Bu gün saat 10 radələrində Yasamal rayonundakı yataqxanaların birinin 3-cü mərtəbəsində baş verən yanğın zamanı polis əməkdaşı xəsarət alıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin aidiyyatı qurumları və polis əməkdaşları hadisə yerinə gəliblər. Yataqxanadakı sakinlərin yanğından xilas edilməsi məqsədi ilə təxirəsalınmaz tədbirlər görülüb.
Bina sakinlərinin təxliyyəsi zamanı yanğınsöndürənlərlə birlikdə olan Əlahiddə Çevik Polis Alayının manqa komandiri, polis baş serjantı Tural Əliyev tüstüdən zəhərlənərək 1 saylı Şəhər Kliniki Xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdirilib. Polis baş serjantı T.Əliyevə tibbi yardım göstərilib. Onun vəziyyəti normaldır, hal-hazırda həmin xəstəxanada müalicəsi davam etdirilir.