətdən çıxa bilib: “Sonradan bildim ki, Vələddin Məmmədov da aldadılıb, amma maklerlərlə əlbir olub itirdiyi pulu mənim vasitəmlə qaytarıb. Mən o pulu 26 ilə yığmışdım. İndi Vələddinə deyirəm pulu qaytar, deyir mən o pulu tək yeməmişəm. Əkbər Cəfərov da pulu almadığını deyir. Ev isə indi Gülnarə Hüseynovadadır, bu evi 2006-cı ildə alıbmış”.
M.Məmmədov pulu Ə.Cəfərova deyil, V.Məmmədovu verdiyi üçün ondan tələb etdiyini deyib: “Bu işlə bağlı 11 dövlət qurumuna müraciət etmişəm, amma şikayətim düzgün araşdırılmır. Mən Əkbərə yalnız 4500 manat vermişəm. Qalan pulu iş adamı olan Vələddin Məmmədovdan tələb edirəm. Sona ilə Teymur da vasitəçi olublar. Vələddin də heç kimdən qorxmadığını deyir. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin müstəntiqi Valeh Quliyev isə pulu məndən Əkbərin aldığını yazıb. O, nə olduğunu bilmədiyim 3-4 sənədə qol çəkdirdi. İndi də məhkəməyə 6 dəfə ərizə vermişəm ki, pulu Əkbərə yox, Vələddinə vermişəm. Yenə də buna əhəmiyyət verilmir”.
Qeyd edək ki, Ə.Cəfərovun təqsirləndirildiyi cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun icraatındadır. Dövlət ittihamçısı çıxış edərək Ə.Cəfərovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.