Aydan Talıbova: “Biz uşaqları nə iləsə qorxutmalı, şantaj etməli deyilik”
Kənan Qarayev: “Valideyn gün ərzində minumum 40-45 dəqiqə uşaqla fərdi söhbət aparmalıdır”
Cəmiyyətin formalaşması və inkişafı uşaqların tərbiyəsindən asılıdır. Necə deyərlər, uşaqlar bizim gələcəyimizdir. Bəs görəsən, biz uşaqları gələcəyə düzgün şəkildə hazırlaya bilirikmi? Düzgün tərbiyə metodundan istifadə edirikmi? Bəzi valideynlər uşağı qorxutmaq, onu hansısa bir işdən çəkindirmək, cəzalandırmaq, yaxud "olmaz"ı başa salmaq üçün müxtəlif "tərbiyə” və cəzalandırma üsullarından istifadə edirlər. Məsələn, “xoxan gələcək”, “filan xala sənə iynə vuracaq” kimi ifadələr işlədərək "tərbiyə" edirlər.
Uşaq psixoloqu Aydan Talıbova bildirdi ki, hazırda cəmiyyətimizdə valideynlərin çoxu uşaqları cəzalandırma metodunu düzgün şəkildə yerinə yetirə bilmir: “Məsələn, tək ayaq üstə qal, "ağ paltarlı kişi gələcək", "xoxan gələcək", "sənin anan olmayacam", "səni qoyub gedəcəm", "uşaq evinə verəcəm" və s. bunlar hamısı sovet dövrünün metodikası idi. İndiki dövrdə uşaqlara bunlar keçmir. Çünki o vaxtı indiki kimi təxəyyül inkişaf etdirici cizgi filmləri, oyunlar yox idi. Ona görə, o vaxtı müəyyən yaşdan sonra valideynlər uşaqlarla daha yaxşı məşğul ola bilirdilər. İndi isə təxəyyülü inkişaf etdirən cizgi filmləri olduğundan, uşaqlar artıq onun real olmadığını başa düşürlər. Uşaq deyir ki, cizgi filmində qara paltarlı kişi var idi, gəldi uşağı belə apardı. Artıq özü üçün bir təxəyyül dünyası yaradır. Valideynlər bundan çıxış yolu kimi istifadə eləməsinlər. İrəli zamanlarda uşaqlarda itirmə qorxusu, həyəcan, təşviş pozuntusu, özgüvənsizlik yarana bilər. Yəni, bunlar kimi psixoloji narahatlıqlara səbəb ola bilər”.
A.Talıbovanın sözlərinə görə, valideynlər cəzalandırma metodu kimi daha çox şantaj, qorxu yox, “üç etaplı behevral” (davranışsal) terapiyanı tətbiq etməlidirlər. Orda əsas metodika cəza-mükafatlandırma gedir: “Biz orada uşaqları cəzalandırırıq və mükafat vermə zamanını da, bəlli edirik. Yəni, uşağa nə həmişə cəza vermək, nə də müsbət tərəfdən “afərin”, “afərin” demək olmaz. Çünki uşağın birinci özünü tənqidi, özünü məsuliyyəti də olmalıdır. Buna görə də, bu iki metodun ikisini də, uşaqların üzərində tətbiq etməliyik ki, nəsə bir nəticəyə gəlib çata bilək. Onun üçün də, valideynlər onu çıxış yolu kimi görürlər”.
Psixoloq əlavə etdi ki, elə uşaqlar var ki, üç yaşı var, amma beş yaşındakı uşaq kimi düşünüb, danışa bilir. Məsələn, valideyn ona deyir ki, xoxan gələcək, uşaq isə cavabında deyir ki, ümumiyyətlə, xoxan filan yoxdu: “Yəni, artıq valideynin dediyi yerə düşmüş sayılır. Onun üçün də, evdə statuslar, valideyn-uşaq münasibəti dəyişir. Uşaq valideyn olur, valideyn olur onun uşağı. Beləliklə də, buna daha çox diqqət etmək lazımdır. Cəzalandırma metodunda biz daha çox həssas olmalıyıq ki, uşaqda daha çox psixoloji narahatlıqlar ortaya çıxmasın. Məsələn, valideyn var ki, uşağa deyir, "səni aparıb uşaq evinə qoyacam", yaxud, "sənin anan olmayacam". Bu kimi fikirlər uşağa çox pis təsir göstərir. Uşaq fikirləşir ki, məni ora qoysalar, orda məni döyəcəklər. Yaxud, ana deyir ki, mən öləcəm, sənin atan sənə ögey ana gətirəcək. O, səni hər gün vuracaq, döyəcək, saçını yolacaq, yemək verməyəcək. Digər bir nümunə, valideyn deyir ki, qoy axşam atan evə gəlsin, deyəcəm ki, səni döysün, yaxud ,səni qaranlıq bir otağa salsın, səni qapıdan çöldə qoyacaq bizlə qalmayacaqsan. Artıq uşaq nə evdə tək qalmayacaq, nə valideynlə otaqda tək qalmayacaq. Sonra aparıb uşağı məktəbə qoyanda valideynlər gileylənir ki, uşaq sinifdə, dərsdə oturmur, yaxud bağçada qalmır. Niyə? Səbəbi elə valideyndir. Uşağa deyib ki, səni qoyub gedəcəm. Deməli, bunların kökündə itirmə qorxusu dayanır. Bunlar düzgün metodika deyil. Yəni, biz uşaqları nə iləsə qorxutmalı, şantaj etməli deyilik. Ona görə də, bunları vaxtında korreksiya etməliyik. Əgər biz bir səhvə yol vermişiksə və bu səhvi özümüz düzəldə bilmiriksə, mütləq şəkildə mütəxəssisə müraciət etməliyik ki, uşaqda irəlidə fobiya dediyimiz psixoloji narahatçılıq yaranmasın. Yəni, bu fobiyaya qədərki dönəm həyəcan-təşviş pozuntusu, stressə davamsızlıq kimi özünü göstərir. Artıq, bir şeylər davamlı olaraq təkrar olunduqda, uşağın qanına hopmağa başlayır. Və o konkret fobiyaya çevrilir. Ona görə də, biz uşaqlıq dövründə daha çox diqqətli olmalıyıq”.
A.Talıbova qeyd etdi ki, valideynlərimiz həddən artıq səbrsizdilər: “Uşaq ağlamasın, səsini çıxarmasın deyə onlara müəyyən qorxular, vədlər, şantajlar edə bilirlər. Yəni, bu doğru üsul deyil. Psixologiyada qorxutmaq və şantaj eləmək, uşağı döymək qəti qadağadır. Hazırda bizdə uşaqlar üçün xüsusi metodikalar var. Biz həmişə valideynlərə deyirik ki, gəlin, dəstək alın. Yəni, bu o demək deyil ki, siz uşağınızı ömrünün axırınadək psixoloqa gətirəcəksiz. Xeyr, hər bir uşağın psixoloji narahatçılığına uyğun bir şəkildə müəyyən terapi müddəti var. Terapi müddətini təyin edirik, terapini keçirik, bundan sonra artıq biz o metodikanı sizə öyrədirik. Və siz artıq uşağınızın xarakterik xüsusiyyətinin nə olduğunu, necə davranacağınızı bilirsiniz”.
Pediatr Kənan Qarayev bildirdi ki, bütün yaşlarda olan uşaqları qorxu, təzyiqlə bir şeylərdən çəkindirmək, qadağalar qoymaq düzgün deyil: “Tutaq ki, uşağı valideyn hər hansı bir məşğuliyyətdən yayındırmaq istəyir. Bunu mükafatlandırmaqla etməlidir. Yerinə sidik qaçırdan uşaqlar var. Valideyn onları qorxudur ki, bunu etsən səni həkimə aparacam, iynə vuracaqlar. Bu halda mükafatlandırma ilə görülən işlər daha gözəl effektini verir. Məsələn, əcnəbi uşaqlar bizim yanımıza gələndə bilirlər ki, həkim onlara niyə lazımdır, ona görə də, rahat şəkildə gəlirlər. Biz onlara lazım olan prosedurları edirik. Amma bizdə valideynlərin bir çox qismi uşaqları qorxutduğu üçün uşaqlar həkimə gələ bilmirlər. Yaxud qorxu, fobiya, gərginliklə gəlirlər ki, biz də bu sahədə çox əziyyət çəkirik”.
K.Qarayevin sözlərinə görə, insan şüuru elə formadadır ki, bir şeyi iki-üç həftə, yəni 14-21 gün ona xatırlatmaqla, beyninə həkk elətdirə bilərik: “Amma valideynlər səbrsiz davranırlar, “bir-iki dəfə dedim amma nəticə yoxdur” deyirlər. Amma səbrli şəkildə, dediyimiz vaxt ərzində bunu edərlərsə, "olmaz" ifadəsinin açıqlamasını normal şəkildə verərlərsə, onda uşaqlar bunu rahat şəkildə yerinə yetirə bilərlər. Yaxud da, uşaqların yaşına uyğun olmayan cizgi filmlərinin izlənməsi uşaqların aqressiv, fobiyalar, qorxu içərisində böyüməsinə şərait yaradır. Valideynlər bunları da kontrol içində tutmalıdırlar. Valideyn öz işi ilə məşğul olur, telefonu uşağın əlinə verir. Heç bilmir ki, uşaq orda nəyə baxır. Daha sonra ana uşağa hiperaktiv, gərginlik diaqnozu qoyur. Deyir ki, uşağım başını divara vurur, göydə uçur və s. Bunlar uyğun olmayan cizgi filmlərin və filmlərin uşağa verdiyi fəsadlardır”.
K.Qarayevin fikrincə, ən gözəl tövsiyyə odur ki, valideynlərdən biri gün ərzində minumum 40-45 dəqiqə uşaqla fərdi söhbət aparmalıdır: “Həmçinin, uşağın oyunlarını birlikdə oynamalı, "olmaz" ifadəsini bunun içərisində, açıqlamalar verərək başa salmalıdır. Ancaq uşağın səsi çıxmasın, səsini kəssin deyə tək şəkildə oyunlara baxması düzgün olmayan bir yoldur”.
Könül Əhmədova