“Azərbaycanın 20 faiz torpaqlarının Ermənistan tərəfindən davam edən işğalı olmasaydı, 1 milyondan artıq insan xüsusi qayğıya və sosial müdafiəyə ehtiyacı olan qaçqın və məcburi köçkünə çevrilməsəydi, əldə edilmiş sosial-iqtisadi nailiyyətlər daha yüksək olardı. BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı 4 qətnaməsinə baxmayaraq, hələ də həll olunmamış hərbi münaqişə nəinki bizim ölkənin, bütün regionun iqtisadi inkişafına təsir göstərir. Fikrimcə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə, habelə BƏT-in bir çox strateji məqsədlərinə çatmaqda maneə olan bu kimi problemlərin həlli dünya birliyindən daha böyük səylərin göstərilməsini tələb edir”
Türkiyə Respublikasının İstanbul şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) 10-cu Avropa Regional İclası keçirilir. Avropa və Mərkəzi Asiya ölkələrindən hökumət, işəgötürən və işçilərin nümayəndələrinin iştirak etdiyi Tədbir BƏT-in Baş direktoru Qay Rayderin “Avropada və Mərkəzi Asiyada layiqli əməyin gələcəyi: imkanlar və çağırışlar” mövzusunda hesabat məruzəsinin dinlənilməsi və məruzə ətrafında müzakirələrin aparılması ilə başlayıb.
İclasda Azərbaycan Respublikasının nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri cənab Səlim Müslümov çıxış edib. O, BƏT-in Baş direktoru Qay Rayderin sosial inkişafın dəstəklənməsinə və layiqli əmək konsepsiyasının reallaşdırılmasına yönəlmiş məsələləri əhatə edən məruzəsinin Təşkilatın hazırkı və gələcək fəaliyyətinin başlıca mövqeyini bir daha təsdiqlədiyini vurğulayıb.
Nazir diqqətə çatdırıb ki, Azərbaycanda innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, əmək məhsuldarlığının artırılması, əhalinin sosial rifahının yüksəldilməsi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasətinin əsas strateji hədəfləridir: “Müasir yanaşmalar və milli iqtisadi prioritetlər əsasında mükəmməl islahatlar konsepsiyasının reallaşdırılması nəticəsində Azərbaycan son illərdə yüksək inkişaf templərinə görə dünyanın lider dövlətləri arasında olmuşdur. Davos Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan Respublikası daha iki pillə irəliləyərək iqtisadiyyatın rəqabətə davamlılığına görə dünya ölkələri sırasında 35-ci yerdə qərarlaşmışdır.”
Sahibkarlığın inkişafını təmin edən iqtisadiyyatın liberallaşdırılması və digər iqtisadi münasibətlərin tənzimlənməsi nəticəsində son 10 il ərzində ölkəmizdə Ümumi Daxili Məhsulun 3 dəfədən çox artdığını qeyd edən S.Müslümov bu dövrdə respublikamızda 1,6 milyondan artıq yeni iş yeri yaradıldığını, əhalinin gəlirlərinin 4,5 dəfə, minimum əmək haqqının 2,9 dəfə, orta aylıq əmək haqqının 3,4 dəfə artdığını, işsizlik və yoxsulluğun 5 faiz səviyyəsində saxlanıldığını bildirib: “Makroiqtisadi stabillik və iqtisadi nailiyyətlər Hökumətə əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönələn siyasi məqsədləri reallaşdırmağa imkan yaratmışdır. Əgər təkcə ideya deyil, həm də onun həyata keçirilməsi üçün zəruri olan ictimai dəstək olmasaydı, bu nailiyyətlər əldə edilə bilməzdi”.
Nazir bildirib ki, bu siyasət ilk növbədə sosial müdafiə tədbirlərində əhatəliliyin və ünvanlılığın təmin edilməsinə, əmək və sosial təminat sahəsində sürətli, rahat və şəffaf dövlət xidmətlərinə geniş çıxış imkanlarının yaradılmasına, sosial xidmətlərin təqdim edilməsində innovativ texnologiyaların tətbiqinə və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə əsaslanır. Bütün bu məqsədlər gələcək illərdə Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətiliyinin artırılmasını və yüksək insan kapitalının inkişafını təmin edəcək “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” və sosial yönümlü dövlət proqramları çərçivəsində reallaşdırılır.
Nazir növbəti ildə Azərbaycanda keçiriləcək Dayanıqlı İnkişaf Məqsədlərinin 8-ci məqsədinin icrasına dair beynəlxalq konfransda BƏT-in Baş Direktoru cənab Qay Rayderin iştirakının da nəzərdə tutulduğunu bildirib.
S.Müslümov Azərbaycanın özünüməşğulluq tədbirlərinin həyata keçirilməsi sahəsində təcrübəsinin region ölkələri üçün BƏT tərəfindən ən yaxşı nümunə kimi göstərildiyini vurğulayıb: “Azərbaycanın əmək, məşğulluq və sosial müdafiə sahəsində dünyanın ən nüfuzlu təşkilatı olan BƏT-in siyasətini müəyyən edən bir orqanda təmsil olunmaq hüququ qazanması ölkəmizdə sosial-iqtisadi sahədə aparılan uğurlu islahatlara beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətin növbəti təzahürüdür”.
Sosial təhlükəsizliyin sosial hüquqların inkişafını şərtləndirən əsas amillərdən biri olduğunu qeyd edən nazir bildirib ki, bu baxımdan həll olunmamış hərbi münaqişələr, terrorizm təhlükəsi nəinki ayrı-ayrı ölkələrin, bütövlükdə dünya birliyinin sosial inkişaf imkanlarını məhdudlaşdırır: “Belə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın 20% torpaqlarının Ermənistan tərəfindən davam edən işğalı olmasaydı, 1 milyondan artıq insan xüsusi qayğıya və sosial müdafiəyə ehtiyacı olan qaçqın və məcburi köçkünə çevrilməsəydi, əldə edilmiş sosial-iqtisadi nailiyyətlər daha yüksək olardı. BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı 4 qətnaməsinə baxmayaraq, hələ də həll olunmamış hərbi münaqişə nəinki bizim ölkənin, bütün regionun iqtisadi inkişafına təsir göstərir. Fikrimcə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə, habelə BƏT-in bir çox strateji məqsədlərinə çatmaqda maneə olan bu kimi problemlərin həlli dünya birliyindən daha böyük səylərin göstərilməsini tələb edir”.
S.Müslümov ölkəmizdə növbəti inkişaf mərhələsində də sosial yönümlü inkişafa daha çox üstünlük veriləcəyini vurğulayıb: “Bu gün qloballaşma proseslərinin necə şərh edilməsindən asılı olmayaraq, biz vədlərimizin icrası ilə bağlı mənəvi məsuliyyət daşıyırıq və bu bizdən əmək sahəsindəki başlıca hüquq və prinsiplərin reallaşdırılmasını, layiqli əməyin təmin edilməsinə yönəldilmiş yeni qərarların qəbul edilməsini tələb edir”. Nazir BƏT-in Baş Direktorun məruzəsində əks olunan əsas problemlərin milli prioritetlər və BƏT-in müvafiq normaları əsasında həlli üçün bu Təşkilatla əməkdaşlığın gücləndirilməsinin hər bir ölkə üçün əhəmiyyətini və zərurətini qeyd edib.