Bakı və Sumqayıt şəhərlərində saxta məktəbli geyimləri aşkar edilib

12:51 - 6 Sentyabr 2017 - ÖLKƏ İÇİ

Bakı və Sumqayıt şəhərlərində saxta məktəbli geyimləri aşkar edilib. Bu barədə Trend-ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib. Komitə tərəfindən “Bakı Tikiş Evi” ASC-nin rəsmi müraciəti əsasında Bakı və Sumqayıt şəhərlərində məktəbli geyimlərinin satışının vəziyyəti araşdırılıb. Müəyyən olunub ki, istehlak bazarında bir sahibkara məxsus əmtəə nişanınından digəri (və ya digərləri) qanunsuz istifadə etməklə mənşəyi məlum olmayan parçalardan hazırlanan məktəbli geyimlərinin satışı həyata keçirilir.

Belə ki, Bakı şəhəri, Nizami rayonu 8-ci kilometr qəsəbəsində yerləşən ticarət mərkəzlərində, həmçinin “Sədərək”, “Binə” və “Karvan” ticarət mərkəzlərində yerləşən mağazalarda, Sumqayıt şəhəri, 30-cu məhəllədə “Mələk” və 40-cı məhəllədə yerləşən “Pompey” ticarət mərkəzlərində “Bakı Tikiş Evi” ASC-yə məxsus “BTE” əmtəə nişanından qanunsuz istifadə edilərək, mənşəyi bilinməyən parçalardan tikilmiş külli miqdarda məktəbli geyimlərinin satıldığı aşkar olunub.

Əmtəə nişanının saxtalaşdırılması yolu ilə nişan üzərində müstəsna hüquq sahibi olan sahibkarın hüquqlarını pozmaqla istehlakçıların çaşdırılmasına və bazara mənşəyi məlum olmayan malları çıxardığına görə satış obyektlərinin sahiblərinə xəbərdarlıq edilib. Həmçinin məhsulların keyfiyyətinin standarta uyğunluğunu müəyyən etmək məqsədilə adıçəkilən ünvanlardan götürülmüş nümunələr sınaqların aparılması üçün Azərbaycan Standartlaşdırma İnstitutunun laboratoriyasına təqdim edilib. Laboratoriya sınaqlarının nəticələri barədə əlavə məlumat veriləcəkdir. Həmçinin saxta məktəbli geyimlərini istehsal edən sexin aşkar olunması istiqamətində müvafiq işlər görülür.

Bunu əsas götürərək valideynlərə tövsiyyə edirik ki, insan həyatı və sağlamlığının qorunması, isteklakçıların qanuni maraqlarının təmin edilməsi və aldadılmaması, həmçinin keyfiyyəti təsdiq edilməyən saxta geyimlərin qarşısının alınması məqsədilə yalnız sertifikatlaşdırılmış malları alsınlar. Bu, həm övladlarınızın sağlam inkişafına, həm də istehlak bazarında müəyyən olunan saxtakarlığın qarşısının alınmasına xidmət edəcək.

Xəbər xətti